BÖLMƏ II. ƏSAS TƏSƏRRÜFAT SAHƏLƏRİNİN MÜHASİBAT UÇOTU I MÖVZU. ƏSAS VƏSAİTLƏRİN UÇOTU -
Əsas vəsaitlərin daxil olmasının sənədləşdirilməsi və uçotu
-
Əsas vəsaitlərin köhnəlməsinin (amortizasiyasının) uçotu
-
Əsas vəsaitlərin təmirinin uçotu
-
Əsas vəsaitlərin təsərrüfatdan çıxmasının uçotu
-
Əsas vəsaitlərin icarəsinin uçotu
ƏLAVƏ ƏDƏBİYYAT
-
V.A.Pipko, L.İ.Umviükiy. Vneoborotnıe aktivı: uçet, analiz, audit. Moskva, 1999
-
E.A.Rusakova, N.A.İbraqimova. Uçet osnovnıx sredstv, Moskva, 1999
-
S.M.Süleyvanov «Əsas vəsaitlərin uçotu və auditi», Bakı-2003
-
Q.Ə.Abbasov «Bazar iqtisadiyyatı şəraitində əsas vəsaitlərin uçotunun təşkili», «Maliyyə və uçot» jurnalı, №1-2, №3-4 2003
-
E.O.Səfərov «Əsas vəsaitlərin köhnəlməsi və onun mühasibat uçotunda əks etdirilməsi», «Maliyyə və uçot» jurnalı, №4 – 2003
1.1.Əsas vəsaitlərin iqtisadi mahiyyəti, istehsalda rolu və təsnifatı
Əsas vəsaitlər hər bir müəssisə və firmanın maddi-texniki bazasının əsasını təşkil edir. Əsas vəsaitlərin səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, onlar müəssisənin istehsal (xidmət) sferasında bir ildən çox iştirak edir, dəyəri normativ sənədlərlə tənzimlənir, köhnəldikcə öz dəyərini müəyyən edilmiş normalarla hissə-hissə məhsulun (xidmətin) dəyərinə keçirir, istehsal prosesində öz natural formasını saxlayır.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 oktyabr 1995-ci il tarixli əmri ilə təsdiq olunmuş və 01 yanvar 1996-cı ildən qüvvədə olan «Müəssisələrin mühasibat uçotunun Hesablar Planı və onun tətbiqinə dair Təlimat»a müvafiq olaraq, ölkədə inflyasiyanın sürətini nəzərə alaraq 01 yanvar 1996-cı ildən sonra alınan əsas vəsaitlərin vahidinin və dəstinin dəyərinin minimum həddi 500 min manat həcmində müəyyən olunmuşdur. AR-nın vergi nəticəsinə edilmiş əlavə və dəyişikliklərə əsasən bu məbləğ hazırda 550 min manat təşkil edir
Əsas vəsaitlər mühasibat uçotunda ilk dəyəri ilə, yəni onların alınmasına, quraşdırılmasına və hazırlanmasına çəkilən faktiki xərc məbləğində əks etdirilir. Öz mülkiyyətində olan torpaq sahələrindən başqa əsas vəsaitlərin ilk dəyəri onlar yenidən qiymətləndirildikdə, yenidən qurulduqdu, onlarda yeni tikinti işləri aparıldıqda, yeni avadanlıqlar quraşdırıldıqda və onların müvafiq obyektləri qismən ləğv edildikdə dəyişə bilər.
Əsas vəsaitlər istehsal prosesinin mühüm amillərindən biri olduğundan onların dəyəri məhsul istehsalına çəkilən xərclərin tərkibində öz əksini tapmalıdır. Bu əsas vəsaitlərin dəyərinin müəyyən dövr ərzində istehsal olunmuş məhsulların, görülmüş işlərin maya dəyərinə və ya tədavül xərclərinə silinməsi yolu ilə həyata keçirilir. Bu əməliyyatların yerinə yetirilməsi əsas vəsaitlərə köhnəlmə hesablanması ilə həyata keçirilir.
Əsas vəsaitlərin uçotunun təşkili və obyektləri haqqında dəqiq informasiyanın formalaşdırılması üçün onların əsaslandırılmış təsnifləşdirilməsi böyük əhəmiyyətə malikdir. Hesablar Planı və onun tətbiqinə dair təlimatda əsas vəsaitlər aşağıdakı qaydada təsnifləşdirilir:
a) Binalar;
b) Qurğular (tikintilər);
v) Ötürücü qurğular;
q) Maşınlar və avadanlıqlar;
d) Nəqliyyat vasitələri;
e) İstehsalat alətləri və təsərrüfat inventarları (ləvazimatları);
k) İşçi və məhsuldar heyvanlar;
p) Sair əsas vəsaitlər.
Aşağıdakılar əsas vəsaitlərə aid edilməyərək müəssisələrdə dövriyyədəki vəsaitlərin, idarələrdə isə azqiymətli əşyaların və digər sərvətlərin tərkibində uçota alınırlar:
a) dəyərindən asılı olmayaraq xidmət müddəti bir ildən az olan əşyalar;
b) istehsal (xidmət) prosesində bir dəfə iştirak edən, öz dəyərini tamamilə məhsulun dəyərinə keçirən və bu prosesdə natural formasını saxlamayan sərvətlər;
v) dəyərindən asılı olmayaraq fərdi sifarişlərin yaxud məmulatların seriyalı və kütləvi istehsalı üçün düzəldilmiş xüsusi mexanizmlər və alətlər;
q) dəyərindən asılı olmayaraq kirayəyə vermək üçün təyin olunmuş əşyalar və s.
Əsas vəsaitlərin uçotunun düzgün aparılması üçün onların qiymətləndirilməsinin vahid prinsiplərinin müəyyən olunmasının da əhəmiyyəti böyükdür. Əsas vəsaitlər üç cür – ilk, qalıq və bərpa dəyəri ilə qiymətləndirilir.
Əsas vəsaitlər (ilk dəyərlə) müəssisə balansına götürüldüyü vaxtdan uçotda əks olunur. Onun müəyyən edilməsi onların əldə edilmə mənbəyindən asılıdır. Əsas vəsaitlər kapital qoyuluşu vasitəsilə müəssisənin özü tərəfindən yaradıla bilər və ya digər müəssisələrdən və şəxslərdən satın alına bilər.
Bu zaman həmin əsas vəsaitlərin yaradılmasına və ya alınmasına çəkilən faktiki məsrəflər daşınma, quraşdırma xərcləri də daxil olmaqla əsas vəsaitin ilkin dəyərini təşkil edir.
Əsas vəsaitin ilkin dəyəri daimi ölçü vahidi kimi qəbul olunur. Lakin obyekt yenidən qurulduqda, genişləndikdə, qismən ləğv olunduqda onun dəyəri dəyişdirilir. Əsas vəsaitlərin ilkin dəyəri dövlət tərəfindən onların yenidən qiymətləndirilməsi əsasında dəyişilə bilər.
Əsas vəsaitin bərpa dəyəri, dedikdə, müasir şəraitdə onların təkrar istehsalının dəyəri başa düşülür..
Əsas vəsaitlər istifadə olunduqları vaxtda köhnəlir və onun köhnəlməsi nəticəsində özünün əvvəlki dəyərini itirir, yəni dəyərinin azalmasına səbəb olur.
Beləliklə, əsas vəsaitin köhnəlməsi ilə əlaqədar dəyərinin azalmasınını pul şəklində ifadəsi onun amortizasiyası (köhnəlməsi) adlanır. Bu əməliyyat əsas vəsaitlərin dəyərini müəyyən olunmuş nisbətlərlə istehsal olunan məhsulların maya dəyərinə və ya tədavül xərclərinə silinməsi yolu ilə icra olunur. Mühasibat uçotunda əsas vəsaitlərin köhnəlməsi ayrılıqda əks olunur. Əsas vəsaitin ilkin dəyəri ilə hesablanmış köhnəlmə məbləği arasındakı fərqi çıxdıqdan sonra onun qalıq dəyəri müəyyən edilir.
Dostları ilə paylaş: |