Ceyms Coysun (1882-1941) yaradıcılığı C. Coys İrland yazıçısıdır. O ziyalı ailəsində dünyaya gəlmişdir və Dublin şəhərində universiteti başa çatdırmışdır. Gələcək yazıçı hələ uşaq yaşlarından müstəmləkə əsarəti altında olan İrlandiyanın aqibətini düşünmüş, lakin milli-azadlıq hərəkatının müsbət nəticə verə bilməyəcəyinə inana bilməmişdir. 1904-cü ildə Coys Avropa qitəsinə getdi və 1920-ci ildə Parisdə məskunlaşdı. Burada o tibbi musiqini öyrənməyə başlamışdır. 1907-ci ildə C. Coys ilk lirik şeirlər kitabını (kamera musiqisi) nəşr etdirmişdir. Kitaba daxil edilmiş poetik nümunələrdə simvolizmin izləri açıq-aydın sezilir. Yazıçı özünün erkən hekayələrini “Dublinlilər” (1914) kitabında toplamışdır. Bu hekayələrdə insan arzu və istəklərinin labüd məhvi mövzusu aparıcıdır. “Sənətkarın gənclik portreti” (1916) romanında yazıçı rəssam Stifen Dedalusun mənəvi-ruhi inkişafının tarixini təsvir etmişdir. Dedalus ailəsində və ümumiyyətlə İrlandiyada incəsənət adamlarına qarşı hökm sürən mənəvi zülmə qarşı mübarizə aparır, ailəsi ilə bütün əlaqələrini kəsir, xristian dinindən imtina edir. Eyni zamanda Dedalus milli-azadlıq hərəkatında da iştirakdan çəkilir və yeganə çıxış yolunu yaradıcılıqla əlaqələndirir. C. Coysun yaradıcılığında “Uliss” romanı (1922) xüsusi yer tutur. Əsər bir növ müasir “Odisseya” kimi dəyərləndirilə bilər. Əsərdə müasir kapitalist cəmiyyətinin məruz qaldığı böhran vəziyyəti təsvir olunur. Obyektiv şəkildə “Uliss” romanı müasir cəmiyyətin əxlaqına, mənəviyyatına oxunan amansız hökmdür. Bu əsərdə Coys ilk dəfə dünya ədəbiyyatında real gerçəkliklə bütün əlaqələri kəsən insanın daxili aləminin reallığını təsvir etməyə cəhd etmişdir. Romanda iki nəfər dublinlinin bir günlük həyatı təsvir olunmuşdur. Əsərdə müəllif obyektiv reallığı deyil, onun personajlarını “şüur axını”nda nə şəkildə əks olunmasını qələmə almışdır. Məhz buna görə də müəllif düşüncə qırıqları, təsadüfi assosiasiyalar, ötərgi hislər vasitəsilə insanın obyektiv gerçəkliyə verdiyi reaksiyaları təsvir etməyə cəhd edir. “Finneqan üçün yas” (1939) əsəri dünya ədəbiyyatında ən çətin oxunan və dərk olunan ədəbi-bədii nümunələrdən hesab olunur.