DOMİNANT STRATEGİYA digər oyunçuların seçdiyi strategiyalardan asılı olmayaraq oyundakı oyunçu üçün ən yaxşı strategiya
Klaydın cinayəti etiraf etməsindən və ya susmasından asılı olmayaraq o, həbsxanada daha az vaxt keçirəcək.
İndi isə Klaydın qərarına nəzər salaq. O da Bonni kimi eyni seçimlə üzləşir və demək olar ki, eyni qaydada düşünür. Bonninin nə etməsindən asılı olmayaraq, cinayəti etiraf etməklə Klayd həbsxanada keçirəcəyi müddəti azalda bilər.
Nəticə etibarilə sonda Bonni və Klayd hər ikisi cinayəti etiraf edir və hər ikisi həbsxanada 8 il keçirir. Lakin, onlar üçün bu dəhşətli nəticədir. Əgər onların hər ikisi susmuş olsaydı daha yaxşı olardı, onlar qanunsuz silah gəzdirməyə görə 1 il həbsxanada yatacaqdılar. Hər biri öz maraqlarını güddüyündən hər ikisi onlar üçün daha pis olan nəticə əldə edir.
Əməkdaşlıq etməyin nə qədər çətin olduğunu bilmək üçün Bonni və Klaydın polis onları yaxalamazdan əvvəl cinayəti etiraf etməməklə bağlı razılığa gəldiyini təsəvvür edin. Aydındır ki, onlar bu razılaşmaya əməl etmiş olarlarsa, bu onların hər ikisi üçün daha yaxşı olardı. Belə olduqda onların hər biri həbsxanada bir il keçirərdi. Lakin, bu iki cinayətkar yalnız razılığa gəldiyinə görə doğrudan da susacaqmı? Onlar ayrı-aynlıqda dindirildiyindən şəxsi maraq məntiqi üstün gəlir və onları cinayəti etiraf etməyə vadar edir. Fərdi yanaşmada əməkdaşlıq məntiqsiz olduğundan iki cinayətkarın əməkdaşlıq etməsi çətindir.
Oliqopoliyalar Dustaqların Dilemması Kimi Dustaqların dilemmasının bazarlar və qeyri-mükəmməl rəqabətlə nə əlaqəsi var? Oliqopolistlərin inhisarçı səviyyədə məhsul buraxılışına nail olmaq üçün oynadıqları oyunun iki dustağın dustaqların dilemmasında oynadığı oyunla eyni olduğu üzə çıxır.
İran və İraq adlanan iki üzvü olan oliqopoliyanı nəzərdən keçirək. Hər iki ölkə xam neft satır. Uzun danışıqlardan sonra ölkələr neftin dünya qiymətini aşağı səviyyədə saxlamaq üçün neft istehsalını aşağı səviyyədə saxlamaq haqqında razılığa gəlirlər. Onlar istehsal səviyyəsi ilə bağlı razılığa gəldikdən sonra hər bir ölkə əməkdaşlıq edərək bu razılaşmaya əməl etməyi və ya ona məhəl qoymayaraq İraqın daha yüksək səviyyədə istehsal həyata keçirməyi seçməlidir.
Təsvir 3-də iki ölkənin mənfəətinin onların seçdikləri strategiyalardan necə asılı olduğu göstərilmişdir.
Təsəvvür edin ki, İraqın prezidentisiniz. Siz aşağıdakı şəkildə düşünə bilərsiniz: "Razılaşdığımız kimi istehsalı aşağı səviyyədə saxlaya və ya istehsalı artırmaqla dünya bazarlarında daha çox neft sata bilərəm. Əgər İran razılaşmaya əməl edərək istehsalı aşağı səviyyədə saxlayarsa, ölkəm yüksək istehsal səviyyəsi ilə 60 milyard dollar, aşağı istehsal səviyyəsi ilə 50 milyard dollar mənfəət əldə edəcək. Bu halda yüksək istehsal səviyyəsi İraq üçün daha sərfəlidir. Əgər İran razılaşmaya əməl etməyərək istehsalın səviyyəsini qaldırarsa, onda ölkəm yüksək istehsal səviyyəsi ilə 40 milyard dollar, aşağı istehsal səviyyəsi ilə isə 30 milyard dollar mənfəət əldə edəcək. Bu halda da yüksək istehsal İraq üçün daha sərfəlidir. Deməli, İranın nə etməsindən asılı olmayaraq, razılaşmaya əməl etməyərək istehsalın səviyyəsini qaldırmaq ölkəm üçün daha sərfəlidir."
Yüksək səviyyədə istehsal İraq üçün dominant strategiyadır. Əlbəttə, İran da eyni qaydada düşünür və buna görə də hər iki ölkə yüksək səviyyədə istehsal həyata keçirir. Bu isə hər bir ölkənin mənfəətini azaltmaqla daha pis nəticəyə (İran və İraq üçün) gətirib çıxarır.
Bu misal oliqopoliyaların inhisar mənfəətinə nail olmaqda nə üçün çətinlik çəkdiyini göstərir. İnhisar məhsul buraxılışı birlikdə oliqopoliya üçün səmərəli olsa da, hər bir oliqopolist hiylə işlətməyə meyllidir. Şəxsi maraq dustaqların dilemmasında dustaqları cinayəti etiraf etməyə sövq etdiyi kimi, oliqopoliya üçün əməkdaşlıq edərək aşağı istehsal, yüksək qiymət və inhisar mənfəətinə nail olmağı çətinləşdirir.