DUSTAQLARIN DİLEMMASI iki yaxalanmış dustaq arasında hətta qarşılıqlı olaraq faydalı olduğu halda belə əməkdaşlığın qorunmasının nə üçün çətin olduğunu göstərən"oyun"
Dustaqların Dilemması Dustaqların dilemması polis tərəfindən yaxalanmış iki cinayətkar haqqında hekayədir. Onları Bonni və Klayd adlandıraq. Polisin Bonni və Klaydı qanunsuz silah daşıma kimi kiçik cinayətdə ittiham etmək üçün kifayət qədər sübutu var və hər biri dustaqda bir il keçirəcək. Polis bu iki cinayətkarın bank oğurluğunda iştirak etməsindən şübhələnsə də, onları bu böyük cinayətdə ittiham etmək üçün ciddi sübutları yoxdur. Polis Bonni və Klaydı ayrı-ayrı otaqlarda dindirir və onlardan hər birinə aşağıdakı sövdələşməni təklif edirlər:
"Bu dəqiqə səni bir illiyə həbs edə bilərik. Lakin, bank oğurluğunu və ortağının da bu işdə əli olduğunu da boynuna alsan sənə bəraət verər və azad edərik. Ortağın isə 20 il iş alacaq. Lakin, əgər hər ikiniz cinayəti boynunuza alsanız sizin ifadənizə ehtiyac olmayacaq və məhkəmə xərclərindən qaça bilərik və hər biriniz dərhal 8 il alacaqsınız."
Qəddar bank oğruları olan Bonni və Klayd yalnız öz hökmləri haqqında düşünərsə onların nə edəcəyini düşünürsünüz? Önlar cinayəti etiraf edəcəklər yoxsa susacaqlar? Təsvir 2-də (səh. 356) onların hər birinin seçimi göstərilmişdir. Hər bir dustağın iki strategiyası var: etiraf etmək və ya susmaq. Hər bir dustaq üçün çıxarılan hökm onun özünün və cinayət ortağının seçdiyi strategiyadan asılıdır.
İlk olaraq, Bonninin qərarına baxaq. O, belə düşünür: "Mən Klaydın nə edəcəyini bilmirəm. Əgər o, susarsa, mənim ən yaxşı strategiyam cinayəti etiraf etmək olar. Onda mən azad olar və bir ili həbsxanada keçirmərəm. Əgər o, cinayəti etiraf edərsə, yenə də mənim üçün ən yaxşı strategiya cinayəti etiraf etmək olar. Onda mən həbsxanada 20 il deyil 8 il keçirəcəyəm. Deməli, Klaydın nə etməsindən asılı olmayaraq cinayəti etiraf etməyim yaxşı olardı"
Oyunlar nəzəriyyəsi dilində digər oyunçuların hansı strategiyanı seçməsindən asılı olmayaraq, oyunçu üçün ən yaxşı olan strategiya dominant strategiya adlandırılır. Bu halda cinayətin etiraf edilməsi Bonni üçün dominant strategiyadır.