Nadir şahın ordu quruculuğu. Nadir şahın sərkərdəlik və dövlətçilik fəaliyyətinin yadda
qalan uğurlarının əldə edilməsinin başlıca səbəblərindən biri də onun güclü hərbi qüvvələr
yaratması idi. Nadir şah özünün bütün hərbi keyfiyyətlərini də məhz bu qüvvələr vasitəsilə ifadə
edə bilmişdi. İstəklərinə və tələblərinə uyğun gələn qoşunları formalaşdırmaqla Nadir şah həm
böyük tarixi qələbələrlə yadda qaldı, həm də yeni bir dövlət qurdu. Səfəvilər dövründə mövcud
olmayan hərbi-dəniz qüvvələrinin və onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün
əhəmiyyətli addımlar atdı. Nadir şah iştirak etdiyi döyüşlərin aparıldığı şəraitə uyğun olaraq
yüngül artilleriyanın (zənburəklərin) işlədilməsinə, döyüş istifadəsinə diqqəti artırdı,
artilleriyanın yeni strukturlarını yaratdı. Bundan başqa, briqada (tip) və ləşgərlərin
strukturlarında da bir sıra yeniliklər meydana gəldi. Nadir şahın qoşunlarında dəstələr daimi və
müvəqqəti əsasda üzvi şəkildə birləşdirildi. Nadir şah dövləti, əsasən, hərbi dayaqlar üzərində
bərqərar olmuşdu. Ona görə də, Nadir şahın ətrafında daimi əsasda yaradılmış qoşun strukturu
var idi. Bura cəzayirçi, qorcu, qullar dəstələri, xüsusi qvardiya keşikçilər dəstəsi və s. daxil idi.
Qoşunlara səfərbərliyin həyata keçirilməsində Nadir şah könüllülük prinsipindən istifadə edirdi.
Bununla belə, Nadir şah qoşunların sayının artması üçün məcburiyyət vasitələrinə də əl atır, ələ
keçirdiyi vilayətlərin, ərazilərin hakimləri və əhalisi qarşısında konkret sayda qoşun toplayıb
mərkəzi hakimiyyətin ixtiyarına verilməsi tapşırıqlarını da qoyurdu. Nadir şah qoşunların
struktur vahidlərinin formalaşdırılmasında və onların idarə edilməsində onluq sistemindən
istifadə edirdi.
Eyni zamanda Nadir şah Fars körfəzində və Xəzər dənizində donanma yaradılması işinə
başladı və ordusunu yenidən qurmaq fikrinə düşdü. Hər iki məqsədlə Avropa ölkələrindən
mütəxəssislər gətirdi. Onun ordusunda artilleriya və tüfəngçilər – ağır muşketlərə silahlanmış
piyada döyüşçüləri mühüm yer tuturdu. Yeni toplar, mortiralar (qısa lüləli toplar) və nüvələr
tökməkdən ötrü Mərvdə möhkəmləndirilmiş mərkəz yaradılmışdı. Topçuların hazırlığı,
artilleriya və top sınaqları burada keçirilirdi. Bütün bunlar Nadir şahın gələcək qələbələri naminə
edilirdi. Onun geniş planları vardı. O, Xəzər dənizi ətrafındakı bütün torpaqları birləşdirərək,
Çini də tutmaqla nəhəng bir dövlət yaratmaq arzusunda idi.
Onun apardığı mərkəzləşdirmə siyasəti fars mənşəli feodal əyanlarının maraqlarına
toxunurdu. 1741-ci ildə Mazandaran meşələrindən keçərkən, Nadirə suiqəsd edildi. Lakin sui-
qəsd uğurlu olmadı, sui-qəsdin təşkilində günahlandırılan,
Nadirin böyük oğlu Rzaqulunun gözləri çıxarıldı.
Dostları ilə paylaş: |