Anti-inhisar Siyasəti ilə Bağlı Fikir Ayrılıqları Uzun müddət anti-inhisar qanunlarının hansı növ fəaliyyəti məhdudlaşdırmalı olması məsələsi ilə bağlı fikir ayrılıqları mövcuddur. Əksər şərhçilər rəqabət aparan firmalar arasında qiymətin təyin edilməsi ilə bağlı razılaşmaların qanunsuz hesab edilməsi ilə razılaşır. Lakin anti-inhisar qanunlarının təsirləri o qədər də nəzərə çarpmayan bəzi işgüzar münasibətlərin qadağan edilməsində istifadə edilmişdir.
Pərakəndə Satış Qiymətlərinin Saxlanılması Mübahisəli işgüzar fəaliyyətə aid misal kimi, həm də vicdanlı ticarət adlanan pərakəndə satış qiymətlərinin saxlanılmasını göstərmək olar. Superduper Electronics-in DVD pleyerləri pərakəndə satış mağazalarına 300 dollara verdiyini təsəvvür edin. Əgər Superduper pərakəndə satıcılardan müştərilər üçün qiyməti 350 dollar müəyyən etməsini tələb edirsə, o halda o, pərakəndə satış qiymətini saxlanılması ilə məşğul olmuş olur. 350 dollardan az qiymət müəyyən edən hər hansı pərakəndə satıcı Superduperlə müqaviləni pozmuş olur.
İlk baxışda pərakəndə satış qiymətinin saxlanılmasının rəqabətə qarşı və bu səbəbdən cəmiyyət üçün zərərli olduğunu düşünmək olar. Kartel üzvləri arasındakı razılaşma kimi bu, pərakəndə satıcıların qiymət üzrə rəqabət aparmasının qarşısını alır. Bu səbəbdən, tez-tez məhkəmələr pərakəndə satış qiymətinin saxlanılmasını anti-inhisar qanunlarının pozulması kimi qəbul etmişdirlər.
Lakin bəzi iqtisadçılar iki şeyə əsaslanaraq pərakəndə satış qiymətlərinin saxlanılmasını müdafiə edirlər. İlk olaraq, onlar bunun rəqabəti azaltmaq məqsədi daşıdığını inkar edirlər. Superpuder Electronics hər hansı bazar gücünə malik olduqda bu gücdən pərakəndə satış qiymətlərinin saxlanılması üçün deyil, topdansatış qiymətlərinə təsir etmək üçün istifadə edə bilər. Bundan əlavə, Superduperin öz pərakəndə satıcıları arasında rəqabətə mane olmaq niyyəti yoxdur. Aydındır ki, pərakəndə satıcılardan ibarət kartel rəqabət aparan pərakəndə satıcılardan daha az satdığına görə pərakəndə satıcılarının kartel təşkil etməsi Superduper üçün sərfəli deyil.
İkincisi, iqtisadçılar pərakəndə satış qiymətlərinin saxlanılmasının qanuni məqsəd daşıdığını hesab edirlər. Superduper pərakəndə satıcılarının müştərilərə gözəl vitrin və bacarıqlı satış personalı ilə təmin etməsini istərdi. Lakin, pərakəndə satış qiymətlərini saxlamadıqda bəzi müştərilər DVD pleyerlərin xüsusiyyətləri haqqında məlumat almaq üçün bir mağazanın xidmətindən istifadə edib, sonra həmin əşyanı bu xidməti göstərməyən mağazadan güzəştlə almaq istəyər. Müəyyən mənada, yaxşı xidmət Superduper əmtəələri satan pərakəndə satıcılar arasında ictimai əmtəədir. Fəsil 11-də göstərildiyi kimi, bir şəxs ictimai əmtəəni təmin etdikdə digərləri heç nə ödəmədən bu xidmətdən istifadə edə bilirlər. Bu halda, güzəşt verən pərakəndə satıcılar digər pərakəndə satıcılar tərəfindən təmin edilən xidmətdən müftə istifadə edərək arzu olunandan daha pis xidmətin təmin edilməsinə səbəb olurlar. Pərakəndə satış qiymətinin saxlanılması müftə istifadəçi probleminin həlli yollarından biridir.
Pərakəndə satış qiymətlərinin saxlanılması misalı vacib prinsipi əks etdirir. Rəqabəti azaltdığı düşünülən işgüzar fəaliyyət növlərindən bəziləri əslində qanuni məqsədlər daşıya bilər. Bu prinsip anti-inhisar qanunlarının tətbiqini daha da çətinləşdirir. Bu qanunların həyata keçirilməsi üçün məsuliyyət daşıyan iqtisadçılar, hüqüqşünaslar və hakimlər hansı növ fəaliyyətin rəqabətə mane olduğuna və iqtisadi rifahı aşağı saldığına görə dövlət siyasəti ilə qadağan olunmalı olduğunu müəyyən etməlidir. Əksər hallarda bu asan olmur.
Bazar gücünə malik firmalar normal olaraq bu gücdən qiymətin rəqabətli səviyyədən daha yüksək etmək üçün istifadə edirlər. Lakin, səlahiyyətli şəxslər bazar gücünə malik firmaların həddindən artıq aşağı qiymətlər təyin edə biləcəyinə görə narahat olmalıdırlarmı? Bu sual anti-inhisar siyasəti ilə bağlı başqa bir müzakirənin əsasını təşkil edir.
Coyote Air adlandırdığımız böyük aviaşirkətin hər hansı marşrut üzrə inhisara sahib olduğunu təsəvvür edin. Sonra Roadrunner Express daxil olaraq bazarın 20 faizini ələ keçirərək Coyote Air-a 80 faizi saxlayır. Bu rəqabətə cavab olaraq Coyote gediş haqlarını azaltmağa başlayır. Bəzi anti-inhisar analitikləri Coyote-nin hərəkətinin rəqabətə qarşı olduğunu iddia edirlər: Qiymətin aşağı salınması Roadrunner-i bazardan çıxarmaq məqsədi daşıya bilər. Belə olduqda Coyote yenidən inhisarı ələ keçirə və qiymətləri yenidən qaldıra bilər. Belə davranış yırtıcı qiymət siyasəti adlandırılır.
Yırtıcı qiymət siyasətinin anti-inhisar məhkəmə işləri üçün xarakterik iddia olmasına baxmayaraq, bəzi iqtisadçılar bu arqumentə şübhə ilə yanaşır və yırtıcı qiymət siyasetinin nadir hallarda, bəlkə də heç vaxt səmərəli strategiya olmadığını hesab edirlər. Nə üçün? Rəqibi aradan götürmək üçün qiymət müharibəsində qiymətləri maya dəyərindən aşağı səviyyəyə salınmalıdır. Lakin əgər Coyote ziyanla ucuz bilet satmağa başlayarsa, daha çox təyyarə uçurmağa hazır olmalıdır, çünki, aşağı qiymətlər daha çox müştərini cəlb edəcək. Eyni zamanda, Roadrunner Coyote-nin yırtıcı hərəkətinə uçuşları azaltmaqla cavab verə bilər. Bunun nəticəsi olaraq, itkilərin 80 faizini öz üzərinə götürməklə Roadrunner-i qiymət müharibəsində sağ qalmaq üçün yaxşı vəziyyətdə qoyur. Roadrunner-Coyote cizgi filmlərində olduğu kimi yırtıcı şikardan daha çox əziyyət çəkir.
İqtisadçıların yırtıcı qiymət siyasətinin anti-inhisar sahəsində məsul şəxslərin narahatlığı üçün səbəb olub-olmaması ilə bağlı mübahisəsi davam etməkdədir. Yırtıcı qiymət siyasəti nə vaxtsa səmərəli biznes strategiyası hesab edilə bilərmi? Bilərsə, nə vaxt? Məhkəmələr hansı qiymət salmanın rəqabətli və bununla da istehlakçılar üçün yaxşı, hansının isə yırtıcı olduğunu müəyyən etmək iqtidarındadırlarmı? Bu suala cavab vermək o qədər də asan deyil.
Ziddiyyətli fəaliyyətin bir misalı şərtlərin yeridilməsidir. Makemoney Movies-in iki yeni film - Hörümçək adam və Hamlet filmlərini çəkdiyini təsəvvür edin. Əgər Makemoney iki filmi ayrı-ayrılıqda deyil birlikdə bir qiymətlə kinoteatrlara təklif edirsə, studiya iki əmtəəsini yeritmiş olur.
Filmlərin yeridilməsi fəaliyyətinə məhkəmələrdə baxıldıqda Ali Məhkəmə onu qadağan etdi. Məhkəmə aşağıdakı şəkildə düşünürdü: Hörümçək adamın blokbaster olduğu halda, Hamletin gəlir gətirməyən bədii film olduğunu təsəvvür edin. Studiyanın yeritmə strategiyasından bazar gücünün artırılması mexanizmi kimi istifadə etdiyi görünür.
Bir çoxları bu arqumentə şübhə ilə yanaşırlar. Kinoteatrların Hörümçək adam üçün 20 000 dollar, Hamlet üçün isə heç nə ödəmək istəmədiyini təsəvvür edin. Bu halda kinoteatrın iki film üçün ödəmək istədiyi ən böyük məbləğ 20 000 dollar - yalnız Hörümçək adam üçün ödəmək istədiyi qədərdir. Kinoteatrı dəyərsiz filmi sövdələşmənin bir hissəsi olaraq almağa məcbur etmək kinoteatrın daha çox pul ödəmək istəyini artırmır. Makemoney sadəcə olaraq iki filmi paket olaraq birləşdirməklə bazar gücünü artıra bilməz.
Onda yeritmə siyasəti nə üçün mövcuddur? Ehtimallardan biri onun qiymət diskriminasiyası olmasıdır. İki kinoteatrın mövcud olduğunu təsəvvür edin. Şəhər kinoteatrının Hörümçək adam üçün 15 000 dollar, Hamlet üçün 5 000 dollar ödəmək istəyir. Əyalət kinoteatrı isə əksinə Hörümçək adam üçün 5 000 dollar, Hamlet üçün isə 15 000 dollar ödəmək istəyir. Əgər Makemoney iki film üçün ayrı-ayrılıqda qiymət təyin edirsə, ən yaxşı strategiya hər bir film üçün 15 000 dollar qiymət təyin etməkdir və hər bir kinoteatr bir filmi nümayiş etdirməyi seçir. Lakin Makemoney iki filmi paket olaraq təklif edirsə, o, filmlər üçün hər bir kinoteatra 20 000 dollar qiymət təyin edə bilər. Beləliklə, əgər müxtəlif kinoteatrlar filmləri fərqli şəkildə dəyərləndirirsə, yeritmə siyasəti studiyaya alıcıların ümumi ödəmə istəyinə yaxın birləşdirilmiş qiymət təklif etməklə mənfəətini artırmaq imkanı verir.
Yeritmə siyasəti ziddiyyətli biznes fəaliyyəti olaraq qalır. Ali Məhkəmənin yeritmə siyasətinin firmaya digər əmtəələr üzrə bazar gücünü artırmaq imkanı verməsi ilə bağlı arqumenti yaxşı əsaslandırılmamışdır. Lakin iqtisadçılar yeritmə siyasətinin rəqabətə necə mane olması ilə bağlı daha müfəssəl nəzəriyyələr təklif etmişlər. Malik olduğumuz iqtisadi biliklərdən çıxış etdikdə yeritmə siyasətinin ümumilikdə cəmiyyət üçün əks təsiri olub olmaması tam aydın deyil.