Standartlaşma aspekti – verilmiş standartlaşdırma obyektinin müəyyən xassələrini (və ya xassələr qrupunu) xarakterizə edən standartlaşdırma istiqamətidir. Konkret məhsulun və ya konkret həmcins məhsllar qrupunun standartlaşdırma aspektləri aşağıdakılardır:
məhsulun istehsalı, satışı və istehlakı zamanı onun insanların həyatı, sağlamlığı və əmlakı üçün təhlükəsizliyi tələbləri;
ətraf mühitin mühafizəsi tələbləri (məhsulun istehsalı, satışı və istehlakı zamanı onun ekoloji təhlükəli xassələrinə tələblər) ;
məhsulun qəbul qaydalarına və vasitələrinə tələblər;
məhsulun keyfiyyət səviyyəsi göstəricilərinə nəzarət (sınaqlar, ölçmələr,analiz) metodlarına və vasitələrinə tələblər;
məhsulun nişanlanmasına tələblər;
məhsulun qablaşdırılmasına, nəqliyyat və istehlak tarasına tələblər;
məhsulun məqsədli (və ya funksional) təyinatı üzrə onun təhlükəsiz istehlakına (istismarına və ya istifadəsinə) tələblər;
məhsulun təhlükəsiz utilləşdirilməsinə ( və ya basdırılmasına, yaxud məhv edilməsinə) tələblər.
Reqlament –məcburi hüquqi normalardan ibarət olan sənəddir, yəni reqlamentə məcburi riayət edilməlidir. Digər normativ sənədlərdən fərqli olaraq, reqlamenti standartlaşdırma orqanı yox, yalnız hakimiyyət orqanları qəbul edirlər. Reqlamentlərin bir növü kimi texniki reqlamenti göstərmək olar. Bu zaman standartlaşdırma obyektinə verilən texniki tələblər göstərilir.
Texniki reqlamentlər kimi aşağıdakı sənədlər qəbul edilir: ölkənin texniki qanunvericiliyi; ölkə Prezidentinin texniki xarakterli tələbləri özündə əks etdirən fərmanları və Hökumət qərarları; məcburi standartlar, həmçinin hökümətin xüsusi nəzarət orqanlarının texniki normaları və qaydaları (inşaat norma və qaydaları, sanitar qaydaları və normaları və s).
Standartlaşdırma üzrə qaydalar –standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditləşdirmə sahəsində müəyyən növ istehsal proseslərinin yerinə yetirildiyi zaman məcburi riayət edilməli tipli təşkilati-texniki və ya ümumtexniki qaydaları, ümumi prinsipləri, xarakteristikaları, normaları özündə birləşdirən və standartlaşdırma üzrə milli orqan tərəfindən qəbul edilən standartlaşdırma üzrə normativ sənəddir.