Əmək təhlükəsizliyi standartlar sistemi (ƏTSS)
Norma və qaydalar içərisində əməyin təhlükəsizliyi üzrə standartlar sisteminin öz mövqeyi vardır. Standartlar sistemi təhlükəsiz əməyin təmin edilməsi istiqamətində olmaqla Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi və Respublika Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən hazırlanır və təlabatı ödəyən normativ texniki sənədlər yaradılır.
Əmək təhlükəsizliyinin Standartlar sisteminin məqsədi zərərli və təhlükəli istehsalat amillərinə görə ümumi tələbatı, istehsalat prosesinə və istehsalat avadanlıqlarına ümumi təhlükəsizlik texnikası tələbatı, habelə əmək təhlükəsizliyi fərdi mühafizə vasitələrinə tələbatı və s. müəyyən etməkdir.
ƏTSS 1974-cü ildə yaradılmışdır və aşağıdakı dörd kateqoriyada standartları əhatə edir.
Ümumittifaq dövlət standartları (DÜİST)
Sahə standartları (SST)
Respublika standartaları (RST)
Müəssisə standartları (MST)
Əmək təhlükəsizliyi üzrə Ümumittifaq dövlət standartları (DÜİST) altı kod qrupuna bölünür və 0;1;2;3;4; 5 rəqəmləri ilə işarə edilir.
0 qrupuna sistemin quruluşunu, onun əsas müddəalarını, termin və anlayışları, həmçinin təhlükəli və zərərli istehsalat amillərini müəyyən edən standartlar daxildir.
Buna misal olaraq «Əsas anlayışlar, terminlər və onların məzmunu» DÜİST 12.0.002-80; «İşçilərə əmək təhlükəsizliyinin öyrədilməsi» DÜİST 12.0.004-89; «Təhlükəli və zərərli istehsalat amilləri» DÜİST 12.0.003-74 və başqalarını göstərmək olar.
1-ci qrupa bütün istehsalatlar üçün eyni olan zərərli amillərin buraxıla bilən qiymət normalarını və ölçülmə üsullarını müəyyən edən standartlar daxildir. İşçi zonada hava şəraiti DÜİST 12.1.000-76, elektrik təhlükəsizliyi DÜİST 12.1.078-82 və s.
2-ci qrupa istehsalat avadanlıqlarına təhlükəsizlik tələblərini təyin edən standartlar daxildir. «İstehsalat avadanlıqlarına sanitariya-gigiyena tələbləri» DÜİST 12.2.002-81; «Oturmaqla iş yerinə yetirilməsində ümumi erqonomik tələbat» DÜİST 12.2.032-78 və s.
3-cü qrupa istehsalat prosesinə təhlükəsizlik tələblərini müəyyən edən standartlar daxildir. «Yükboşaltma işləri və ümumi təhlükəsizlik tələbləri» DÜİST 12.3.020-80; «Elektrik qaynağı işləri və təhlükəsizlik tələbləri» DÜİST 12.3.003-75 və s.
4-cü qrupa əmək təhlükəsizliyini təmin edən mühafizə vasitələrinə verilən ümumi tələbləri müəyyən edən standartlar daxildir. «Fərdi mühafizə vasitələri» DÜİST 12.4.051-78; «Tənəffüs orqanlarının fərdi mühafizə vasitələri» DÜİST 12.4.034-78 və s.
5-ci qrup. Bu qrup standartlar yeni qəbul edilib. Bina və qurğuların tikinti, təmir və istismar işlərində mühəndis quruluşlu nəzarət üsullarına tələbatı təşkil edir.
Əmək təhlükəsizliyi üzrə ümumi dövlət standartlarının işarə olunması və rəqəmlərinin mənası aşağıdakı kimidir. DÜİST 12.0.004-89-da DÜİST – ümumittifaq dövlət standartı; 12-əməyin təhlükəsizliyinə aid standartın olduğunu; 0-standartın kod qrupunu; 004-qruplaşdırmanın nömrə ardıcıllığını; 89-standartın təsdiq olunduğu ili göstərir.
Sahələr üzrə əmək təhlükəsizliyini təmin etmək məqsədilə ümumi dövlət standartları əsasında sahə standartları təsdiq edilərək istifadə edilir. Sahə standartları kimi kənd təsərrüfatı müəssisələrində istifadə edilən standartlardan birini göstərək.
Kənd təsərrüfatında əmək mühafizəsinin öyrədilməsinin təşkili. Ümumi müddəalar. GTSS.SST 46.0.126-82 və s.
Dostları ilə paylaş: |