OLİQOPOLİYALARLA BAĞLI DÖVLƏT SİYASƏTİ Fəsil 1-dəki Ekonomiksin On Prinsipindən biri bəzən dövlətin bazar fəaliyyətinin nəticələrini yaxşılaşdıra bilməsidir. Bu prinsip, ümumi məsələ olaraq, oliqopolistik bazarlara birbaşa tətbiq edilə bilər. Bildiyimiz kimi, çox aşağı istehsal və çox yüksək qiymətə səbəb olduğundan oliqopolistlər arasında əməkdaşlıq cəmiyyət nöqteyi-nəzərindən arzu olunan deyil. Resursların paylaşdırılmasını sosial cəhətdən optimal nöqtəyə çatdırmaq üçün səlahiyyətli şəxslər oliqopoliyadakı firmaları əməkdaşlıq etməyə deyil rəqabət aparmağa vadar etməlidir. Səlahiyyətli şəxslərin bunu necə etdivini nəzərdən keçirək və dövlət siyasətinin bu sahəsində ortaya çıxan ixtilafları araşdıraq.
Ticarətin Məhdudlaşdırılması və Anti-inhisar Qanunları Siyasət vasitəsilə əməkdaşlığa mane olmağın yollarından biri ümumi qanunlardır. Normal olaraq, müqavilələr bağlamaq hüququ bazar iqtisadiyyatının əsas hissələrindən biridir. Ticarət müəssisələri və təsərrüfatlar müqavilələrdən qarşılıqlı faydalı ticarəti təşkil etmək üçün istifadə edirlər. Bunu edərkən onlar müqavilələrin həyata keçirilməsində məhkəmə sisteminə etibar edirlər. Lakin, əsrlər boyu İngiltərə və Birləşmiş Ştatların hakimləri rəqiblər arasında istehsal həcmini azaltmaq, qiyməti isə qaldırmaq üçün bağlanmış müqavilələrin ictimai rifaha zidd olduğunu hesab etmişlər. Bu səbəbdən onlar belə razılaşmaları həyata keçirilməkdən imtina etmişlər.
1980-ci il Şerman Anti-inhisar Qanunu bu siyasəti sistemləşdirmiş və gücləndirmişdir:
Müxtəlif ştatlar arasında və ya xarici dövlətlərlə istehsal və ya ticarətin məhdudlaşdırılması məqsədi güdən razılaşma, birləşmə və sövdələşmə qanunsuz hesab edilir.... müxtəlif ştatlar arasında və ya xarici ölkələrlə istehsal və ya ticarətin hər hansı hissəsini inhisarlaşdıran və ya inhisarlaşdırmağa çalışan və ya inhisarlaşdırmaq məqsədilə hər hansı şəxs və ya şəxslərlə birləşən və ya sövdələşən hər bir şəxs cinayətdə təqsirli bilinəcək və ittiham edilərək məhkəmənin qərarına əsasən əlli min dollardan çox olmayaraq cərimələnəcək və ya bir ildən artıq olmayaraq bir il müddətinə həbs olunacaq və ya hər iki cəza tətbiq olunacaq.
Şerman Qanunu oliqopolistlər arasındakı razılaşmaları həyata keçirilməyən müqavilədən cinayətkar sövdələşməyə çevirdi.
1914-cü il Kleyton Qanunu anti-inhisar qanunlarını daha da gücləndirdi. Bu qanuna görə əgər hər hansı şəxs ticarətin qanunsuz məhdudlaşdırılması səbəbindən ziyana məruz qaldığını sübut edə bilərsə, həmin şəxs iddia ilə məhkəməyə müraciət edə bilər və məruz qaldığı ziyanın üç qatını geri qaytara bilər. Bu ziyanın üç qatının qaytarılması ilə bağlı qeyri-adi qayda sövdələşmiş oliqopolistlərə qarşı şəxsi məhkəmə iddialarını stimullaşdırmaq məqsədi daşıyırdı.
Bu gün həm ABŞ Ədliyyə Nazirliyi, həm də siyasi partiyalar anti-inhisar qanunlarının həyata keçirilməsi ilə bağlı məhkəmə işi açmaq səlahiyyətinə malikdir. Fəsil 15-də göstərildiyi kimi, bu qanunlardan hər hansı bir firmanın həddən artıq bazar gücünə malik olmasına səbəb olan birləşmələrin qarşısının alınması üçün istifadə edilir. Bundan əlavə, bu qanunlar oliqopolistlərin onların bazarlarını daha az rəqabətli edəcək şəkildə birgə fəaliyyətinin qarşısını almaq üçün istifadə edilir.