Sosial şəbəkələrin təhlilinin digər səciyyəvi cəhətlərindən biri hadisələri “canlı” izləyə bilməkdir. Müasir dövrdə ictimai əhəmiyyət kəsb edən əksər məsələlər çox qısa müddətdə, bəzən isə hadisə baş verən andaca sosial şəbəkələrdə müzakirə edilməyə başlayır ki, bu da təhlilçiyə canlı müşahidə aparmaq imkan verir. Onlayn
müzakirə forumları və sosial şəbəkələrdəki şəxslərin fəaliyyətinin təhlilində yalnız onlayn etnoqrafiyaya xas etik məsələlər meydana çıxır. Sosial tədqiqat etikaları sahəsində ümumi razılıq belədir ki, tədqiqatçı forumu təşkil edən, yaxud forumun aparıldığı internet səhifəsinin idarəçiləri ilə öncədən əlaqə yaradıb, forum iştirakçılarının məlumatlandırılması üçün lazımi tədbirlərin görülməsinə çalışmalıdır. Məsələn, foruma daxil olan hər bir iştirakçıya onların tədqiqat subyekti olduğuna dair bildiriş göstərilməsi geniş yayılmış üsullardan biridir.