Əlavələr işin struktur tərkibi ilə şərtlənərək kiçik və böyük həcmə malik olub, istənilən halda ayrı fəsil şəklində tərtib edilir. Buraya müəllif tərəfindən işin davamı kimi əyani materiallar daxil edilir. Qaydaya görə mətnə daxil eidlən əlavələrə verilən istinadların nömrələri əlavənin ardıcıllığı ilə üst-üstə düşməlidir.
Əlavəni növbəti ağ səhifədən başlayırlar. Bu səhifənin ortasında “ƏLAVƏLƏR” qeyd olunur. Hər bir əlavənin öz başlığı olur və yeni sətirdə yazılır. Əlavələr I və O istisna olmaqla azərbaycan əlifbasının hərfləri ilə işarələnir. Qeyd sözündən sonra əlavənin ardıcıllığını göstərən hərf qeyd olunur (məslən: ƏLAVƏ B). Əlavələrin sayı həddən çox olduqda onları ərəb rəqəmləri ilə nömrələmək daha məqsədəuyğundur. Əgər işdə yalnız bir əlavə varsa o “ƏLAVƏ A” kimi göstərirlər. Hər bir əlavədəki mətni bölmələrə ayırmaq mümkündür. Onlar verilmiş əlavənin daxilində nömrələnir. Əlavələr və əsas mətn olan səhifələrin nömrələnməsi ardıcıl aparılırlar.
Müh.13. Kreativ yazma. Elmi dil. Yazma çətinlikləri. Kreativ yazma texnikaları İdeyaların qeyd olunması. Sərbəst yazma. Klaster metodu. Yaddaş xəritəsi
Elmi dildə kreativlik Əlyazmanın hazırlanmasının formal tərəfləri ilə bərabər onun məzmununun kreativ şəkildə tərtibi də vacibdir. Kreativ yazma nə deməkdir? Buna qısa nəzər salaq. “Kreativ yazma” ifadəsi ingilis dilində olan “Creative Writing”–in birbaşa tərcüməsi olub, XIX əsrin sonlarına təsadüf edir. Həmin dövrdə ABŞ universitetlərinin məşğələ dərslərində tətbiq olunan kreativ yazma ədəbiyyat elmi üzrə təhsil alan tələbələrin yazma təcrübələrini artırmağa xidmət edirdi. Son illərdə bu yazma metodu o qədər inkişaf edib ki, demək olar ki, ona bütün elm sahələrində rast gəlinir. Tətbiq olunduğu elm sahəsindən asılı olmayaraq kreativ yazmada ümumi texnikadan istifadə edilərək yazma üçün material və ideyaların tapılmasına cəhd göstərilir. Kreativ yazmada dildən istifadə etmək sərbəstdir. Bu metodun tətbiqi ilə mövcud materialı yenidən işləmək və ya yeni material (mətn) tərtib etmək olar. Kreativ yazmanın əsas məqsədi tədqiqatçıda yeni “bir şeyin” yaradılması üçün təxəyyülün aktivləşdirilməsinə kömək etməkdir. Əsas xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, burada mətnin keyfiyyətinin yaradılması ilə artırılması arasında baş verən bir proses nəzərdə tutulur. Burada həmçinin, dialektik olaraq məhdudiyyət və spontanlıq arasında işləyən istiqamətləndirici yazmaqdan da danışmaq olar. Müəyyən zaman kəsiyində müəyyən qaydalara əməl etməklə mətn yazmaqdan imtina edən kreativ yazma, sərbəst və avtomatik yazmaya, meydana çıxan ideyalar və idrak cərəyanına əsaslanır.
İndi isə elmi işlərin tərtibində kreativliyin tətbiqinə qayıdaq. Burada kreativ yazma tədqiqatçının tipik elmi dil ilə konfrontasiyası və onunla bağlı yazma çətinlikləridir. Kreativ yazmanın işdə nə qədər yer alması müəllifin şəxsi potensialından asılıdır. Onun yazma qabiliyyəti sonda, elmi işin yazılmasında aydın görsənir. Burada onu demək lazımdır ki, hər bir tələbədən və ya elmi işçidən “mükəmməl əlyazma” tələb etmək olmaz. Amma bəzi texniki aspektlərə diqqət etməklə əlyazmanı daha da dolğun hazırlamaq mümkündür.
Əvvəlki fəsildə qeyd edildiyi kimi, elmi dil ilə jurnalist dili bəzi hallarda onların məqsədindən asılı olaraq bir-birindən diametral fərqlənirlər. Jur- nalist dili oxucuya informasiya ötürmək, onu əyləndirmək məqsədi daşıdığı halda, elmi dildə yazılmış mətn yeni biliyin əldə edilməsinə xidmət edir. Elmi−tədqiqatlar çox vaxt yalnız kiçik qrup insanlar üçün nəzərdə tutulduğundan, heç də onları hər adam tam başa düşmür.
Ümumiyyətlə vahid “elmi dil”, yəni “elmi dildə vahid yazma üsulu” varmı sualının bir mənalı cavabı yoxdur. Çünki, nə qədər elm sahəsi varsa, bir o qədər də spesifik dillər, daha doğrusu yazma üslubları mövcuddur. Sosioloq və hüquqşünaslar haqqında düşündükdə məlum olur ki, onların illər boyu öz jarqonları formalaşıb. Yəni onların tam ixtisas jarqonunda yazdıqları mətni hamı başa düşə bilmir. Bu hər bir elm sahəsi üçün səciyyəvidir.
Elm dilləri formalaşdıran tipik elementlər bunlardan ibarətdir:
Faktların göstərilməsi;
Parafrazların tərtibi (mətnin öz sözləri ilə ifadəsi);
Sitatların göstərilməsi;
Əsaslandırma;
Münasibətlər və əlaqələrin yaradılması;
Anlayışların təyini;
Dəqiqləşdirmə;
Sistematik araşdırma;
Differensiallama;
Əks hipotezlərin irəli sürülməsi;
Mətni yekunlama;
Dəyərlərin vurğulanması.
Qeyd olunan bu elementlərin işlənməsi elm sahəsindən asılı olaraq müxtəlif ixtisaslara xas olan terminlərin köməyi ilə təsvir edilir. Elmi işin nəzəri və empiriya növlü olmasından asılı olaraq faktlar və hadisələr ara- sında səbəb–nəticə əlaqələrinin təsviri üçün işlədilən dilin semantik və morfoloji strukturu fərqli olur. Mətnlərdə işlədilən söz və söz birləşmələri xüsusi elm sahəsinə aid olduğundan, onların köməyi ilə hər hansı bir fikrin ifadə edilməsi mütləq bu elm sahəsinin məşğul olduğu obyektlərlə bağlı olur. Bu baxımdan tibb üçün xas olan elmi dil ilə texniki elmi dili müqayisə etmək olmaz. Digər tərəfdən tibb elmi dilini yaxşı bilən şəxs texniki elmi dili anlaya bilməsi mütləq deyil. Ona görə də, sonrakı bölmələrdə izah edilən kreativ yazma texnikası deyəndə mütləq onu konkret bir sahə üçün təsəvvür etmək lazımdır.