‐ Haradan gəldin?‐ tanımadığı adamlara həmişə eyni sual
verərdi.
Azin nə cavab verəcəyini bilirdi:
‐ GEDƏCƏYİM YERDƏN GƏLDIM!
‐ O irəli teşim qırıldı. Hələm‐hələm qırılmaz mənim teşim,
bilirdim təzə teşi göndərəcəklərini...
Pir Bedonun teşisini “Pükçü”yə təqdim etdi. Qarıdıqca
yumağa dönmüş arvadın qırışığı açıldı, yaşına yaraşmayan
cəldliklə teşini ovcunda fırladıb dodağının altında nə isə oxudu,
Azinin üzünə püflədi. Tütün qoxusu siqaret çəkməyən Azinin
ödünü ağzına gətirdi.
Sən demə, vaxtilə Gəncə məbədində bir küp varmış. O
küpün içinə nə isə atmaq qadağanmış. Küpə nə isə tullayanı
mütləq ilan çalarmış. Sovet vaxtı kilsə Kamera Orkestrinin
ixtiyarına veriləndə partiya komitəsi qərara gəlir ki, küpü yerli
sakinlərindən birinə versinlər. Qoy aparsın, içinə un, buğda
yığsın,
xürafatdan,
mövhumatdan
qurtarsın
camaat.
Kommunistlər ha təbliğat aparsalar da, partiyanın qərarına əməl
edən, küpə yaxın duran olmur. Küpü yığıncağa gətirirlər. Yenə
kimsə sahib çıxmaq istəmir küpə. Axırda avamlıq nümunəsini
gələcək nəsillərə göstərmək üçün məktəb muzeyinə verirlər. O
gündən boş küp 21 saylı orta məktəbin qaranlıq otağında
saxlanır...
Azin ümidsizliyə, boşluğa yuvarlandı. Kamera musiqisi
başında uğultuya çevrilmişdi. Gümüşün ləhləyə‐ləhləyə canından
çıxartdığı tər ətini yedikcə peşmançılığı dərinləşirdi, otelin duşu
xarab olduğundan çimə bilməmişdi. Paltarından tər qoxusu ilə
yanaşı, Gümüşün ətri də gəlirdi və “J`Adore” Azini özünə
söydürürdü. Bunca il Qalinadan Gümüş, Gümüşdən Qalina
düzəldib yataqda qovrulmaqla havayı yerə əzab çəkmişdi. Qalina
88
da, Gümüş da gözündən düşmüşdü, adiləşmişdi, tamını
qaçırmışdı. Küpün boş çıxmağı da onu bir yandan üzürdü.
Həmişə kürəklərini qamçıladığı kommunistlərə acıyırdı. İçi boş
olan küplərdən başları az çəkməmişdi binəvaların. Sir‐sifəti
turşumuş halda “Pükçü”yə baxdı. İşə bax, onun ləqəbi tərsinə
“ÜÇ KÜP” oxunur... Yox, içi boş‐zad deyil küpün, doludur, tıxılı‐
təpilidir. Mal yiyəsinə oxşayar, nə ad verəsən indi bu arvada?
Şamanmı, maqmı, kahinmi, övliyamı, möhtəkirmi? Bütövü kəsmə,
paraya dəymə, doğra, doyunca ye!
‐Ye oğlum, ye!
Torpaqla şirlənmiş daxalda qırmızı ipək üzlü döşəkçədə
oturmuşdu, hər iki dirsəyinin altında mütəkkə vardı, ayağının
birini altına qatlamış, süfrənin qırağını yığışdıraraq yarıbükülü
halda o birini həsirin üstünə qoymuşdu, gözü “Pükçü”nün
çoxdan ölmüş atasının divardakı dəsmalın qırağından ağaran
saqqalına sataşdıqca iştahı lap pozulur, xörək əvəzinə içini
yeyirdi:
‐ Mənim nə işim vardı cadugərin‐küpəgirənin süfrəsinin
qırağında? Mən indi kiməm? Dinəndə camaatı aydınlığa, elmə,
inkişafa səsləyirəm, özüm düşmüşəm bir səfeh qarının, türkün
sözü, dalına! Dalınca gəldiyim küpün də içi boş... Boş olan küp
deyil, ay geridəqalmış, sənin özcə başındır, millətin taleyini
falçıya etibar etmək olarmı? Yepiskop doladı məni, duza
göndərdi. Min ildir bir qaşıq su ilə bir qaşıq qanın arasında
qalmağımıza rişxənd elədi!
‐ Bir qaşıq da götür, dibində qalmasın, heyfdir, nişanlın
çirkin olar yoxsa...
“Bir dəli şeytan deyir get, dovşan ferması yarat, artımlıdır,
yaxşı baxasan ha, o qədər doğub‐törəyər ki, bircə ilə sayını
itirərsən, özüm ölüm, bərk ayaqda giriləsi işdir... Bərk ayaqda?
Bundan da o yana gün var? Amerikanların “Messenger” peyki
günəşin ağzından alov qapır, sən görücü Səyyarənin ətəyindən
yapışmısan, bir boş küpün içinə girirsən... Barı, ay geridəqalmış
89
dovşan‐ qaşığı boşqabın qırağına qoydu‐ əlinə o güncdəki
süpürgəni də al, cizgi filmlərindəki küpəgərən qarılar sayaq qiyyə
çək göylərdə...”
‐ Ayağını çırıp gir içəri, ayaqqabıların toz‐torpaqdır, aləmi
batırarsan!‐ məktəbin ayrım ağzıyla danışan qızıldiş tarix
müəlliməsi illərlə qapısı açılmayan qaranlıq otağın matahını
çıxartdı. Azin cin atına mindi. “Ay qıvlasız, guya bu qaranlıq
otaqla şagirdlərin gözünü qorxutmursunuzmu?‐ yəhərsiz
olduğundan atdan tez düşdü, yoxsa müəllimənin abrını bükərdi
qırçınlı ətəyinə. Yenə özünə görə olmadı, küpü basan qalın tozu
müəlliməyə yalatdı. Toz‐torpağın altında Üçbaşlı Əsa güclə
seçilirdi. Şəklini çəkmək istədi. Özünü hövlank qaranlıq otağa
yetirən direktor müavini qoymadı. Direktor da gəldi. Özünü
təqdim etməmiş Azini məzəmmət elədi, ayrı‐ayrı adamların
dilindən eyni xəttlə yazılmış təəssüratlar dəftərinə Bakıdan gəlmiş
qonağa rəy yazdırdı. Boynundan sallaşıb yeməyə aparmaq istədi.
Azin qızıldış tarix müəlliməsini, saytal tədris hissə müdirəsini,
yaxasında Ümummilli liderin nişanını gəzdirən yekəqarın məktəb
direktorunu nazirlikdən gəlmədiyinə arxayın salıb “Xan bağı”na
yön aldı.
Ayaqqabılarının bağı açılmışdı. Qaytanlar şappıldaya‐
şapıldaya balağının ardınca sürünür, xəzəlləri döyəcləyirdi. Əyilib
onları bağlamağa can çəkirdi. İplər bağa tələsirdi. Bağa gedən
yolun qırağındakı adamlar ayaqqabısının açılmış qaytanlarını
vecinə almayan adama təəccüblə baxırdılar, düyündən düşmüş
iplərin
addımlarına
dolaşaraq
ona
badalaq
gəlməsini
gözləyirdilər. Onu bağların açılmasından agah eləməyə lüzum
yox idi, gözü ayağının altını görürdü, gözü görə‐görə əyilib
ayaqlarını ilgəhləmirdi. Həyata yenidən bağlanmaq istəmirdi.
Qaytanların ayaqqabıdan, ayaqqabının ayaqlarından çıxsa,
ayaqyalın qalacağını başa düşürdü, narahat olmurdu, bəlkə də
çıxhaçıxda havaya bir təpik atacaq, çəkmələrini cütüylə
qovacaqdı.
90
Xan bağındakı qoca çinarlar, çınarların gölgəsinə sığınmış
çayxana, çayxanada tas‐tas vaxtını uduzan müştərilər, müştərilərə
can yandıran çayçı, çayçının cəddinə tapındığı göy imam Azinin
gözünə oturdu. İcazə almadan bir kişi də altına stul çəkdi:
‐ Axtarışda olan insanı gözləyən nəticələrdən biri də məhz
boşluqdur. Əsl yolçu əli boşa çıxanda özünü itirməyən,
məqsədindən çəkinməyəndir. Ümüdlərinin puça çıxması səni
ruhdan salmasın, oğlum.
‐ Siz kimsiniz?‐ ona öyüd verən naqqaldan xəbər aldı.
‐ Mən qalayçı Qardaşxanam, “Pükçü”...
“Aşıq atan!”‐ Azin ürəyində dəqiqləşdirdi.
‐ ... Səyyarənin əri.
‐ Xoş gördük!
‐ Dedim bəlkə qonağımıza bir köməyim dəydi!
‐ Küpün içi boşdur, dayı, sənlik bir şey yoxdur...
‐ Küp ona görə boşdur ki, sən ora içindəki tərəddüdləri,
qorxuları, əzabları tökəsən, qaradan azad olasan!
‐ Səyyarə xala dua yazar, pencəyimin astarına asaram,
qara‐quram gedər, gözə‐nəzərə də gəlmərəm!..
‐ Üstümü unlu görüb, yoxsa məni dəyirmançı bildin,
oğlum?‐ qoca sağ əli ilə hər iki çiynini ehmalca döydü. Azin
qocanın hərəkətini başa düşmədi, sözünə isə həyasızlıqdan başqa
məna verə bilmədi. Dillənmədi. Qalayçını başından əkmək
istəyirdi. Onun fikrini başa düşən Qardaşxanın təvazökarlıqdan
uzaqlaşmaqdan başqa çarəsi qalmadı:
‐ Oğlum, mən nə sən deyən qalayçılardanam, nə də aşıq
atdıranlardan! Unut qalayı‐balayı, qulaq as kimyagərə!
Axsaq at, kor nalbənd, cadugər arvad, kimyagər ər! Yaslan
bə Halil İbrahimmm!‐ Azin halına güldü.
‐ Küpün üstünə Üçbaşlı Əsanın niyə çəkildiyini Qardaş
başa salsınmı sənə?
‐ Üç dil‐ üç küp!
91
‐ Düz deyirsən oğlum, düz deyirsən! Amma sənin bu
qalayçı dayın ayrı şeylər də fikirləşir...
“Bu dəqiqə mənim özümü qalaylamaq lazım, qopmuşam,
özü də pis qopmuşam dünyadan”‐ Azin başının hayında idi.
Hətta üzgörənlik xatirinə də ona qulaq asmaq istəmirdi. Başını
yana çevirdi. Kor tutduğunu buraxardı, qalayçı əl çəkməzdi:
‐ Oğlan, Üçbaşlı Əsanın qədim hindlilərin Tanrısı Şivəyə
məxsus olduğunu desəm, mənə qulaq asarsanmı? Əlbəttə,
asarsan, savadlı adamsan.
Şivə
hara,
bu
hara?‐
absurdun
miqyası
Azini
heyrətləndirdi. Gözucu kişiyə baxdı.
‐ Yadında saxla, adının çəkilməsi ilə hər kəsi saflaşdıran
Şivə yıxıcı Tanrı idi və hind kimyagərləri civəni onun toxumları
hesab edirdilər. Saxladınmı? İndi yadına sal, ilk küp sənin qarşına
Qara Kilsədə çıxdı, Qara Kitabı açdırdın, qara küpləri sındırdın. O
küplərdən kükürd və duz çıxdı. Oxumuş adamsan, məndən yaxşı
bilirsən ki, ‐ xalis sənətkar nəzakəti ilə Azini qılıqladı‐ kükürdlə
duz kimyagərliyin təməl prinsipləridir‐ yəni, adi vaxtda başa
düşdüyümüz maddələr yox, onların fəlsəfi təyinatlarıdır. Əgər bir
küp kükürdlə, o biri duzla doludursa, deməli, bu işarəylə üçüncü
qaba civə yığılıb!
‐ Civənin saxlanması qadağandır ey, bizi tutarlar‐ Azin
bayaqkı qaydada kimyagəri aşağılayan atmaca atmadı, hind
fəlsəfəsindən xəbəri olduğuna görə ona münasibəti dəyişmişdi.
‐ İndi de görüm, mən gəlməsəydim nə edəcəkdin?
‐ Gedib dovşan saxlayacaqdım!..
‐ Bəs indi səni civəylə ilişdirib həbs etsələr?
‐ Ömür boyu yatsam, vecimə olmaz!
‐ Əsl sirr budur, kişi! Sən yad idin, qara aləmə gəldin, yer
altına düşdün, içindəki özgələri və kölgələri öldürdün. Dəyişdin,
işığa can atdın, ona öz mənliyini qət edərək çatacağını başa
düşdün. Təbiri‐kimyagəri, ağardın! Mükafatmı istəyirsən? O da
92
məndə! Gedək, gör elə xalçanı heç küpdə çürüdərlərmi?
Saxlamağa erməniyə versən dalına keçər, kürdə versən oğurlayar!
Eni üç, uzunu dörd metr olan xalçanın yeri qara,
işləmələrinin çoxu ağ və qızılı idi. Qıraqlarından bir qarış içəriyə
S
hərfləri nəqş edilmişdi. Azin seçkiqabağı platformasını yada saldı.
O, seçicilərinə “S”‐lə başlayan dörd perspektiv vəd edirdi:
Sağlamlıq, Savad, Sahibkarlıq, Sevgi! Xalçadakı hərflər də eyni
sayda idi. Əlbəttə, orta əsrlərdən qalma xalçadakı hərf deyildi,
sadəcə, ona bənzəyirdi.
Qalayçı Qardaşxan elə bil bütün ömrü boyu xalçanı Azinə
şərh etməyə hazırlaşmışdı:
‐ Bu “Sı”ya oxşayan ƏJDAHAnın nişanasıdır. “Bəyin
oğurlanması”na baxmısan?
‐ “O əjdahadan niyə xaricdə var, bizdə yoxdur?”
‐ Nə qədər istəyirsən gül, könlündən keçirsə lağa qoy
məni, amma ay başına dönüm, gözünü yediyim bu əjdahanın
yanında xaricdəkilərə kərtənkələ də demərəm!
‐ Nadir Qafarzadə de!
‐ Şitlik eləmə, qulaq as, hər xalqın öz əjdahası var.
Cuhudların dünyada iki əjdahası məşhurdur, biri qanadlıdır, biri
qanadsız, Davudun ulduzunu qoruyurlar. Çində itə daş atırsan,
əjdahaya dəyir, ağıllı və xeyirxah varlıqlar sayılırlar. Qədim Babil
və şumer tayfalarının “uçan ilan”ı qanadlı və aslan pəncəli idi.
Nemeslerin əjdahadan xoşu gəlməz, kökünü kəsərlər...
‐ Ağzında “nemes” deyirsən...
‐ Yunanların əjdahası qaravulçudur...
‐ Bizim nağıllarda da qaravulçudur, bir yana baxanda...
Suyun dəhnəsində oturur və qabağını açmağa bir gözəl qızı
qurban istəyir...
‐ Hə, indi yavaş‐yavaş tutursan məni, hərçənd, hələ
cavansan, bir balaca tələsirsən, bizim nağıllarda əjdahalar
qaravulçu deyil, bala, işğalçıdırlar, qəsbkardırlar! Bizim əjdahalar
93
əcayib məxluqdur, su, hava və atəş ünsürlərini özündə
cəmləyirlər. İstəyəndə yağış yağdırarlar, istədiyi ili quraq
gətirərlər, hərdən deyirik ha, “göydən od yağır”, əjdahanın
ağzından qalandır...
‐ Bəs bu zolaqlar?
‐ Boz zolaq soyuğun çalarıdır, qəhvəyi isə kədərli
boyaqdır, soyuq rəngin yanını isidir.
Xalçanın boz və qəhvəyi rəngli haşiyələrə alınmış ortasına
“Baş Bəyin əsir alınması” səhnəsi işlənmişdi. Ov tazıları Baş Bəyi
talada mühasirəyə alan əli qılınclı müsəlmanlara hürürdülər.
Adamlardan hürkmüş bir maral meşəyə doğru sıçrayırdı.
Yəhərdəki Səhl Sumbat qamçı ilə Baş Bəyi göstərirdi. Baş Bəy
atdan enmiş və buraxdığı qızılquşun ardınca son dəfə göy üzünə
baxırdı... Ortoboylu, şaqqalı adam idi, başına ağ dürrə bağlamış,
arxalıq geymişdi. Saqqal buraxmamışdı. Dırnağıyla yer eşən
atının quyruğu düyünlənmişdi.
‐ Bu düyün sənə nə deyir?‐ Azindən qəsdən soruşdu.
‐ Düyünə salır məni‐ Azin artıq çoxdan arxada qalmış
psixoloji savaşı unudub səmimi cavab verdi.
‐ Bir cəngavərin atının quyruğunu düyünləməsi onun
ölüm‐dirim savaşına girdiyini göstərər. Baş Bəyin boz atının
quyruğu həmişə düyünlü olardı... O əjdahayla döyüşə ölümünü
gözünün altına alaraq girmişdi. Əjdaha‐ yurdun düşməni, qurban
tələb etdiyi qız isə torpağın təcəssümüdür. O, hər dəfə suyun
qabağını açmaq üçün bir qız istəməklə torpağın qutsallığını
korlayır, sonra ona su verirdi. Torpaq həmişə oğullarından onu
qorumağı, əjdahayla döyüşməyi, ona qalib gəlməyi, cövhərinə
sahib olmağı umur.
‐ Əjdahanın cövhəri nədir ki?
‐ Gizli Atəş!
***
94
“Iraqın Samirə şəhərində baş verən terror aksiyasında...” –
televizorun səsini aldım. Baş Bəyin edam olunduğu şəhərin
görüntülərinə şərhsiz tamaşa etmək istəyirdim. Sarımtıl‐açıq
qəhvəyi rəngi vardı şəhərin. Sarının istiliyi, ağın qaytarıcılığı,
qəhvəyinin ziddiyyəti şəhərin enerjisinə çökmüşdü. Vahiməli,
şübhəli, saldırıcıydı. Yuxarıdan çəkilmiş görüntülərə baxdıqca
filin belində edam kötüyünə gedirdim elə bil. Bədənimdə Baş
Bəyin yaralarını hiss edirdim. Havam çatmırdı. Məni tuluğa
salmışdılar. Samirənin uçuq tikililərini, tüstülənən evlərini,
dağılmış məscidləri gördükcə əlimi ağrıyan dizlərimə çırpırdım,
kim nə deyir‐desin, bu şəhər çoxdan, lap çoxdan yaşamalıydı
xaosu, xilafət yıxılmalıydı, şərq qırmızı günü görməliydi. Qızmar
günəşin altında Samirəyə çarmıxdan baxırdım... Külək səhra
qumlarını sovururdu, minarələr susmuşdu, evlər yerə yapışmışdı,
adamlar... adamlar yoxuydu.... Başımı itirmişdim.
Külək rəzəsi düşmüş pəncərəni qəfildən taybatay açdı,
şüşələrini çilik‐çilik edərək evə səpələdi. Soyuq içəri şığıdı.
Pəncərənin önündəki xırdaca reyhan dibçəyini aşıraraq gecələr bir
gözünü yandırdığım elektrik qızdırıcısının amanabənd şnurunu
qopardı. Yorğanı başıma çəkdim. Nə büründüyüm yun yorğan,
nə də geydiyim qalın tuman‐köynək qorudu məni buzlamaqdan.
Sazağın sındırdığı reyhan qanadlarının giziltisi iliyimə işləyirdi.
Hızır Nəbinin yeriydi. Gəlib çıxmırdı. Bir adama ehtiyacım vardı.
Elə bir adama ki, ona qərib düşmüş ruhlardan danışım, Hızırın əl
çəkdiyi yaralardan söz açım, arvadların xəşil bişirdiyi, kişilərin
küpdən bəkməz çömçələdiyi qarlı bir gündə qurd təki ulayım...
Nə bir içim su, nə bir udum hava, nə bir qarış torpaq, bir çobanın
qaladığı sönmüş ocaqdakı küllərin arasında balaca bir köz...
kiçicik bir qığılçım... şaxtaya müqavimət göstərən barmaq boyda
kösöv!
“Ruhunmu ateş, yoksa o gözlərmi alevden?”‐ bütün gülərüz
avropalılar sayaq hər dəfə rastlaşdığımızda əcnəbi qızın gözü
gülürdü, dodaqlarına təbəssüm qonurdu. Alovun şəklini çəkirdi,
95
hücrələrin divarını oxşayırdı, ayağını yerə basmırdı, yox, özüm
ölüm, yerə basmırdı, torpaq onu ovcunun içində gəzdirirdi. Qoy
yanım‐yaxılım, qoy çarmıxdan yıxılım, qoy sənə sıxılım,
üşüyürəm, sümüklərim sızıldayır, sən nə təhər qızsan bəs,
duymursanmı, dişlərimin şaqqıltısını eşitmirsənmi, eşitmirsənsə,
duymursansa niyə titrəyirsən? Sən atəşgahda donmağın
cəhənnəmdə
yanmaqdan
daha
böyük
əzab
olduğunun
fərqindəmisən? Susa bilmədim:
‐ Üzr istəyirəm xanım, biz tez‐tez qarşılaşırıq. Əgər məbədi
bərabər gəzsək, belə olmaz!
Qız gülərək “olar” dedi. Doğrusu, sözün hansı mənada
deyildiyini dərhal kəsdirəmmədim, olmazın olarlığı ilə, oların
olmazlığı arasında qaldım. Nə yaxşı özü soruşdu:
‐ Bəs, niyə dayanmışıq?
Loviza diplomat idi, Azərbaycana yeni gəlmişdi. İsveç
səfirliyinin viza şöbəsində işləyirdi. Beynəlxalq münasibətlərdən
əlavə mifologiya və canlanma ilə maraqlanırdı. Atəşgahdakı
alovun növünü “Avesta”dakı təsnifata əsasən dəqiqləşdirə
bilməmişdi.
‐İslama qədər bu məbəddə hərə öz oduna qızınırdı, səd heyif,
indi hamının atəşi sönüb‐ ruhanilərin də, savaşçıların da, xalqın da!
‐ Niyə?‐ Loviza təəssüflə soruşdu.
Eyni kədərlə ona atəşgahın daş hasarlarının o üzündəki
neft buruqlarını göstərdim. Hasarın o üzündəki neft buruqları
torpağın qanını içirdi.
Kabab qanlı, igid canlı!‐ ofisant bəh‐bəhlə buludu
qabağımıza qoydu, kababçılarını tərifləyərək iştahımızı açmaq
istədi. Zarafatla ağzından vurub onu yola saldım:
‐ Sağ ol qardaş, ala bu çaypulunu, çıx get, səni and verirəm
əzizlərinin canına, bəri gəlmə...
“İnqilab” küçəsindəki “Tonqal” restoranında öncəki
həyatında vikinq olduğuna inanan qızın şərab qədəhini çənəsinə
söykəyərək sənin deyəcəyin sağlığı gözləməsi, bütün lənətlərin
96
acığına çarmıxın dibində bitmiş lalənin bir üsyançı ruhunu cana
gətirməsinə bənzəyər...
Ondan sonra Hızır gəlsə nə olacaq, gəlməsə nə olacaq...
Mən sənə Hızırın atından danışmayacam, Loviza!
Mən sənə Azərbaycanda Hızır Nəbi mərasiminə “Qurdlar
bayramı” deyilməsindən bəhs etməyəcəm!
Mən sənə qurdun yaşayacağı hər yerdə özümə yuva qura
biləcəyimdən söz açmayacam, Loviza!
Mən sənə Alim Qasımovun bizi ovsunlayan mahnısının
gizəmini anladacam:
Yaramı sarı!..
***
Ağlım başımdan çıxdı. Cins şalvarlı dalğın qız harasa yoxa
çıxmış, sarı örpəkli, sarı‐qızılı dekolteli, sarışın, mavi gözlü çılğın
gözəllik dayanmışdı qapıda. Onu təriflədim:
‐ Bu qədər gözəl olduğunu təsəvvür etmirdim!
‐ Mən də bu qədər cəsarətsiz olduğunu!‐ içəri girəndə onu
öpmədiyimə tənə elədi.
Hər ikimizə qəhvə süzdü. Masanın üzərindəki kitabı
götürüb baxdım. Kundalinidən bəhs edirdi. Loviza kitabın
məzmunu haqda qısa bilgi verdi:
‐ Kundalini insanın içində yatmış enerjidir. Onu oyandırmaq
lazımdır! Hər insan özü körükləyə bilər o alovu. Sən daxilən hazır
olmalısan, yoxsa yüz kitab, min müəllim qalaya bilməz o ocağı...
Kundalinidən çox danışmadıq. Şərab içdik, vals oynadıq,
aram‐aram özümüzə gəldik. Kundalini yada düşmədi, əsla. İşıqlar
söndü. Zülmətdə qaldıq. Qucaqlaşdıq. Belimin naziyindən bir od
qalxırdı. “Eskato! Bebeloy!”‐ pıçıldadı. Mən Loviza ilə ingiliscə
danışırdım, dediyi son cümlə özgə dildəydi. Mənasını soruşdum.
‐ Əsl yolçu olmayanlar bizi tərk etsinlər!
Dövlətləri otaqdan qovduq. Sərhədləri əynimizdən
soyunduq.
97
‐ İşığa qovuşmaq üçün qaranlığa müqavimət göstərmək
lazım!
‐ Sən mistik qəhrəmansan‐ dodaqlarından öpməmə fürsət
verdi.
İşıqlaşana qədər ibadət etdik. Kundalinidən söz açmağa
macal tapmamışdıq.
“Saboun xeyir, Odlar Yurdu” proqramında astroloq Ramal
Yusifzadə sensassiyalı xəbəri şərh edirdi:
‐ Təbii odun atəşgaha birdən‐birə qayıtması Allahın bizə
rəhm eləməsidir!
Allah hara, atəşgah hara!‐ səydərəşin səsini kəsdim. Özümü
duş qəbul edən Lovizanın yanına saldım. Köpüklü vannada Loviza
mənə “Eskato! Bebeloy!” cümləsinin işləndiyi ezoterik törəndən,
yunanların “Elevsin Mistikləri” məktəbindən danışdı:
‐ Onların rituallarından ancaq yarıyacan xəbərimiz var. İlk
mərhələləri adlayanlar Əsl Yolçu elan edilir, and içirdilər. Uca
rahib onlara gizli bilgiləri oxuyurdu. Əsl yolçular sirri saxlamağa
söz verdiklərindən mərasimin axırı bizə qaranlıqdır.
‐ Günümüzə çatan bilgilər?
‐ Üzümçülüyə və şərabçılığa nəzarət edən Tanrı Dionis hər
gün ölür və dirilirmiş. Hər bahar Elevsin mistikləri eyni adlı
şəhərdə, tanriça Persefonanın şərəfinə törən düzənləyərmişlər.
İştirakçılar çoxlu sınaqdan keçərək illüziyalar aləminə daxil
olarmışlar. Buradakı rahib əlində tutduğu gödək çubuğu
buxarların və dumanların içərisinə uzadar, rəngarəng anaforalar
yaradarmış. İştirakçılar halqalara girən zaman onlara görünməz
əllərin toxunduğunu və yerə çırpıldıqlarını hiss edərmişlər.
Qorxaqlar geri çəkilər, cəsurlar irəli gedərmişlər. İrəli gedənlərin
girdiyi tək sütunlu salonda yer üzündəki bütün pislikləri
zərərsizləşdirən və insanlara hücum edən vəhşi heyvanların
dilini‐ağzını qurudan bürünc ağacın altında taxt qurulurmuş.
Taxtda yeraltı dünyanın sahibi Dionis oturar, yanında müqəddəs
qız Persefona əyləşərdi. İştirakçılar törənin əvvəlki etaplarında
98
baş rahibənin təsvir etdiyi cəhətlərə əsasən tanıyarmışlar onu.
Ritualın gedişində Persefona qışqırarmış:
‐ ANA, İŞIQ!
O əsnada məşəllər sönər, kimsə bağırarmış:
‐ ÖLMƏK TƏKRAR DOĞULMAQDIR!
NƏNƏMİN SANDIĞI
‐ Buyur, abi,‐ ənənəvi xitabla Cahandar Bayoğlunun
zənginə cavab verdim.
‐ Nə iş görürsən?
‐ Oturmuşuq Azinlə, qonaqlıq gözləyirik...
‐ Sən təzə xəbər denən, guya Siz nə vaxt qonaq gözləmisiniz
ki? Elə həmişə qonaqlıq gözləyərsiniz, nə tüfəngə çaxmaq oldunuz,
nə sünbəyə toxmaq...
‐ Neyləyək abi, məsəli səndən uzaq, zər əhlində kərəm
yoxdur, kərəm əhlində zər!..
‐ Görürəm, darıxırsınız, durun gəlin yanıma...
‐ Baş üstdə, abi, baş üstdə, sən olmasan, batarıq bataqlıqda!..
Qapısı açıq idi. Soba xorhaxor yanırdı. Astananın
qabağındakı mətbəxdə çaydan özünü öldürürdü. Abi soyuqdan
gələcəyimizi nəzərə alıb çaydanı doldurmuş, qırağa qoymağı və
dəmləməyi öz öhdəmizə buraxmışdı. Əgər özümüzü yaxşı aparsaq,
lap dəqiqi, onun internetdə dünənki fəaliyyətini azacıq tərifləyə
bilsək, çayı türk şirniyatı ilə içəcəkdik. Cahandar Bayoğlu
virtuallaşan dünyanın nəbzini tutmuş ilk millətçilərdən idi.
“Paltalk” adlanan internet proqramında öz otağı vardı, hər həftənin
şənbə günü türk dünyasının müqəddəratı orada həll olunurdı. “Ağ
ev”ə, Kremlə, Çankaya köşkünə həftəlik mesajlarını Cahandar bəy
oradan verər, Tehranın sarayına durmadan atəş açardı.
Bayoğlunun ofisinin qalın divarları çöldən həyətdəki Hökümə
xalanın çığırtısına, içəridən siqaret tüstüsünə və Araz Elsəsin
99
türkülərinə alışmışdı. O, hər dəfə bilgisayarını açanda Boz Qurd
ağzını Savalana tutub ulayar, Əbülfəz Elçibəyi salamlayardı. Bəyin
yanından Mustafa Kamal Atatürk və Başbuğ Alparslan Türkeş
asılmışdı. Küncdəki televizor ancaq “Kurtlar vadisi” teleserialı
gedəndən‐gedənə açılardı, Bayoğlu həmin filmdəki Doğu bəyi çox
sevər, bölgədə gedən prosesləri müxtəlif dövlətlərin dərin
maraqları açısından təhlil edəndə ondan sitatlar gətirərdi. Ayda bir
dəfə “Kütləvi İnformasiya Vasitələri Evi”ndə konfrans keçirər,
Güney Azərbaycanda azadlıq mübarizəsini qızışdırar, Mahmudəli
Çöhrəqanlıya qahmar çıxardı. Doktor Çöhrəqanlı xarıcdə sığınacaq
alan ərəfədə yeni qurum yaratmış, Güney Azərbaycandakı milli
fəalların müdafiəsinə qalxmışdı. Bütöv Azərbaycan yolunda
qoyduğu qabığı “ETTELAT” qara dəftərinin arasında saxlayırdı.
Təzə noutbuk yükünün xoruzun belində olmadığını masaya
qoyurdu, əli yaxşı idi, dünən “paltalk”a qoşulub Tehrana iki
“enter” də biz vursaydıq, bir türk lokantasında boğazımızı
isladırdıq indi. Sözü gələcəkdən salmaq, keçmişə boylanmamaq
lazım idi. Mümkün deyildi! Araz Elsəsin uddurduğu qanın dalınca
rakı kar eləməzdi kimsəyə, adamın ürəyini, ələ düşsə, qımız
sərinlədərdi. Atlar tappatap, tappatap, tappatap, tappatap
zamandan uzaqlaşırdılar. Tappatap, tappatap, tappatap, tappatap
zamandan uzaqlaşan atlar özünü Araza vururdular. Çay
qaynayırdı.
Çaydan
özünü
öldürürdü.
Atlar
kişnəyirdi.
Kişnəyənlər qanad açırdı. Qanad açanlar uçurdu. Uçanların dalınca
ürəyimiz atlanırdı, ürəyimizi qovurduq; qovur, qovur gətirib çaya
tökürdük. Çay qaynayırdı. Çaydan özünü öldürürdü. Atlar Arazı
güldürürdü. Araz gülə‐gülə axırdı. Araz gilə‐gilə axırdı. Arazgilə
axırdı...
‐ “Püff... olmadı daa!..”‐ Cahandarın əsəbi səsi Arazgildə
başmağımı cütləyib qabağıma qoydu.
‐ Nə olub, abi?‐ bəlkə onun qəfil reaksiyası olmasaydı
Arazgildə Cavidanı tapacaqdım. Canlanmış Cavidanı çoxdan
axtarırdım, tapa bilmirdim və lələyimi qarlı‐çovgunlu bir qış
100
səhərində Bəz qalasına yorğalayan atların ayağının palçığına
batıra‐batıra igidlik eləyib hələ ad qazanmamış oğuz oğlunu
tərkində Baş Bəyliyə aparan ruhun son vücudunu çəkirdim.
‐ Burada bir sual əskikdir... O sual qoyulmalıydı...
‐ Özüm ölüm, şaqqalatdırar adamı Araz, oxumur, bir ağ
atın quyruğunu düyünlədir adama...‐ Azin hələ özünə gəlməmişdi.
“Yox ey, burada o sual mütləq qoyulmalıydı ki, Babəkin
atının adı nə olub? Qoyulmalıdır, qoyulmalı deyil?”– Cahandar
cavabımı gözləmədən Araza qulaq asa‐asa göz gəzdirdiyi internet
səhifəsindən moderatorun sualını oxudu: “Forumumuz üzvlərinə IX
əsr Azərbaycan üsyançısı Babək Xürrəmi haqqında öz fikirlərini
paylaşmaq imkanı yaradır. Onun özü və başçılıq etdiyi xürrəm hərəkatı
haqqında həm tarixi qaynaqlarda, həm də günümüzdə ziddiyyətli fikirlər
söylənir. Bəs, Sizin fikrinizcə Babək kimdir?”
Əyilib özüm baxdım, sanki ali savadlı adam düz
oxumamışdı. “Yaxın gəl ey, qırğın gedir virtual dünyada”‐ Azini
səslədim. O, divandan qalxmadı. Deputatlığa namizəd olmuş
adamların da keçmə belə işindən, bəzən yaman ağır otururlar.
Rəyləri ona oxudum:
Dostları ilə paylaş: |