Ədəbiyyat mənbələri dedikdə elmi məlumatları özündə daşıyan sənədlər nəzərdə tutulur. Onlar elmi məlumatların saxlanılması və ötürülməsi üçün vacib vasitə sayılır. Tərtib formasına görə ədəbiyyat mənbələri sənəd (kitab, jurnal, əlyazma və s.) və elektron (sənədli mənbələrin elektron versiyaları, elektron bazalar, tele və audiötürmələr, qlobal məlumat şəbə- kələri və s.) formalara bölünürlər.
XX əsrin ortasından etibarən elmi ədəbiyyat mənbələrini sosial statusuna görə çap olunmuşlar və çap olunmamışlar kimi iki qrupa bölməyə başlayıblar. Çünki, yalnız çap olunduqdan sonra ideya və faktların elmi mübadilə üçün geniş yayılması və rəsmi qeydiyyatı mümkün idi.
Çap olunmuş ədəbiyyatlar – nəşriyyatda redaktə olunmuş sənədlərdir: kitablar, broşürlər, monoqrafiyalar, məcmuələr, periodik və davam edən nəşrlər, patentlər, standart və normativlər, kataloqlar və s. Onlar geniş yayılmaq üçün nəşriyyat tərəfindən çoxaldılaraq çap olunurlar.
Çap olunmamış ədəbiyyatlar – bu nəşriyyatda redaktə olunmamış və yalnız əlyazma hüququna malik sənədlərdir: dissertasiyalar, əlyazmalar, elmi-tədqiqat və sınaq-konstruktor işlərinin hesabatları, elmi tərcümələr, araşdırma materialları.
Yeniliyinə görə elmi ədəbiyyatlar ilkin və ikinci dərəcəli olaraq fərqləndirilir.
İlkin mənbələrə elmi tədqiqat nəticəsində birbaşa əldə edilən ilkin, empirik, nəzəri və ya yeni metodiki məlumat və faktlar daxildir. İlkin sənədlərə və nəşrlərə çap olunan ktabların böyük bir hissəsini, broşürlərı, jurnalları, qəzetləri, standartları, dissertasiya və tərcümələri aid etmək olar. Çap olunmuş ilkin sənədlərin növləri adətən standartlaşdırılır. Bədii ədəbiyyatlardan fərqli olaraq elmi ədəbiyyatlarda tərcümə praktikası geniş yayılmadığından elmi biliklər elə orijinal dildə verilir. Son illər çap olunan işlərin dəyəri onun beynəlxalq mətbuatda hansı miqyasda çap olunması və yayılması ilə qiymətləndirildiyindən demək olar ki, getdikcə elmi işçilər öz əsərlərini ingilis dilində çap etməyə cəhd edirlər. Gələcəkdə bu təmayülün daha da güclənməsi gözlənilir.
İkinci dərəcəli mənbələrə isə ilkin məlumatların analitik və məntiqi emalı nəticəsində alınmış sənədlər daxildir (sorğu kitabları, məlumat kitabçaları, biblioqrafik və ona oxşar olan digər nəşrlər). İkinci dərəcəli ədəbiyyatların əsas funksiyası ilkin mənbələrin işıq üzü görməsi haqqında operativ məlumatı yığcam şəkildə yaymaqdan ibarətdir. Onlar da ilkin ədəbiyyatlar kimi dövri və qeyri-dövri ola bilər.