Tabu: Lənət olsun ona! O, zındıq, məlun, şeytan idi! Allahın
düşmənlərindən olub. Quranda elələri haqqında “nəcis” sözü
işlənir.
Ağa: Qəhrəmandır, amma kafir və zındıq deyil, Abbasilərə qarşı
vuruşurdu, islama qarşı yox
Ravi: Sən o kafiri zəlalətdə olduğumuz çağlarda Allahın kəlamını
bizə çatdıran müsəlmanlarla vuruşduğuna görəmi qəhrəman
adlandırırsan?
İftixar: Babək öz xalqını, torpağını və ideallarını sonacan qoruyan
ünlü qəhrəmandır.
Bilirsiniz necədir?‐ Cahandar Bayoğlu öz fikrini dedi:
‐ Babək Azərbaycanda ərəblərin anasını ağladıb. Xilafətin
altı ordusunun burnunu ovub, Həmədandan Göyçəyəcən bütöv
ulus yaradıb, o boyda Abbasilər sülaləsini suquta aparıb, qanını
101
üzünə çəkib çıxıb ölümün qabağına. Əşi, özünə gülür onu
bəyənməyən... Bəy dediyin nədir, bəyənmədiyin nə? Hələ də qovur
yadları Azərbaycandan.
“Elədir, abi, elədir”‐ onunla razılaşdım və www.canlan.ma
saytından moderatorun ikinci sualını oxudum: “Babək ad idi,
yoxsa titul?”
Nə cavab veriblər?‐ qırmızı qalstukunu açıb təzədən
bağlayan Azinin gönünə yavaş‐yavaş isti keçirdi.
Tabu: Mən ona Bobik deyirəm! Bobik Allahın halal nemətlərinə
arxa çevirərək iyrənc xürrəmilər hərəkatını və adətlərini yaymağa
başlayıb.
Ağa: Babək fars mənşəli “Papak” sözünün ərəbcə yazılışıdır.
Ravi: Babəkin əsl adı imamlarımızdan gəlirdi, Həsən idi.
İftixar: Xilafət müsəlmanları özlərinə və başqalarına təzə ad
qoyurdular. “Həsən” ona ərəblərin qoyduğu ad idi.
Sən nə fikirləşirsən?‐ Cahandar mənim rəyimi soruşdu.
‐ Düzü, abi, Babəkin adı hamını dolaşdırır. Ermənilər onu
“Baban” çağırırlar, adı ərəb mənşəli deyil, bizim dilimizdə “a”
səsi uzadılmır, farslarsa “Papak” deyirlər. Farsların aləmində o,
özünü Sasani çarı Ərdəşir Papakanla eyniləşdirib. Mən iki səbəbə
görə bu ehtimalı ciddi saymıram. Tarixi sən məndən yaxşı
bilirsən, Babək yoxsul ailədə doğulmuşdu, Sasani şahının adına
iddia eləyən baldırıaçığa el deyərdi ki, arpası artıq düşüb. Bir
yana baxanda da, xürrəmliyin mayasındakı maniçilik dövlət
institutuna qarşı çıxırdı. Babəkin ulusu ilə liberal demokratiyanın
yaradıcılarından olan Skandinaviya vikinqləri, mənim aləmimdə
bir almadırlar abi, ikiyə bölmüşəm, meyvənin saplağı da anti‐
dövlətçilikdir. Xatırlayırsansa, onu tabe olmağa çağıran oğluna
Babək “mən rəisəm” demişdi. Onun rəislik titulu necəydi? O,
sənin sözün olmasın, bir ağzı Həmədanda, bir ağzı Göyçədə olan
bir ulusun iqtisadi, siyasi, hərbi və mənəvi lideri idi, ancaq şah,
xaqan, əmir, imperator, kral titulları daşımırdı. Lider ola, onun
titulu olmaya? Onun titulu Baş Bəy idi, abi, Baş Bəy!
102
‐ Bəs “Ş” hara yoxa çıxdı?
‐ Əməviləri qəbul edən və ulduzları Abbasilərlə
barışmayan kürdlər şeytanın baş hərfi olduğundan həmin səsi
tələffüz etmirdilər.
Bəs, Babək özü hansı dildə danışırdı?‐ Azin forumun
növbəti sualını uzaqdan ”oxudu”.
Tabu: Kürdcə danışırdı, nəbaticə mahnı oxuyurdu.
Ağa: Farsca danışırdı.
Ravi: Babəki gah Ərdəbilli edirsiniz, gah Mədainli, gah Xorasanlı.
Niyə Babəkin talış olduğunu etiraf eləmək istəmirsiniz?
İftixar: Babəkin üzbəüz söhbət elədiyi adam Afşin və Səhl
Sumbatdır. Səhl Sumbatın qohumu deyildisə, deməli, türk idi.
Türk idi, xalis türk idi, ‐ Cahandar bəy tarixə getdi:
‐ Onlara qonaq düşən Cavidan Babəkin biliyini
yoxlayanda oğlanın iranlıların dilində qırıq‐qırıq danışdığına
şahid olması barədə kitablar yazıb. IX yüzildə Babəkin yaşadığı
coğrafiyada üç əsas dil vardı‐ ərəblərin, iranlıların və turanlıların
dilləri. Xəlifə Mötəsimin ona tərcüməçi vasitəsi ilə sual verdiyi
bəllidir. İranlıların da dilində qırıq‐qırıq danışdığından...
Zəng gəldiyindən sözünü tamamlamadı, bilgisayarın
arxasından qalxıb pəncərənin qabağına keçdi. Yerində Azin gəlib
əyləşdi və qabaqlaşdığı ilk sual belə oldu: “Babəkin atası kim
idi?”
Tabu: Babəkin atası Mədain nəbatisi olan yağsatan Abdulla idi. O,
Ərdəbil yaxınlığında yağ satarkən gələcəkdə Babəki doğacaq
qadınla‐ Bəruməndlə tanış olmuşdu. Bəruməndə nəbati dilində
mahnı oxuyanda su gətirməyə gedən kənd arvadları onları
görmüşdülər. Abdullah qaçmış, Bərumənd isə kəndə qayıtmışdı,
sonradan evlənmişdilər.
Ağa: Atası Mətər, yaxud Mərdəs adlı dilənçi olub.
Ravi: Hamınız səhv edirsiniz, Babək soylu insan idi. Əməviləri
yıxan Əbu Müslümün nəvəsiydi.
İftixar: Babək Azərbaycanın oğlu idi.
103
Xürrəm: Xorasan türkü və tarixin adsız qəhrəmanlarından idi.
Onun atası Cavidanın döyüşçüsü olmuşdu. Ərəblər onu basqında
öldürmüş, Cavidan Bilalabad kəndinə onun ailəsinə başsağlığı
verməyə gəlmişdi.
Babəkin anası kim idi: avam kəndli qadın, dindar yoxsa
fahişə?‐ sual forumda qəsdən köntöy qoyulmuşdu.
Tabu: Bobikin fahişə anasının adı Bəruməndiydi.
Ağa: Anasının adı Mehriydi və atəşpərəstiydi.
Ravi: Fatma! Əməvilərin hakimiyyətinə son qoyan üsyançı Əbu
Muslimin qızı!
İftixar: Anası sadə bir Azərbaycan qadınıydı.
Xürrəm: Börümən varlı ailələrin uşaqlarına süd analığı edərdi,
fahişəyə uşaq əmizdirməzlər!
Ən mübahisəli məsələlərdən biri “xürrəm” sözünün
mənşəyi ilə bağlıdır‐ moderator mübahisəni canlandırmağa nail
olmuşdu‐ “Xürrəm” nə deməkdir?
Tabu: Həramilərə, quldurlara verilən addır.
Ağa: İranda yaşayış məskənidir.
Ravi: Deyirlər, Məzdəkin arvadının adıdır...
İftixar: “Şən”, “şad” mənasında işlənir.
Xürrəm: “Gün işığı” deməkdir.
Moderator soruşurdu: Bəbəkin qalasına sahib çıxdığı
Cavidan kim olub?
Tabu: Babəkdən qabaqkı zındıq!
Ağa: Fars və atəşpərəst idi.
Ravi: Yerli feodal idi.
İftixar: Xürrəm sektasına başçılıq edirdi.
Xürrəm, yaz,‐ dedim:
‐ Onun qaynaqlardakı tam adı Cavidan Sührəkdir. Səid
Nəfisi farsca “Sührək” adı olmadığını boynuna alır. Sührəkin
təhrif olunmuş türk sözüdür. Cavidan farsca “əbədi zaman”
deməkdir. Sührəkin üçüncü səsini tələffüz etməsəniz, eyni anlamı
104
verən “sürək” sözünü ağzınızdan qaçırdacaqsınız. Cavidan
sürəkli yaşama inan sektanın lideri idi.
Cavidanın arvadı ona vurulmasaydı,‐ moderator yaman
tərs suallar verirdi ‐ Babək xürrəmilərin lideri seçilərdimi?
Tabu: Cavidanın arvadı kəsdiyi oğlana ərə getməyin dərdindən
özündən vəsiyyət uydurmuşdu. Saxta vəsiyyətlə hakimiyyətə
gələn necə xalq qəhrəmanı ola bilər?
Ağa: Babəkin lider seçilməsi göylərin rizasıydı. Allah
imamlarımızın qisasını onu başa çıxartmaqla aldı.
Ravi: Bəyəm tarixdə atasını, qardaşını öldürüb padşah olanlar
azdır? Onların yanında saxta vəsiyyətlə hakimiyyətə gələnin
ayağını yuyub, suyunu içmək olar.
İftixar:
Görəsən,
Xədicə
ilə
evlənməsəydi
Məhəmmədə
peyğəmbərlik gəlməyəcəkdimi?
Xürrəm: Baş Bəyi ulus seçmişdi və o, səsvermədə Cavidanın
oğlunu udmuşdu.
Moderator: Bəz qalasında siyasi quruluş: anarxiya,
monarxiya, yoxsa kommunizm idi?
Tabu: Onların quruluşu haramçılıq idi.
Ağa: İmam Hüseynin arzuladığı dövləti qurmuşdular xürrəmilər.
İnanmırsınızsa, buyurun, “Google”‐ də axtarış aparın.
Ravi: Necə də gözəl səslənir, IX əsr müsəlman tarixçisi Əl‐Google‐
Allah ondan razı olsun‐ yazmışdır: “Babək Xürrəmdin İmam
Rzanın gizli müridlərindən idi... “
İftixar: Ərəbistana və İrana baxmayın, Bəzdə quldarlıq olmayıb.
Xürrəm: Bəz qalasında Skandinaviya vikinqlərinin ilkin liberal
demokratiyasına bənzəyən və xəzər idarəçilik ənənələrindən
bəhrələnən sistem təşəkkül tapmışdı. Cavidanın arvadına
xürrəmlər hansı sualı vermişdilər? Yeni lider seçməyə yığışan
xürrəmlər xəbər almışdılar: Cavidan niyə fikrini birbaşa özümüzə
bildirmədi, bizi yığmadı? Qadın aydınlıq gətirmişdi: “Hərəniz bir
kənddə yaşayırsınız. Cavidan sizi gecə çağırsaydı, yolda ərəblər
hücum edər, sizi öldürərdilər.” Hər yaşayış məntəqəsinin öz
105
təmsilçisinin olması, liderin onlara hesabat verməsi mənim
yadıma Robert Dahlın sözünü salır: “demokratiyanı insanlar od
kimi müxtəlif yerlərdə, bəzən də bir‐birlərindən xəbərsiz kəşf
ediblər.” Demokratiyanı kəşf edənlərdən biri də biz olmuşuq.
Babəkin qalasında demokratiyanı kəşf etməyə əlverişli şərtlər var
idi. Ərəblər Azərbaycanda “biz” və “onlar” bölgüsü yaratmışdı,
demokratiyanı da məhz həmin bölgü doğmuşdu. Xürrəmlər tam
olaraq hərbi nizamla, savaş qaydaları ilə yaşamırdılar. Azad
adamlar olaraq barabərlik məntiqinə istinad edirdilər.
‐ Onu da qeyd elə ki, Uppsal Universitetinin arxeoloqu
Annika Larssonun tapdığı daraq vikinqlərlə xürrəmlər arasındakı
telləri darayır. Vikinqlər də qırmızı geyinir, döyüşdən qabaq
qalxanlarına qırmızı zolaq çəkir, düz tiyəli qılınclarla
döyüşürdülər‐ Azinə xatırlatdım. O, dərinə getmədi.
Moderator: Bəz qalasında seksual münasibətlər necə olub?
Tabu: O namussuz Babək xalqın arvadına, qızına göz dikirdi, ana‐
bacı ilə cinsi əlaqəni normal sayırdı.
Ağa: Şəriətə əməl edirdilər, cinsi əlaqəyə girməzdən qabaq siğə
oxuyurdular.
Ravi: İranda islam inqilabına qədər “şam söndü” mərasimləri
qalmaqdaydı...
İftixar: 17 arvadı vardı...
Xürrəm: Bəz qalasında yaxın qohumlar‐ ana və oğul, bacı və
qardaş arasında cinsi əlaqələrin mövcudluğu ağ yalandır.
Salnaməçilər atəşpərəstlərin adətini xürrəmlərin ayağına qəsdən
yazırdılar. Babək atəşpərəst deyildi. İlin bir gecəsində‐ Novruz
bayramında dağa çıxır, tonqallar qalayır, kütləvi şəkildə sekslə
məşğul olurdular. Kütləvi seks zamanı qadınlar püşklə seçilmir,
partnyorlar dəyişmir, arvadlar ümumiləşmirdi, sadəcə, insanlar
özünü oyanan doğayla bütünləşdirir, snerji yaradırdılar. Seksual
əlaqəyə girmək qarşılıqlı istəyə, evliliyə və digər bənzər
prinsiplərə söykənirdi. Babək Cavidanın dul arvadı ilə evlənəndə
gəlin bəyə reyhan qanadı bağışlamışdı. Nigah mərasiminin
106
mövcud olduğu heç bir toplumda arvadların ümumiliyindən
söhbət gedə bilməz. Xürrəm seksin əsas və pozulmaz şərti qadının
razılığı idi. Həddi‐büluğa çatmış oğlan və qızlar özlərinə sərbəst
şəkildə seksual partnyor seçirdilər. O dövrdə ərəblərin başa
düşmədiyi və islama zidd saydıqları məhz bu azadlıq idi. Bəz
qalasında elçi getmək, mehr kəsmək, başlıq almaq adət deyildi.
Qızı öz razılığı ilə qaçırırdılar. Müsəlmanlara qızın qoşulub
qaçmaq azadlığı çatmırdı. Xürrəmlərin seksul azadlığı indi
Avropada həyat tərzidir. Cinsəllik qərbdə açıq və azaddır.
Bəz qalası nəyin simvoludur?‐ forumda son sual belə idi.
Tabu: Əxlaqsızlığın! Şükürlər olsun, Ulu Allah onu yerlə yeksan
elədi!
Ağa: Elə qalalardan İranda çoxdur.
Ravi: Biri də Lerikin Bəlləvur kəndindədir. Orada kalan qızıl
basdırıblarmış...
İftixar: O qala türklüyün simvoludur!
Xürrəm: Bəz etiraz enerjisininin qalasıdır!
Cahandaaar!‐ Hökumə xala bağrımızı yardı. Qapının
ağzında dayanıb qaloşlarını yerə çırpırdı. Yalandan qaloşlarının
qarını‐palçığını tökə‐tökə Cahandarı otağa girəcəyindən xəbərdar
edirdi, oğlu yerində olsa da, ondan çox utanırdı. Cahandar otaqda
yox idi, başımız foruma qarışanda aşağı düşmüşdü, çox güman,
siqaret almağa getmişdi. Həftə səkkiz, mən doqquz axşamı
Bayoğlunun ofisində salırdım, duz günü tezdən Hökumə xalanın
ofisi yağ töküb yalayanacan təmizlədiyini bilirdim, Cahandardan
açar almağa gəlirdi. Masaya baxdım, açar‐zad yox idi. İçəri girmiş
Hökumə xala qışqırdı:
‐ Öyünüz yıxılmasın, adə, huşdurumlar...
Çay dəmdən boğulmuşdu. Çaydan hirsindən çatlamışdı.
Yuxuya getmiş qazın fısıltısı mətbəxi götürmüşdü...
Cahandar ofisə qayıdanacan ağbirçək “iraq olsun”
sığortasıyla fövqəladə hallar nazirliyinin bütün öyüdlərini
qulağımıza doldurdu. Cahandar malalaya‐malalaya abrımızı
107
Hökumə xaladan birtəhər geri aldı. Abrımızı özüylə apara
bilməyən Hökumə xala dalınca gəldiyi açarı Cahandardan
istəməyi unudub qarşısını aldığı faciəni qonşu arvadlara
danışmağa tələsdi.
***
Dədəmgilin qapısında, kötüyün üstündə oturmuşdum.
Əmim odun doğrayırdı. Baltanın tappıltısı kəndin ayağından
qayıdırdı. Əmim kəndi dolaşan səsi baltalayırdı. Səs kənddəki tut
ağaclarının hamısının başına dönüb özünü baltanın ağzına verir,
canını tapşırırdı. Səsin canı baltanın ağzından çıxıb göyə uçur,
çəpərin başında dayanmış dumana qarışırdı. Duman başıma
çökürdü. Doluxsunurdum. Mən gözümü o məhlədə açmışdım, o
tutun altında ayaq tutmuşdum, o ağacın budaqlarından asılmış
yelləncəkdə yellənmişdim. Kölgəsində xəyallara daldığım ağacın
kötüyündə büzüşərək xatirələrə baş vururdum. Anamın sandığı
gəlirdi yadıma. Qıfılının altına “ТОJУНУЗ MYBAРƏK”
yazılmışdı. O sandığa anamın adıma atdığı pal‐paltarın, pay‐
püşün, qır‐qızılın heç biri ortaya çıxmadı mən evlənəndə. Qıfılının
altına “ТОJУНУЗ MYBAРƏK” yazılmış sandıqdan bir xalat
çıxardıb xonçaya qoymadı nişana gedəndə anam. Qar qapıda
qurdlayan qış oduna pul çatdırmamışdıq, anam sandığını sobaya
atıb yandırmışdı. Anamın bir sandıq arzusu bircə gecə isitmişdi
balalarını. Üşüdüyümüzdən nənəm gələnə qədər yorğanın
altından çıxmamışdıq ertəsi gün. Nənəm çıraq sönəndə gəlmişdi,
poçtun qabağında ağaca dönmüşdü, onu yandırmayaq deyə
aldığı təqaüdü bizə odunpulu gətirmişdi. Niyəsə gözünün yaşını
anamın sobanın külünü boşaltdığı çanağa axıtmışdı, onda yekə
kişi olduğuma heç kimi inandıra bilmirdim, özümü ağlayan
nənəmə göstərmək üçün sandıq külü ilə göz yaşını qarışdırıb
evimizin yırtıq‐deşiklərini tuturdum. Hozəki iş tutmamağım
nənəmin xoşuna gəldi, öz sandığını mənə boyun oldu. Nənəmin
sandığında vaxtilə bütün gəlinlərinin, qızlarının gözü varıymış,
108
dilindən ortancıl qızına verəcəyini qaçırdıbmış. Ortancıl qız
qarabaxt olandan hamısı tamahını sandıqdan yığışdırmışdı,
dalınca göz qalmağından, düşər‐düşməzindən qorxmuşdular.
Nənəmə o sandığı açdırmaq istəyirdim, əmim tütəyinin dilini
çəkmişdi, odun doğrayırdı, onun ağzıyla bibim danışırdı:
‐ Aparma, halı xarabdır, ölüb‐eləyər, bu da bizə bir dərd
olar...
Arvadın çənəsi atırdı, sadəcə, canını ağzından çıxmağa
qoymayan tilişgə qalmışdı boğazında, öskürürdü. O tilişgəni
çıxartmağa məni arzulamışdı. Gəlmişdim. Yastığının qırağından
çəkilməməliydim, tut ağacının başdaşında‐ kəsilmiş ağaclara
başdaşı öz gövdəsi olur‐ ağzımı aralamaya‐aralamaya əmimlə
çənə döyürdüm, ağac‐ağaca gəlirdim, söz güləşdirirdim. Əmim
axırıncı oduna siqaret qutusunu tulladı. “Gördün, bibi”‐ arifə bir
işarə etdim‐ məni göndərmədi, özü getdi.
‐ Əşi, o çətin qayıdar, dur, keç nənənin yanına‐ bibim
ərinin “Rodopi” axtaracağını bilirdi, indiki əyyamda o siqaret
çətin tapılardı.
Nənəm gözləriylə çağırıb məni yanında oturtdu. Əlimi
ovcuna qoyub öpdü, qolumdan yapışıb dikəldi, çiynimə söykənib
yeridi...
Otağın qapısı qıfıllanmasa da, hələm‐hələm açılmazdı.
Rəhmətliyin cehizi Novruz bayramında da çırpılmazdı. Divarda
işığın açarını axtardım. Lampa partladı. Pəncərini açdım. Təzə evin
eyvanından sandığın başına cüzi işıq düşürdü. Nənəm döşünün
arasında gəzdirdiyi kisədən barmaq boyda dəmir çıxartdı. Sandığı
açdım. Bibim boynumuzun dalını kəsdirmişdi. Rəng verib‐rəng
alırdı. Rəngini boşalan sandığa verir, üzünə yerə tökülən çürümüş
pambıq vururdu. Ömrü gödək olmuş qızın yengəliyini edəndən
bibim o sandıqdakı pambıqdan qorxurdu. Sandıqdan çıxan yorğan‐
döşək üzlərini, mələfələri nənəm gəlinə verdi:
‐ Apar işlət, bala, apar işlət...
109
Bibim suyu süzülə‐süzülə otağı tərk etdi. İkimiz qaldıq.
Nənəm sandığın dibindən paxlavaqaş üzük çıxartdı:
‐ Mənim qızlıq üzüyümdür, bala, rəhmətlik nənəmdən
qalıb...
Dillənmədim. Paxlavaqaş üzüyü ovcumun içində sıxdım.
‐ Başın aşağı olmasın, bala, qızın günahı yoxuymuş, üzü
pambığıymış balamın. O vaxtlar indiki həkimlər yoxuydu bala,
yoxuydu, heç doxtura‐moxtura aparan da olmadı, bala, olmadı,
başını qırxıb üzüqara elədilər balamı, yağlı əllərini başıma
çəkdilər...
Paxlavaqaş üzüyü ovcumun içində sıxırdım. Əlləriylə
doldurduğu sandığı tökürdü:
‐ El içində rüsvay olduq, bala, rüsvay olduq, dədəndən,
əmindən gördülər, bu xarabada ala qarğa bala çıxartmaz, bala,
bala çıxartmaz, asdı özünü, aydan arı, sudan duru uşaq...
Paxlavaqaş üzüyü ovcumun içində sıxırdım. Nənəm məni
başa salmağa söz tapmırdı:
‐ Onun qızlıq pərdəsi anadangəlmə yoxuymuş, demə
nənən ağzının danışığını itirib, mənım qarnımdan çıxandan
eləymiş, qarnım yansın mənim...
Paxlavaqaş üzüyü ovcumun içində sıxırdım.
‐ Ağzımıza qurd düşən iliydi... İlin axır çərşənbəsiydi.
Bayram aşımız zəhər olmuşdu. Qapımıza papaq atan, torba
sallayan yoxuydu. Uşaqlar tonqalın başındaydılar, mənim
ürəyimdə yağ qalmamışdı, yanlarına gedə bilmirdim. Bayaq odun
doğrayan əmin kişiyə dirənmişdi ver tüfəngini atım, kişi
verməmişdi, o da bir yandan qanımı zəhərə döndərmişdi... Bir də
gördüm, gəlib süfrənin küncündə oturdu. İstədim deyəm: “az,
bayramın günü süfrənin qırağında niyə oturmusan”, dilimin
ucundan qaytardım, yadıma düşdü ki, ölü gəlib evimizə... Ürəyi
durmayıb, bizi görməyə gəlib, biz iki il onun qara bayramına
getməmişdik
bala, yuxaydı,
ürəyi
durmamışdı, bizimlə
bayramlaşmağa gəlmişdi. Dedim: “bir boşqab aş gətirim
110
yeyirsən?” Dedi: “bu ilki aşın yaman yağlıdır, yemirəm.” Qızım
olanda nə olar, ürpəndim bala, ruhdan ürpəndim, istədim
qışqıram, səsim çıxmadı, güldü, dedi qorxma, gəl otur yanımda.
Oturdum. Dedi, ürəyini buz kimi saxla, mənim heç kimlə haqq‐
hesabım olmayıb, heç əlimdən də tutan olmayıb, soruşdum, bəs
bu işiydi açdın başımıza? Qayıtdı mən Bəy qızıydım qabaqkı
həyatımda, dədəmi əsir aparıb doğradılar, mənə də xəlifə sataşdı.
Ürəyimin telləri əsdi. Dedi, sənə dediklərimi qulağında saxla,
yekələndə Barsesə çatdır.
‐ Barses kimdir?
‐ Fateh!
‐ Fateh kimdir?‐ həyacandan sənin əsl adını unutmuşdum
bala.
‐ Nəsir!
‐ Nə çox adı var uşağın?
‐ Onda biri qalsın...
‐ Daha nə dedi?‐ maddım‐maddım ovcumdakı paxlavaqaş
üzüyə baxdım.
‐ Dediyini başa düşmədim, bala, başa düşməsəm də,
yadımdan çıxartmadım:
T 3 (5)
H (65)
***
“Kütləvi İnformasiya Vasitələri Evi”ndə ölkənin hüquq
müdafiəçiləri Azin Kürəçinin srağagün qaldığı binanın qabağında
bıçaqlanmasını
pisləyir,
bıçaqlayanın
tapılmasını
və
cəzalandırılmasını tələb edirdilər. Tədbiri hüquq müdafiəçisi
Novella Cəfəroğlu aparırdı. Salon ağzınacan dolmuşdu. Oturmağa
yer yox idi, jurnalistlər qapının ağzında durmuşdular. Novella
xanıma him‐cimlə “buralardayam” deyib Azin Kürəçinin polisə
verdiyi izahatın bir nüsxəsini götürdüm, bayıra çıxdım. Uzundraz
mizdən tapdığım qələmlə hərf səhvlərini düzəldə‐düzəldə
oxudum:
111
‐ Onu ilk dəfə avtobusda gördüm. Babək prospektində
avtobusa ədası yerə‐göyə sığmayan bir xanım mindi. Elə mindi ki,
sanki bütün dünya həmən xanımın arxasınca sürünməli,
qabağında diz çökməli, yalvarıb‐yaxarmalı, ən azı ayağa qalxıb
ona yer verməlidir. Gəlib düz burnumun ucunda dayandı. Bahalı
iyi avtobusun bütün qoxularını öldürürdü. Oğlanlar ehtirasla
qoxunu ciyərlərinə çəkirdilər. Duxinin küpünə girməsi, əslində,
qadının vulqarlığından xəbər verirdi. “Püff” edərək onun ədasını
və qoxusunu özümə yaxın buraxmadım. Pərt oldu. Pərtliyindən
üzümə baxmasa da, əlləri ilə saçını geri sığallayaraq özünü
sındırmadı, ağzını yüngülcə büzməklə ona yer təkilf edəcəyimə
ümidini itirmədiyini nəzərimə çatdırdı. Özünə gülürdü, canı çıxsa
da, ayağa durmazdım. Nəfəsini boynuma verən cigid mənə ağıl
öyrətdi:
‐ Bəlkə durasan, xanım otursun?
‐ Sən nə zamandan mənim müşavirimsən?
‐ Mumla, dur ayağa, xanım otursun!– bozardı.
Burnumun qabağına baxdım. Qadın dinmirdi. Cigidin
özünü ona göstərdiyini anlayır, dinməməklə bir yandan onu it
yerinə saymır, bir yandan da mənim sındırılmağıma sevinirdi.
Sizi
yormayım,
mübahisəmiz
iki
dayanacaqdan
keçdi,
üçüncüsünə çatanda nazənin enib getdi. Gözləmədiyim halda
arxamdakı qadın mənə qahmar çıxdı:
‐ Belə durmur, əcəb eləyib durmur, sən nə özünü atmısan
ortalığa? Açıq sinəsinə bənd oldun, ya çılpaq ayaqlarına? Dini
yox, imanı yox, Allah bilir kimin adamıdır, sən də toy toğlusuna
dönmüsən. Allahın, Quranın buyurduğu görkəmdə olaydı, oğlan
da durub ona yer verəydi... Eləsinə yer vermək günahdır!
Mömünə oturduğumu burnumdan tökdü. Acığımı
cigiddən çıxdım:
‐ Mən də avtobusda biletlə gedirəm, o xanım da. Kim ayaq
üstdə qalmaq istəmir, avtobusa minməsin. Camaat yığışıb
Nəqliyyat Nazirliyinin qabağında piket keçirsin, ödədikləri pulun
112
müqabilində yüksək xidmət tələb etsin. Guya sən nəzakətlisən?
Geridə qalmısan, geridə! Hələ mənə ağıl verirsən... Elə ağıllısansa,
sürücüyə çəmkir! Bu qədər adamı avtobusa niyə doldurub?
Sözüm özünü karlığa qoyan sürücünü tutdu. O, cigidi
yamanladı:
‐ Əmioğlu, sənə nə var kim durub qadına yer verir, kim
yer vermir? Yer verən də özü bilər, verməyən də. Güc‐bəla ilə
planımızı doldururuq, evimizə çörək pulu aparırıq, deyirsən
ruzimizi aparıb itə‐qurda yedizdirək?
Yolda məhəlləmizdə qalan idmançı uşaqlar mindi
avtobusa. Onların mənə salam verməsi cigidin pısını yadızdırdı.
Söhbəti bağladıq.
Gecə birdən‐birə evdə telefon kəsildi, həyətdəki internet
kafeyə
endim.
İnternet
kafedə
adam
azıydı.
Kafenin
administratoru kompüterdə nərd oynayırdı, iki gənc çatda qız
axtarırdı, bir nəfər MSN‐də mikrafona bağırırdı. Ona fikir
vermirdim. Getdikcə səsini yüksəldir, adamı özündən çıxardırdı.
Gənclər ondan çığırmamağı tələb etdi. Vecinə almadı. Əlbəyaxa
oldular. Durub araya girdim. Kimi görsəm yeridir? Avtobusdakı
cigidi! Cigid siqaret çəkmək bəhanəsi ilə çölə çıxdı və qayıtmadı.
Səhər tədbir varıydı, evdən tələsik çıxdım. Blokun
girəcəyində mini yubka geymiş gül dəstəsi dayanmışdı. Başı
buketin dalında idi, görünmürdü. Yanından keçməyə yer yox idi.
“Xanım, icazə verin, keçim”‐ dedim,‐ “güllər əzilər...” Xanım
binanı pəncərəyə çıxartdı. Haradansa bizim cigid peyda oldu.
Əlində bıçaq mənə cumdu. Pəncərələrə duy vurdu ki, alçaq özünü
bacıma sürtüb...“
www.canlan.ma
portalının
reportyoru
yaxınlaşıb
başsağlığı verdi:
‐
Eşitdik nənəniz rəhmətə gedib, qəbri nurla dolsun!
Təşəkkür etdim. Müxbir Azinin bıçaqlanmasının əsl səbəbi
ilə maraqlandı. İzahatı göstərdim. İncəvara, “Kütləvi İnformasiya
Vasitələri Evi”ndə növbəti tədbir başlamaq üzrəydi, jurnalist
113
sırtıqlıq eləmədi, atəşgahda təbii odun yenidən sönməsinə
mətbuat konfransı həsr edən astroloq Ramal Yusifzadənin
hesabına kofe içməyə getdi. Tədbirdən çıxmış Novella xanım
məni yanına çağırdı, cibimə 500 manat qoyub Azindən muğayat
olmağı tapşırdı:
‐ Mənə düzünü de, Azin qəsdən əl atmayıb o gədənin
bacısına???
‐ Yox, ey, nə qız, nə əl atmaq, yer olmayıb yanından keçə,
camışı qəsdən salıblar bloka, Azinə vurulan qanlı bıçaqla qurd
ağzı bağlayıblar... Görmürsünüz, atəşgahın odu təzədən söndü?!
‐ Hamınız oğraşsınız!‐ Novella xanım məşhur komplimenti
ilə sözümə güldü.
Axundova gəldim. Hündür qapısını aralayanda çoxdan
ayaq kəsdiyim kitabxananın sakit, müdrik və gənc havası məni
vurdu. Fərəhlə pilləkənləri qalxdım. Ustadın büstünün yanından
keçəndə biləyimi yanağıma sürtdüm, özümdən ixtiyarsız
tələbələrə xidmət göstərən zalın kitabxanaçılarına boylandım.
Həyat xanımı görmədim, təbii, gözümə dəyməməliydi, işdən
çoxdan çıxmışdı; mənim bu məbəddə oxuduğum ən maraqlı sevgi
romanı o kitabxanaçı idi, hər dəfə Axundovun yanından
adlayanda biləyimi üzümə sürtməklə onu salamladığıma
inanardı. Onun sayəsində biblioqrafiyadan az‐çox baş çıxardırdım
və nənəmin verdiyi şifrənin tarixi ədəbiyyat kataloqlarında
açılacağına əmin idim. Güzgüsü əlindən düşməyən növbətçi
biblioqrafı yüngülvari əziyyətə salıb şifrənin qoyulduğu kitabı
tapdım. Əbu Əli Həsən ibn Əli Xacə Nizamülmülk,
“Siyasətnamə”, “Elm” nəşriyyatı, mamam ölən il.
Bufetə endim. Kitabxanaçıya sifarişimi yerinə yetirmək
üçün lazım olan yarım saat vaxt getmirdi, ayağına sosiska
cığarasından papış tikmək istəyirdim. İki tələbə bu romanın
www.canlan.ma‐da yayınlanmış cızmaqarasını ağ yuyub, qara
sərirdi. “Axı Persefonanın Azərbaycana nə dəxli var?” Keçib
yanlarında oturdum, özümə haqq qazandırmağa, nəyisə başa
114
salmağa həvəsim yox idi, çaylarının pulunu vermək
istəyirdim.
Əlimi kitaba basdım. İşarə gözləyirdim. Ətrafa göz
gəzdirdim. Təzə təmir edilmiş humanitar zala xidmət edən
kitabxanaçının özünün və çəkmələrinin boğazının uzunluğundan
savayı diqqətimi cəlb edən olmadı. Kitabı açdım. “Siyasətnamə”
182 və 183‐cü səhifələrinin arasından taybatay oldu. 183‐cü
vərəqin axırdan üçüncü abzasına pıspısa qurusu yapışmışdı.
Salam, SKARABEY,‐ qədim misirlilərin canlanma simvoluna
təntənəylə təzim elədim, Əbu Əli Həsən ibn Əli Xacə
Nizamülmülkə baxdım.
Dostları ilə paylaş: |