Çox vaxt əlyazmada bir qrafiki təsvir və ya cədvəl vasitəsilə oxuculara daha çox informasiya çatdırmaq mümkündür. Müəllif şəkilləri mətnə daxil edərkən əlbəttə gözoxşayan iş tərtib etməklə bərabər, həm də bununla hər hansı bir vacib dəlili oxuculara göstərmək niyyətindədir. Mətnə müraciət etmədən oxuculara qrafiki təsvir və cədvəl vasitəsilə xüsusi məlumatların verilməsinə yalnız elmi işlərdə yol verilir. Mətndə göstərilmiş qrafiki təsvir aydın və başa düşünülən olmalıdır. Əlyazmanın son variantının mətnində qrafika ilə bağlı verilmiş izahın uyğunluğu bir daha yoxlanılmalıdır. Ümumiyyətlə şəkillərin yerləşdirilməsi zamanı mətndə onun yerinin düzgün seçilməsi vacibdir. İzahedici sxem və şəkillər mütləq uyğun mətn hissəsi yaxınlığında olmalıdır. İstisna hal kimi yalnız formatı mətnə uyğun gəlməyən təsvirlərin (böyük şəkillər) başqa səhifədə və ya əlavədə veriməsinə yol verilir. Bu halda mətndə əlavəyə keçid göstərilir. Əsas şəkil və yaxud cədvəl mətndə yerləşdirildikdən sonra onların izahı və ya tərtibi üçün vacib olan digər qrafiki materialları əlavəyə daxil etmək olar.
Mətndə verilən bütün qrafiki təsvirlər növündən asılı olmayaraq ardıcıl nömrələnir. Qrafiki cizgi və cədvəllər isə ayrıca nömrələnirlər. Hər bir qrafiki təsvirin öz başlığı olur və o, kənar mənbədən götürüldüyü halda mənbənin nömrəsi başlığın yanında verilir. Kənar mənbələrdən götürülən qrafiki təsvirlərdə dəyişikliklər edilərsə, bu mütləq ya birbaşa onun altında, və ya aid olduğu mətn hissəsində izah edilməlidir. Şəkil və diaqramların simvollarının izahı da mütləq tələb olunur.
Mətnlərdə istinad olunan şəkilin və ya cədvəlin nömrəsi mütləq göstərilməlidir. “Aşağıdakı cədvəldə” kimi izahatlardan istifadə məsləhət görülmür, çünki, bu oxucuda orientasiya problemi yarada bilər.
İşin məzmununu daha dolğun etmək məqsədilə istifadə edilən qrafiki təsvir formasının seçilməsində alternativ imkanlar da nəzərdən keçirilməlidir. Əsas təsvir formaları: sxemlər, diaqramlar, alqoritmlər və cədvəl- lərdir. Hər bir təsvir üçün çoxlu sayda variantlar mövcuddur. Məsələn, diaqramlar sütun, tir, çevrə, xətt, sahə və ya alqoritm şəklində işlənə bilir (şəkil 1).