Bərabər dəyişən şəbəkədə isə quyular arasında məsafələr eyni qəbul edilirsə, sıralar arasındakı məsafələr nisbətən çox götürülür. Bu halda vurucu quyular bir qayda olaraq yatağın kənar hissələrində yerləşdirilir. Belə şəbəkə geoloji quruluşu nisbətən sadə, qeyri-bircinsliliyi az, neftlərin özlülüyü isə zəif olanda tətbiq olunur. Burada vurucu quyuların yerləşdirilməsində onların istismar quyu sıralarının maksimum üçünə təsir edə biləcəyi nəzərdə tutulmalıdır.
Şəkil 3. Bərabər dəyişən quyu şəbəkəsi (º istismar quyuları; * vurucu quyular) Quyuların yerləşdirilmə forması. Neftçıxarma təcrübəsindən məlumdur ki, yataqlarda əsas fondun quyuları kvadrat və üçbucaq formalarında yerləşdirilir (şək. 4).
Quyu şəbəkəsinin sıxlığı. Bu göstərici quyular və sıralar arasında məsafə və bir quyuya düşən neftlilik sahəsi ilə səciyyələnir.
Yataqların geoloji quruluşundan asılı olaraq quyu şəbəkəsinin sıxlığı müxtəlif cür qəbul olunur. Məsələn, qeyri-bircinsli quruluşlu, kiçik keçiricili laylar və yüksək özlü neftlər şəraitində quyular arasında məsafə 400 m götürülür ki, bu da 16 ha/quyu deməkdir; geoloji mühitin qeyri-bircinsliliyi şəraitində yüksək özlülüklü neftli laylarda süxurların keçiriciliyi yüksək olanda isə quyular arasında məsafə 400-500 m götürülür (16-25 ha/quyu); yataqların əlverişli geoloji şəraitlərində (böyük qalınlığa malik monolit laylarda, qeyri-bircinsliliyi zəif, yüksək keçiricili süxurlarda, çox kiçik özlü neftlərdə) quyular arasında məsafə 600-1000 m götürülə bilər. Bu da quyu şəbəkəsinin sıxlığının 36-100 ha/quyu deməkdir.
Yuxarıda təsvir olunan quyuların yerləşdirilmə xarakteri, forması və sıxlığı haqqında məlumatlar fonunda təcrübədə olduqca müxtəlif dəyişmələrə rast gəlinir. Xüsusilə ehtiyat fondunun qazılmasında işlənilmə layihəsində nəzərdə tutulan şəbəkə göstəriciləri dəyişdirilə bilər. Bu onunla əlaqədardır ki, işlənilmə prosesində yataqda su-neft konturu qeyri-bərabər hərəkət edə bilər və yaxud yataq sahəsində işlənilmə ilə əhatə olunmayan zonalar yarana bilər və s.