Real Həyatdan Misal OPEK VƏ DÜNYA NEFT BAZARI Şəhərin su bazarı haqqında hekayəmiz uydurma olsa da suyu xam neft, Cek və Cili isə İran və İraq ilə əvəz etsək hekayə reallığa yaxın olar. Dünyadakı neftin əsas hissəsi bir neçə ölkə tərəfindən əsasən yaxın Şərqdə istehsal edilir. Bu ölkələr birlikdə oliqopoliya təşkil edirlər. Onların nə qədər neft çıxarmaqla bağlı qərarları Cek və Cilin nə qədər su çıxarmaqla bağlı qərarları ilə, demək olar ki, eynidir.
Dünya neftinin əsas hissəsini istehsal edən ölkələr Neft İxrac Edən Ölkələr (OPEK) adlanan kartel yaratmışdırlar. 1960-cı ildə ilk dəfə yarandıqda OPEK-ə İran, İraq, Küveyt və Venesuela daxil idi. 1973-cü ilə qədər daha səkkiz ölkə: Qətər, İndoneziya, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador və Qabon təşkilata qoşuldular. Dünyanın neft ehtiyatlarının dörddə üç hissəsi bu ölkələrin nəzarətindədir. Bütün kartellər kimi, OPEK istehsal həcminin koordinasiya edilmiş şəkildə azaldılması ilə öz əmtəəsinin qiymətini qaldırmağa çalışır. OPEK üzv ölkələrin hər biri üçün istehsal səviyyəsini müəyyən etməyə çalışır.
OPEK-in üzləşdiyi problem bizim hekayədə Cek və Cilin üzləşdiyi problemlə, demək olar ki, eynidir. OPEK ölkələri neftin yüksək qiymətini saxlamaq istərdi. Lakin hər bir üzv ölkə məcmu mənfəətdən daha böyük pay əldə etmək üçün istehsalını artırmaq istəyir. OPEK üzvləri tez-tez istehsalı azaltmaq üçün razılığa gəlsələr də, sonradan razılaşmaları pozurlar.
OPEK 1973-1985-ci illər arasındakı müddətdə uğurla əməkdaşlıq edir və qiyməti yüksək saxlayırdı. Xam neftin bir barrelinin qiyməti 1972-ci ildə 2.64 dollardan 1974-cü ildə 11.17 dollara, daha sonra isə 1981-ci ildə 35.10 dollara qalxdı. Lakin, 1980-ci illərin əvvəllərində üzv ölkələr arasında istehsal səviyyəsi ilə bağlı fikir ayrılıqları meydana çıxmağa başladı və OPEK əməkdaşlığın davam etdirilməsində səmərəsini itirdi. 1986-cı ilədək xam neftin bir barreli yenidən 12.52 dollara düşdü.
Son illərdə, OPEK üzvləri müntəzəm görüşlər keçirməkdə davam etsələr də, kartel razılaşmaların əldə edilməsi və həyata keçirilməsində müvəffəqiyyət əldə edə bilməmişdir. Xam neftin qiyməti bütün inflyasiya nəzərə alınmaqla OPEK-in 1981-ci ildə əldə etdiyi səviyyədən çox aşağıda qalmışdır. Əməkdaşlığın olmaması neft istehsal edən dövlətlərin mənfəətinə mənfi təsir göstərsə də, dünyadakı istehlakçılar bundan faydalandı.