Mühazirə 5 Azərbaycanda Səfəvi dövlətinin yaranması ilə əlaqədar mədəniyyətin inkişafı



Yüklə 442,64 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix11.04.2023
ölçüsü442,64 Kb.
#96347
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12
Mühazirə 5

məsul red.),
Salyanda, Dəvəçidə, Qubada, 
Xudatda, Xaçmazda, Qusarda, Dərbənddə və digər ərazilərdə rast gəlmək olar. Bu məktəbin təsir dairəsi Kür 
Çayından aşağı, Xəzər dənizinin sahili boyuna (Masallı, Lənkəran və Astara bölgələrinə) qədər gəlib çıxmışdı. 
Şirvan-Abşeron məktəbinin başlıca mərkəzləri Şamaxı, Bakı və Dərbənd şəhərləri olmuşdur. Şimali Azərbaycan 
ərazisində Şirvan-Abşeron məktəbi ilə yanaşı, bir sıra yerli məktəblər də fəaliyyət göstərmişdir. 
Sənətkarlıq baxımından Yaxın Şərqdə şöhrət tapmış Təbriz xəttatlıq məktəbinin abidələri də zəngindir. 
Təbriz məktəbinin təsir dairəsi Naxçıvan, Ordubad, Füzuli, Astara və Lənkəran bölgələrinə qədər gəlib çıxmışdı. 
Həmin ərazidə bu məktəbin ciizi miqdarda abidələri qalmışdır. Abidələr üzərində bir neçə Təbriz və Qəzvin 
xəttatının, həkkakının adları hifz olunmuşdur. Təbriz və Naxçıvan ustalarının mərmər lövhələrə həkk edilmiş 
inşaat kitabələri də mövcuddur. 
Ordubad bölgəsinin Biləv kəndindəki orta əsr qəbiristanlığında XV-XVII əsrlərə aid 9 qoç fiqurlu abidə 
qalmışdır. Bunlardan birinin üzərində heykəltəraş Abidin adı həkk olunmuşdur. 
incəsənət və memarlıq. Hər hansı bir mədəniyyət sistemini rəssamlıq, təsviri sənət olmadan təsəvvür 
etmək qeyri-mümkündür. XVI əsrin Azərbaycan miniatür rəssamlığı çoxəsrlik yaradıcılıq ənənələrinə 
əsaslanırdı. Rəssamlığın Şərq ölkələri üçün səciyyəvi olan bu tipinin təkamülü Azərbaycan mədəni mühiti ilə 
məhdud-laşmırdı. Tariximizin Səfəvilər dövrünün miniatür sənəti "islamın incəsənətə, xüsusilə rəssamlığa 
mənfi, qadağanedici münasibət bəsləməsi" haqqındakı qeyri-obyektiv fikri təkzib edir. Hər bir din kimi islam 
da incəsənətsiz keçinə bilməz, insanın estetik tələbatlarına müraciət etməyə bilməz, ictimai varlığın kamilliyə, 
aliliyə, gözəlliyə doğru meylinin qarşısını ala bilməzdi. Mühüm bir cəhəti də qeyd etmək zəruridir ki, bir çox 
Şərq xalqları kimi Azərbaycan xalqı da "müsəlman mədəniyyəti" sisteminə islamaqədərki maddi-mənəvi 
dəyərləri ilə daxil olmuşdur və bu dəyərlər incəsənətdə, xüsusilə təsviri sənətdə əsrlər boyu zənginləşmişdir. 
Hələ qədim Misirdə geniş yayılmış, həcminin kiçikliyi və bədii üsullarının xüsusi incəliyi ilə səciyyəvi olan, 
əsasən, əlyazma kitablarının bəzədilməsi ilə fərqlənən bir sənət növü kimi miniatür rəssamlığı Azərbaycanda 
XIII əsrdən etibarən yeni, zəngin inkişaf zəmini tapmışdı. Azərbaycan məhz bu zamandan başlayaraq Şərqin 
mühüm miniatür mərkəzlərindən birinə çevrilməyə başladı. XV əsr-dən etibarən miniatür əsərlərində dünyevi 
süjetlər başlıca yer tutmağa başladı. Təsadüfi deyildir ki, Orta Şərq miniatür sənətinin ilk nümunələri 
Azərbaycanda (Təbriz və Marağa şəhərlərində) yaranmışdır. Şirvanda (Şamaxı və Bakı şəhərlərində) da güclü 
miniatür məktəbləri vardı. 
XVI əsrdə özünün ali inkişaf mərhələsinə çatmış Təbriz miniatür məktəbinin meydana gelməsi, 
təşəkkülü və təkamülü mənbələri müxtəlif olmuşdur. Təbriz miniatür məktəbi monqolların gəlişi ilə uyğur 
rəssamlarının gətirdikləri Şərqi Türküstan-Çin-Uyğur rəssamlığının, Bağdad məktəbi vasitəsilə əxz olunmuş 
Ərəb- boyakarlığı ənənələrinin və yerli təsviri sənət dəyərlərinin sintezi kimi meydana çıxmışdı. Artıq XV əsrdə 
Təbriz rəssamlıq mərkəzi Yaxın və Orta Şərq hökmdarlarının diqqətini cəlb etmişdi. Azərbaycanın bir çox mahir 
rəssamları, kitab sənəti ustaları Teymurilər dövlətinin (1370-1507) paytaxtına çevrilmiş Herata dəvət 
olunmuşdular. Heratda miniatür məktəbi 1410-cu ildə saray kitabxanasının təşkili ilə əlaqədar olaraq 
yaranmışdı. Saray kitabxanasında məsul vəzifə daşıyan Cəfər Təbrizinin, Pir Seyid Əhmədin, Xacə Əli 
Musəvvirin, Qəvaməddinin, Qiyasəddinin Herat miniatür məktəbinin inkişafında mühüm rolu olmuşdur. 
Şeybani xan Heratı ələ keçirənədək (1507-ci ildə) bu miniatür mərkəzi Təbriz, Bağdad və Şiraz rəssamlıq 
məktəblərinin güclü təsiri altında inkişaf etmişdir. XVI əsrin əvvəlindən etibarən bölgədə miniatür sənətinin 


8
əsas mərkəzi Təbriz şəhəri oldu. İlk Səfəvi hökmdarı I İsmayıl mahir Bağdad, Herat, Şiraz, İsfahan 
miniatürçülərinin Təbrizə cəlb olunmasının, onlar üçün əlverişli həyat, yaradıcılıq şəraiti yaradılmasının əsas 
təşəbbüskarı idi. Müxtəlif miniatür məktəblərinə mənsub olan ustaların birgə çalışması qarşılıqlı təsir 
prosesinin güclənməsinə, Təbriz miniatür məktəbinin zənginləşməsinə xidmət edirdi. 
Təbriz miniatür məktəbinin ən yüksək inkişaf mərhələsi 1530-1550-ci illərə təsadüf etmişdir. Bu 
rəssamlıq mərkəzinin böyük uğurlar qazanmasında Kəmaləddin Behzadın (1450-1536) mühüm rolu olmuşdur. 
I İsmayılın 1522-ci il 26 aprel tarixli fərmanı ilə Herat miniatür məktəbinin görkəmli nümayəndəsi olan Behzad 
Təbriz rəssamlıq mərkəzinin güclü təsiri altında formalaşmış Təbriz saray kitabxanas ma rəis təyin edilmişdi. 
XVI əsrdə Təbriz miniatür məktəbində və digər təsviri sənət mərkəzlərində çalışan Azərbaycan rəssamları 
arasında Sadiq bəy Əfşar, Seyid Əli Təbrizi, Müzəffər Əli, Mir Müsəvvir, Sultan Məhəmməd (14701555), Vəhya 
Şirvani, Ağa Mirək, Nəqqaş Mani, Heydər Əli, Məhəmməd Qasım Şadiyahi, Nəbati Təbrizi xüsusilə məşhur 
olmuşlar. Ümumiyyətlə, Yaxın və Orta Şərq miniatür sənəti tarixində XVI əsr çiçəklənmə dövrü kimi diqqəti 
cəlb edir. Təsviri sənətin əski regional məktəbləri inkişaf edir, yeniləri yaranırdı. İranda, Azərbaycanda, 
Türkiyədə, Orta Asiya və Hindistanda rəssamlığın daha çox öz soyköklərinə istinadlanan mərkəzləri təşəkkül 
tapırdı. Qarşılıqlı təsir prosesi isə Yaxın və Orta Şərqdə rəssamlığın təkamülündə vahidliyə xidmət edirdi. Bu 
prosesdə Təbriz miniatür məktəbinin aparıcı mövqeyi və rolu vardı. 
Azərbaycan miniatürlərinin tarixi dövrlərinin əhatə dairəsi çox genişdir (e.ə. IV əsrdən eramızın XVI 
əsrinin sonunadək). Bu miniatürlər regionda yaşayan xalqların (xüsusilə Azərbaycan və İran) qədim tarixini 
"dirçəltmək" baxımından diqqəti cəlb cdir. Azərbaycan miniatürünün ən səciyyəvi əlaməti Heydəri tacının 
təsviridir (E.Aslanov). Heydəri tacının miniatür sənətində əks olunması Azərbaycan miniatür ocağını Şərqin 
digər miniatür məktəblərindən ayırmaq işini xeyli asanlaşdırmışdır. Qətiyyətlə demək olar ki, XVI əsrə aid elə 
bir Azərbaycan miniatürü yoxdur ki, orada qızılbaş papağı təsvirlənməsin. 
XVI əsr Azərbaycan (xüsusilə Təbriz) miniatür məktəbinin incəsənəti yeni bədii ifadə vasitələrinin 
axtarışları ilə əlamətdar olmuşdur. Təbriz rəssamları doğma bədii ənənələri davam etdirir, digər məktəblərin 
mühüm uğurlarının sintezinə nail olur və nəticədə böyük məharətləri sayəsində özünəməxsus ifadə üslublarını 
kəşf edirdilər. XVI əsrin əvvəllərində qərarlaşmış yeni üslubun fərqləndirici cəhətləri Arifin 1524-1525-ci illərdə 
tərtib etdiyi "Quy və çövkan" əsəri (Sankt -Peterburqda mühafizə olunur), 1524-cü ildə hazırlanmış Firdövsi 
"Şahnamə"si (Sankt -Peterburq Şərqşünaslıq İnstitutundadır), XV əsrin əvvəllərində tərtib edilmiş Nizami 
"Xəmsə" si (İstanbulda, Topqapı muzeyindədir), 1528-1529-cu illərdə hazırlanmış "Cami ət- təvarix" (Sankt-
Peterburqdadır) əlyazma nüsxələrində parlaq ifadə olunmuşdur. Ustalığın təkmilləşdirilməsi, intensiv inkişafı 
nəticəsində miniatür rəssamlığm Təbriz məktəbi XVI əsrin ortalarına doğru öz inkişafinın ali mərhələsinə, ən 
yüksək çiçəklənmə dövrünə yetişmişdi. Azərbaycan miniatürlərinin başlıca mövzu və ilham mənbəyi klassik 
Şərq poeziyası idi. Şərq xalqlarının miniatür sənəti klassik Şərq poeziyası ilə əlaqədə olmuş, onun təsiri 
nəticəsində inkişaf etmişdir. Mübahisəsiz demək mümkündür ki, antik mifologiya qədim yunan sənəti üçün 
olduğu kimi, klassik Şərq poeziyası da müsəlman Şərqi miniatür sənəti üçün tükənməz mənbə olmuşdur. 
Miniatür rəssamlığı heç zaman XVI əsrdəki kimi poeziya ilə bağlı olmamışdır. Demək olar ki, Şərq poeziyasının 
bütün klassiklərinin (Firdövsi, Nizami, Sədi Şirazi, Hafiz, Cami, Nəvai, Xosrov Dəhləvi və başqaları) əsərlərinə 
miniatürlər çəkilirdi. Lakin Firdövsinin "Şahnamə"si və Nizaminin "Xəmsə"si XVI əsrdə rəssamların ilham 
mənbəyi olmuşdur. Müxtəlif məktəblərin məşhur miniatürçüləri bu iki əsərə gözəl rəsmlər çəkməklə sanki 
yarışırdılar. Bu miniatürlər arasında ən nadiri Firdovsinin 1527- 1537-ci illərdə tərtib edilmiş "Şahnamə" 
əlyazmasındadır (London nüsxəsi). Hər iki incəsənət əsəri Sultan Məhəmmədin və onun məktəbinə mənsub 
olan rəssamların, xəttatların yaradıcılığının parlaq nəticəsidir. 
XVI əsrin 30-40-cı illərinin miniatürlərində təbiət təsvirlərinə böyük diqqət yetirilmişdir. Miniatürçü 
rəssamlar bu dövrədək təbiətə belə yaxm olmamış, təbiət təsvirinə bu qədər yer ayırmamışlar. 
XVI əsr Təbriz miniatürünün səciyyəvi cəhətlərindən biri onun gerçəkliklə əlaqəsinin güclənməsi, 
məzmun və mövzunun genişlənməsi olmuşdur. Ənənəvi ədəbi mövzularla, saray həyatından epizodlarla 
yanaşı, rəssamlar müasiri olduqları dövrün gerçəkliklərinə də (məişət səhnələri, əmək prosesləri, şəhər həyatı, 
köçərilərin güzəram, kəndli, çoban, dərviş təsvirləri, təbiət motivləri və portretlər) mövzu mənbəyi kimi 
yanaşırdılar. Hətta ən qədim tarixi dövr hadisələrinin təsvirini verərkən rəssamlar obrazları onlar üçün müasir 
olan geyimlərdə, konkret həyat şəraitində təqdim etmişlər. Bütün bunlar miniatürlərə realist ifadəlilik 
cəhətləri bəxş edir. 
Bədii baxımdan nadir əsər hesab edilən "Şahnamə"nin bir əlyazma nüsxəsi I Şah Təhmasib üçün xüsusi 
olaraq hazırlanmışdı. Aydındır ki, bu təmtəraqlı əlyazmanın bədii tərtibatı işində şah kitabxanasının aparıcı və 
mahir rəssamları iştirak etmişlər. Əlyazmada olan 258 miniatür rəsmi növü, üslubu və yaradıcılıq dəst-xəttinin 
müxtəlifliyi ilə bir-birindən fərqlənir. Bədii baxımdan daha orijinal və qiymətli miniatürlər Sultan Məhəmməd, 
Ağa Mirək, Dost Məhəmməd, Mir Müsəvvir, Mirzə Əli və Mir Seyid Əli tərəfindən çəkilmişdir. 
Nizaminin 1539-1543-cü illərdə hazırlanmış "Xəmsə" əlyazması Azərbaycan miniatürçüləri üçün əsil 
məktəbdir. Xüsusi olaraq I Şah Təhmasib üçün tərtib edilmiş və yüksək zövqlə hazırlanmış bu zərif, zəngin 
nüsxə Şərqdə kitab sənətinin şah əsəri adlandırılır. İllüstrasiyalar isə Şərq miniarür sənətinin kamil, misilsiz 


9
nümunələrindən hesab edilir. Nüsxə iriölçülü 14 miniatürdən ibarətdir Həmin dəbdəbəli əlyazma 
ümumiyyətlə mövcud olan əlyazma nüsxələrindən ən gözəlidir. Əlyazmanın ən yaxşı miniatürləri Sultan 
Məhəmmədə məxsusdur. Qüdrətli sənətkar öncə İsmayılın saray kitabxanasında işləmiş, sonralar isə bu sənət 
və elm mərkəzinin rəhbəri olmuşdur. Onun yaradıcılığı XVI əsrdə Təbriz məktəbinin bütün səciyyəvi cəhətlərini 
daha parlaq əks etdirir və Şərq miniatür sənətinin yüksək nailiyyətlərini ümumiləşdirir. Miniatür rəssamlığının 
inkişafında tam bir mərhələ onun adı və yaradıcılığı ilə bağlıdır. O, miniatür sənətində yeni istiqamətin banisi 
və rəhbəri, bir çox tanınmış rəssamların müəllimi olmuşdur. Sultan Məhəmməd iki oğluna (Mirzə Əliyə və 
Məhəmmədiyə), qohumu Mir Zeynalabdinə rəssamlığın sirlərini öyrətmiş, əlyazmaların təsvirlənməsi işlərinə 
başçılıq etmişdir. Tarixçi İsgəndər bəy Münşi Sultan Məhəmmədi şöhrət və qabiliyyətinə görə Kəmaləddin 
Behzadla bir səviyyədə qoymuşdur. 
Təəssüf ki, XVI əsrin 30-40-cı illərində və əsrin ikinci yarısında yaradıcılıqla məşğul olan miniatürçü 
rəssamların hamısının adı məlum deyildir. Adları bizim üçün naməlum qalmış bu rəssamların çəkdikləri 
miniatürlər isə elmi ədəbiyyatda "Sultan Məhəmməd məktəbinin əsərləri" kimi qeyd edilir. Bu cür nümunələr 
arasında Əbdürrəhman Caminin "Pənc gənc", Sədi Şirazinin "Bustan" və "Gülustan", Hilalinin "Şah və Dərviş" 
əsərlərinin əlyazma nüsxələrinə çəkilmiş miniatürlər diqqəti xüsusilə cəlb edir. 
Qeyd edilməlidir ki, Azərbaycan miniatür məktəbi özünün çiçəklənmə dövründə müsəlman Şərqinin 
bədii mədəniyyətinin inkişafı prosesində aparıcı mövqedə olmuşdur. Habelə Təbriz miniatürünün obrazlı 
quruluşu təqribən 100 il ərzində divar rəssamlığı, süjetli xalçalar, müxtəlif ölçülü bədii parçalar, kaşıkarlıq, 
metalın bədii emalı sahələrinin bədii forma və təsvir üsulları üçün müəyyənedici amil idi. Təbriz miniatür 
məktəbinin təsiri regional səciyyə daşıyırdı. Bu məktəbin təsiri ilə XVI əsrin birinci yarısında Şiraz məktəbi, 
əsrin son rübündə Qəzvin məktəbi təşəkkül tapdı və inkişaf etdi. Həmin təsir altında XVI əsrin 70 -ci illərində 
Məşəd miniatür məktəbi yarandı, əsrin sonlarında İsfahan Səfəvilər dövlətinin paytaxtına çevriləndən sonra 
burada da miniatür məktəbi meydana gəldi. Mahir rəssamların əksəriyyəti İsfahana cəlb olundu. 
XVI əsrdə Təbriz məktəbinin təsiri ilə kitab sənəti və miniatür rəssamlığı Şirvanda da inkişaf etmişdi. 
Sədi Şirazinin "Bustan" əsərinin 1539-cu ildə tərtib edilmiş əlyazmasındakı miniatürlər (İstanbulda, Topqapı 
muzeyindədir), Müzəffərəli Şirvaninin və Bbdüllətif Şirvaninin yaradıcılığı bunu sübut edir. 
Təbriz miniatür məktəbinin bədii potensialının dağılmasında və tənəzzülündə Osmanlı işğallarının da 
güclü təsiri olmuşdur. XVI əsrin sonlarında Təbriz 17 ilə yaxın bir müddətdə Osmanlı hakimiyyeti altında qaldığı 
zaman rəssamların əksəriyyəti İstanbula aparılmışdı. Həmin dövrdə Osmanlı sultanının sarayında 30 nəfərdən 
artıq Təbriz rəssamı çalışırdı. Onlar XVI əsr miniatürünün inkişafına nəzərəçarpacaq təsir göstərirdilər. Bu 
sahədə tanınmış Təbriz rəssamları Şahqulu və Vəlican çox iş görmüşlər. 
Hindistan miniatür məktəbinin formalaşmasında Mir Seyidəli mühüm rol oynamışdır. O, Sultan 
Məhəmməd məktəbinə mənsub olan mahir miniatürçü idi. Mir Seyidəli 1549-1570-ci illərdə Moğol 
hökmdarları Humayunun və Əkbərin saray emalatxanasında 40 -dan artıq rəssamın fəaliyyətinə rəhbərlik 
etmişdir. Onun şəxsi iştirakı və başçılığı ilə "Əmir Həmzə dastani'nın 12 cildlik əlyazmasının 4 cildində 1700 
miniatür təsvirlənmiş, XVI əsr Moğol miniatür məktəbinin nadir inciləri hesab edilən miniatürlər təsvir 
olunmuşdur. Moğol hökmdarı Əkbərin saray kitabxanasında 145 miniatürçü rəssam işləyirdi. "Əmir Həmzə 
dastanı'nın bədii tərtibat işinə 50 rəssam cəlb edilmişdi. 
Azərbaycan rəssamlarmın İran miniatür məktəbləri ilə yaradıcılıq əlaqələri daha sıx və çoxcəhətli idi. 
Hələ XVI əsrin birinci yarısında Təbriz məktəbinin Şiraz miniatür məktəbinə təsiri güclü şəkildə hiss olunurdu. 
Qəzvin miniatürünün təsiri isə daha qabarıq idi. 1555-ci ildə Səfəvilər dövlətinin paytaxtı Qəzvinə köçürüldü 
və Təbriz miniatür məktəbinin bir çox ustaları yeni paytaxtda öz yaradıcılıq işlərini davam etdirdilər. Qəzvin 
miniatüründə yeni üslubun qərarlaşması XVI əsrin 70-ci illərində baş verdi. 
XVII əsr Azərbaycanda miniatür sənətinin inkişafı üçün əlverişli olmayan şəraitlə səciyyəvidir. Bu 
zamandan etibarən yerli sənət məktəblərinin fəaliyyətində durğunluq əlamətləri aşkara çoxlu qüdrətli Təbriz 
məktəbinin dəyərli bədii uzunmüddətli unudulma prosesi başlandı (XVHI əsrdə tamamilə tənəzzüla uğramış 
miniatür sənəti yalnız XIX əsrin ikinci yarısından sonra dirçəlməyə başlamışdı). Ölkə daxilində miniatür 
rəssamlığının təkamülünə əngəl törədən hərbi-siyasi, ideoloji amillər XVI əsrdə də vardı. Məsələn, 
hakimiyyətinin ilk dövründə rəssamlığa maraq göstərən I Təhmasib 1557 -ci ildə tövbə fərmanı verərək 
rəssamlıq emalatxanalarını dağıtdırdı. Fəaliyyətsiz qalmış miniatürçülərin əksəriyyəti Hindistana qaçmalı oldu. 
Lakin Səfəvi hökmdarının bu subyektiv tədbiri qədim, zəngin ənənələri olan miniatür rəssamlığının İranda və 
Azərbaycanda inkişafının qarşısını ala bilmədi, XVII əsrdə Azərbaycan rəssamlarının çoxusu Osmanlı, Moğol, 
Orta Asiya, İran ərazilərində yaranmış miniatür mərkəzlərində çalışırdı. XVI əsrin sonu - XVII əsrin əvvəllərində 
miniatür sənətinin tərəqqisində təbrizli Sadiq bəy Əfşarın (1533-1610) mühüm rolu olmuşdur. O, yeni estetik 
prinsiplərin və realist meyillərin ifadəçisi idi. Sadiq bəy Əfşarın yaradıcılığı və onun "Qanun üs-süvar" əsəri 
Qəzvində miniatür sənətinin sonrakı inkişafına, İsfahan miniatür məktəbinin yaranmasına və formalaşmasına 
böyük təsir göstərmişdir. XVI-XVII əsrlər Azərbaycan sənətkarlığı tarixində ən zəngin dövrlərdən biri sayılır. Bu 
zaman Azərbaycanın şəhər və kəndlərində xeyli toxucu, zərgər, misgər, dulusçu çalışırdı. Onların hazırladıqları 
sənət nümunələrinin şöhrəti ölkənin hüdudlarını aşmışdı. Şəhər sənətkarları həm müstəqil surətdə, həm də 


10
feodallara, dövlətə məxsus olan emalatxanalarda fəaliyyət göstərirdilər. Həmin dövrdə müstəqil çalışan 
sənətkarların sayı və onların istehsal prosesində, ictimai həyatda rolu xeyli artmışdı. Sənətkarlar həmkarlar 
təşkilatlarında birləşmişdilər və onlar vasitəsilə öz mənafelərini müdafıə edir, ictimai hadisələrə müəyyən təsir 
göstərə bilirdilər. 
Hazırda respublikamızda, eləcə də xaricdə XVI-XVII əsrlərdə Azərbaycan sənətkarlarının hazırladıqları 
çoxlu sənət nümunəsi qalmaqdadır. Həmin sənət nümunələri Azərbaycanda dekorativ -tətbiqi sənət 
növlərinin bu yüzilliklər ərzində yüksək kamillik yolu keçdiyini əyani surətdə təsdiq edir. 
Bədii parça və tikmələr. Səfəvi sülaləsinin adı ilə bağlı olan bu dövrdə Azərbaycanda, əsil mənada, bədii 
parça istehsalı sənayesi yaradılmışdı. Vaxtilə yüksək qiymətləndirilən bu gözəl sənət nümunələrinə 
Venesiyada, Genuyada, Hollandiyada, Fransada, İngiltərədə və Rusiyada böyük tələbat vardı. Qərbi Avropa və 
rus tacirləri Azərbaycanda ipək parçaların hər pudunu 15-16 manata alır, həmin parçaları ölkə hüdudlarından 
kənarda çox baha qiymətə sataraq zənginləşirdilər. Məsələn, Azərbaycan ipəyinin bir pudu Moskva dövlətinin 
Yaroslavl şəhərində 5060 manata, Arxangelskdə isə 70 manata satılırdı. 
Rus alimi A.Svirin o dövr Azərbaycan parçalarının rus ornamentinə, divar rəsminə, ikonasına və xüsusilə 
parçalarına böyük təsir göstərdiyini qeyd etmişdir. XVI-XV1I əsrlərdə Azərbaycan ipəyi Moskva dövləti 
ərazisində o qədər məşhur idi ki, qədim rus xalq mahnılarındakı "sənə Şamaxı ipəyindən köynək göndərərəm" 
misralarında öz ifadəsini tapmışdır. 
Monqol hakimiyyəti dövründə (XIV əsrdə) istehsalatda geniş tətbiq olunmuş qul əməyi XVI əsrdə 
aradan qalxmaqda idi. Lakin onun qalıqlarına az da olsa təsadüf edilirdi. 1531-ci ilə aid yazılı məxəzlərin birində 
saray təkəlduzçuluq emalatxanalarında çalışmaq üçün şaha məxsus olan bir dəstə qulun Təbriz təkəlduzçuluq 
emalatxanalarına sənət öyrənməyə verildiyini oxuyuruq. Başqa bir məxəzdə isə bu emalatxanalardakı işin çox 
ağır olduğundan, əmək haqqının azlığından geniş surətdə bəhs edilir. 
XVI-XVII əsrlərdə Azərbaycanda olmuş əcnəbi səyyahlar (Korneli de Bruyin, Şarden, Övliya Çələbi və b.) 
bu dövrün toxucu dəzgahları (cəhrə, iy və s.) haqqında öz gündəliklərində maraqlı qeydlər etmişlər. Səyyahlar 
göstərirlər ki, bu toxucu alətləri nisbətən bəsit olsa da, "yerli sənətkarlar onlarla çox çevik, cəld işləyir və gözəl 
nailiyyətlər əldə edə bilirdilər". Bu zaman Azərbaycan parçaları arasında önəmli yeri saray emalatxanalarında 
toxunan "ali" və "zərli" adlanan parçalar tuturdu. Bu tipli parçalar qızılı və gümüşü saplarla toxunduğu üçün 
dünya bazarlarında daha baha qiymətə satılır, çox zaman isə qızıla bərabər tutulurdu (bu cür parçaların 
tərkibinin 15 faizi xalis qızıl olurdu). Belə toxuma parçaların saplarını, adətən, toxucular deyil, zərgərlər 
hazırlayırdılar. 
Bu dövrdə istehsal olunmuş Azərbaycan parçalarının bədii keyfiyyətlərinə nəzər salsaq, onların bir çox 
xüsusiyyətinə İran, Hindistan və türk parçalarında da rast gəlirik. Bu, həm Azərbaycan ustalarının toxuculuq 
sənəti sahəsində Şərqdə tutduğu nəzərəçarpacaq mövqedən, həm də onların bir çox ölkələrdə çalışmasından 
irəli gəlirdi. Yazılı mənbələrdən məlumdur ki, hələ 1514-cü ildə Osmanlı türkləri Təbrizi ələ keçirdikləri zaman 
I Sultan Səlimin göstərişi ilə xeyli Təbriz toxucusu toxuculuq sənayesi yaratmaq məqsədilə həmişəlik İstanbula 
aparılmışdı. Həmin dövrdə görkəmli Azərbaycan bədii parça ustaları Hindistanda, Orta Asiyada və bölgənin 
digər sənət mərkəzlərində çalışırdılar. 
XVI-XVII əsrlərdə Azərbaycan parçalarının belə geniş şöhrət qazanmasının səbəbi yalnız onların texniki 
icrası, yaxud davamlı olmasında deyildi. Həmin parçaların başlıca qiymətli cəhəti ondan ibarət idi ki, onlar 
yüksək bədii xüsusiyyət daşıyan naxışlarla toxunur və çox halda daha cəlbedici görünmək üçün həmin 
naxışların arasında klassik Şərq şairlərinin (xüsusilə Nizami Gəncəvinin) əsərlərindən alınmış obrazlar təsvir 
edilirdi. Parçaya xas olan xüsusi şərti dekorativ qaydalarda verilən həmin təsvirlərin əksəriyyəti Azərbaycanın 
Səfəvi dövründəki miniatür sənətini xatırladır. Belə sənətkarlıqla hazırlanmış parçaların meydana gəlməsində 
Sultan Məhəmməd və Rza Abbasi kimi görkəmli rəssamların mühüm rolu olmuşdur. 
Azərbaycan parçaları öz bədii tərtibatına görə üç böyük qrupa bölünür: 1) müxtəlif dini sözlər və yaxud 
Şərq klassiklərinin rübailəri ilə bəzədilmiş parçalar; 2) ornamental parçalar; 3) süjetli parçalar. Yazılı parçaların 
meydana gələrək təşəkkül tapmasında islam dininin həlledici rolu olmuşdur. XV əsrdən etibarən parça 
üzərində verilən yazılarda Qurandan əxz olunmuş sözlər getdikcə əhəmiy - yətini itirmiş, daha çox Şərq 
şairlərinin poeziya örnəkləri ilə əvəz olunmağa başlamışdı. Şeirlər içərisində ən görkəmli yeri Hafızin, Sədinin 
və Nizaminin əsərləri tuturdu. Azərbaycan ərazisində tapılmış ən qədim yazılı parça nümunəsi XVI əsrin 
əvvəllərinə aiddir. 1936-cı ildə Bakıdakı Şirvanşahlar sarayı ərazisində aparılmış qazıntılar zamanı köhnə 
qəbirlərin birində kəfən əvəzinə istifadə olunmuş yazılı ipək parça tapılmışdır. Parçanın üzərindəki şeir fars 
dilindədir. Gül-çiçək rəsmləri ilə bəzədilmiş parçalar toxuculuq sənətimizdə mühüm yer tutur və çoxluq təşkil 
edir. Nəbati ornamentlə bəzədilmiş parçalardan bizə gəlib çatmış ən orijinalı XVI əsrə aid edilən parça tikəsidir. 
Bakıdakı Şirvanşahlar sarayının ərazisində tapılmış bu ipək parça zərif naxışları ilə diqqəti cəlb edir. Yaşıl rəngli 
bu ipək parçanın ornamenti onun ümumi fonu ilə gözəl vəhdət yaratmışdır. 
Azərbaycan parçalarının ən qiymətli məziyyəti süjetli parçalarda əks etdirilmişdir. Parçanı insan, 
heyvan, quş təsvirləri ilə bəzəmək Azərbaycanda qədim zamanlardan məlum idi. Lakin XVI-XVII əsrlərdə bu 
cür təsvirlər ən yüksək kamillik səviyyəsinə çatdı. Əvvəllər parçaların üzərindəki rəsmlər nisbətən bəsit və sərt 
üslubda icra olunduğu halda, tariximizin Səfəvi dövrünə aid olan parçalarda biz bunun əksini görürük. Bu 


11
dövrün parçalarındakı rəsmlər, adətən, lirik əhvali- ruhiyyədə tərtib edilmişdir. Hətta müharibə və ov 
səhnələrini təsvir edən parçalar da lirik üslubda olurdu. 
Azərbaycan bədii parça sənətinin bənzərsiz cəhətlərindən biri süjetli parçalarda qızılbaş papağının 
təsvirlənməsidir. Səfəvi dövrünün baş geyimi XVI əsrin əvvəllərindən başlayaraq əsrin sonlarınadək bir neçə 
dəfə öz formasını dəyişmiş, həmin əsrin 70 -ci illərində isə dəbdən düşmüşdür. 
XVI-XVII əsrlərdə bəzək və təsvirlər parça üzərində əsasən üç üsulla yerinə yetirilirdi. Birinci üsulla 
istənilən bəzək və rəsmlər dəzgahda parça ilə birlikdə toxunaraq onun ayrılmaz qismini təşkil edirdi. İkinci 
üsulda bəzəklər hazır parçanın yerliyi üzərinə tikmə vasitəsilə salınır, üçüncüdə isə qəliblərdə basma üsulunda 
həkk olunurdu. XVI-XVII əsrlərdə geyimlər, habelə məişət əşyalarından pərdə, örtük, süfrə, mütəkkə, at yəhəri 
və s. üzərinə salınmış bəzəklər dekorativ sənətin ən çox yayılmış növü sayılan tikmə ilə icra olunurdu. 
Mənbələr təsdiq edir ki, Səfəvilər dövründə Azərbaycanda əhali arasında ən çox tikmə üsulu, təkəlduz, 
güləbətin, muncuqlu, qurama yayılmış və inkişaf etmişdi. Bu dövrdə parça üzərinə salınan tikmə üsullarından 
ən nəfisi, önəmlisi güləbətin idi. Bu tikmə əsasən ağır və bahalı parçalar üzərində olurdu. Həddən artıq stilizə 
edilmiş gül-çiçək, yarpaq və quş rəsmləri milli geyimlərin, ev əşyalarındakı bəzəklərin əsasını təşkil edirdi. 
Həmin təsvirlər, adətən, içli olurdu. Üfüqi, şaquli istiqamətlərdə tikilən qızılı və gümüşü saplar stilizə olunmuş 
təsvirlərin içini doldururdu. XVI -XVII əsrlərdə güləbətin tikmələr xüsusilə Təbriz, Şamaxı və Naxçıvan 
şəhərlərində geniş yayılmışdı. Təsadüfı deyildir ki, XVI əsrin sonlarında Təbriz sənətkarlarının güləbətin 
tikmələrlə bəzədikləri, Osmanlı sultanı III Murada hədiyyə göndərilmiş xalat indiyədək İstanbuldakı Topqapı 
sarayı muzeyinin qiymətli incilərindən sayılır. 
Xalçaçılıq. Azərbaycan xalçaçılıq sənəti tarixində XVI-XVll əsrlər ən zəngin dövrlərdəndir. Bu yüzillərdə 
Azərbaycanda olmuş əcnəbi səyyahlar ölkənin bir çox şəhərlərində daxili və xarici bazarlar üçün xalça toxunan 
xüsusi karxanaların fəaliyyət göstərdiyini qeyd etmişlər. Mənbələrdən məlum olur ki, bu zaman toxunuşu bəzi 
nümunəvi xalçaların yaradılmasında yalnız toxucu deyil, dövrün görkəmli rəssamları da iştirak etmişlər. Məlum 
olduğu kimi, xalça əsil mənada toxucu əməyinin məhsuludur. O, əsrlər boyu xalçanın həm toxucusu, həm də 
rəssamı olmuşdur. XVI-XVII əsrlərdə xüsusr sifarişlə toxunmuş bir çox Azərbaycan xalçaları isə xalq 
yaradıcılığından daha çox peşəkar saray incəsənəti örnəklərini xatırladır. 
XVI-XVII əsr Azərbaycan xalçalarında dövrün ən çox yayılmış bəzək ünsürlərindən olan nəbati 
ornamentlərə daha çox rast gəlirik. Xalça üzərində, adətən, ahənglə qurulmuş nəbati oraamentlərdə budaqlar 
ana xətti, onların üzərində yerləşən gül-çiçək və yarpaqlar isə əlavə ünsürləri təşkil edirdi. Bu dövrün 
ornamental xalçala arasında 1530-cu ildə Ərdəbildə Şeyx Səfı məscidi üçün toxunma və hazırda Nyu -Yorkun 
Metropoliten muzeyində saxlanılan xalın 1539 -cu ildə Təbrizdə yenə həmin məscid üçün toxunmuş və 
Londonda Viktoriya və Albert muzeyindəki xalını və s. göstərmə olar. "Şeyx Səfı" adı ilə məşhur olan axırıncı 
xalını 1893-cü ild ingilislər alıb Londona göndərmişdilər. Eni 5,34 metr, uzunluğu 10,51 metr (ümumi ölçüsü 
56,12 kvadratmetr) olan bu xalı dünya muzeylərində saxlanılan nadir xalq sənəti nümunələrindəndi. "Şeyx 
Səfi" tipli ornamental xalılar əksər hallarda Təbriz və Ərdəbil şəhərlərində toxunurdu. Şirvan, Qarabağ, Gəncə, 
Qazax xalçaları ornamentlərinin məzmunu etibarilə Təbriz və Ərdəbil xalçalarına oxşasa da, üslub 
xüsusiyyətlərinə görə onlardan fərqlənir. 
Tədqiqatçılar Təbrizdə və Ərdəbildə toxunmuş xalıların rəsm və naxışlarının digər yerlərdə toxunan 
xalçalara nisbətən daha çox real bəzək ünsürlərinə malik olduğunu qeyd edirlər. Azərbaycan xal çalarının 
araşdırıcıları xalçalarımızdakı bəzək müxtəlifliyini ilin sıxlığının çox və ya az olması, ilə izah edirlər. Həqiqətən 
də ilin sıxlığı çox olan xalçalarda daha real və zərif rəsmlərə, ilmə sıxılığı az xalçalarda isə sxematik və nisbətən 
bəsit bəzəklərə rast gəlininir. 
XVI-XV1I əsrlərdə ölkədə yüksək səviyyəli ornamental xalçalarla yanaşı, bədii səciyyə daşıyan süjetli 
xalçalar da toxunurdu. Bunlardan ovçuluqla bağlı müxtəlif kompozisiyalı xalçaları, məişət səhnələrini, klassik 
Şərq poemalarında əxz olunmuş epizodları qeyd edə bilərik. Azərbaycanda bu dövrdə yüksək keyfıyyətli xovlu 
xalçalarla yanaşı, külli miqdarda xovsuz xalça məmulatı (palaz, cecim, kilim, şəddə, vərni) də hazırlanırdı. 
Xovsuz xalça məmulatı istehsalı xüsusilə Qarabağda, Şamaxıda, Qazaxda və Gəncədə çox şöhrət tapmışdı. 
Xovsuz xalçalar üzərində, adətən, rəngli zolaqlar, dördbucaq, paxlava, çarpazlanmış qıvrım xətlər və s. həndəsi 
fıqurlar olur. Mənşəcə əski zamanlara aid olan sxsmatik bəzəklər əslində real varlıqda rast gəldiyimiz əşyaların 
ifadə vasitəsidir. Xovsuz xalçalarda arabir nisbətən real üslubda çəkilmiş insan və heyvan fiqurlarına da təsadüf 
edilir. Xalça məmulatı bu zaman ərzində də Azərbaycan gerçəkliyinin tərkib hissəsi, beynəlxalq ticarətdə 
başlıca alq ı-satqı obyektlərindən biri olmuşdur. 
Bədii metal. XVI-XVII əsrlərdə metaldan məişət avadanlığı, silah və bəzək nümunələri hazırlamaq işi 
Təbriz, Ərdəbil, Naxçıvan, Gəncə, Şamaxı, Bakı şəhərlərində xüsusilə inkişaf etmişdi. Bu zaman Azərbaycan 
sənətkarlarının hazırladığı silah (xəncər, qıhnc, qalxan) və zirehli geyimlər (dəbilqə, dirsəklik və s.) xarici 
ölkələrdə xüsusilə məşhurlaşmışdı. Oruc bəy Bayat öz kitabında Azərbaycan silahlarının başqa ölkələrlə 
bərabər, Moskva dövləti ərazisində daha çox yaşadığını xüsusilə qeyd edir. Rus mənbələrindən birində Moskva 
knyazı Boris Qodunovun Şamaxı sənətkarları tərəfındən hazırlanmış 8 bəzəkli dəbilqəsi haqqında məlumat 
vardır. Azərbaycan silahlarının geniş şöhrət tapması təsadüfi hal olmayıb, yerli sənətkarların sənət 
axtarışlarının labüd nəticəsi idi. Məsələn, XV əsrdə geniş yayılmış düz və enli qılıncları yeni yüzillikdə ayparaya 


12
bənzər qızıl, gümüş və qiymətli sümük dəstəkli qılınclar əvəz etmişdi. Araşdırmalar göstərir ki, bu dövrdə 
yaranmış metal məmulatı üzərində yalnız sənətkarlar deyil, habelə zamanın tanınmış rəssamları da məşğul 
olmuşlar. Sultan Məhəmməd bu dövrün metal məmulatının rəsm tərtibatı ilə məşğul olmuş ən görkəmli 
rəssamı idi. XVI əsrdə 
Nizami Gəncəvinin əsərlərindən alınmış surətlərə metal məmulatı üzərində xüsusilə tez-tez rast gəlinir. 
Metal məmulatı üzərində rəsm və naxışlardan başqa ərəb əlifbası ilə yazılmış sözlərə də təsadüf olunur. 
Həmin yazılar məmulatın nə zaman, kimin sifarişi ilə, hansı usta tərəfındən hazırlandığını nəzərə çatdırır. Bəzi 
metal əşyalar üzərində Qurandan əxz olunmuş parçalar, klassik Şərq şairlərinin şeirlərindən müəyyən hissələr 
həkk edilirdi. Ornament, müxtəlif rəsm və yazılarla yanaşı, bu dövrün metal məmulatı bəzəyində qiymətli 
daşlardan çox geniş surətdə istifadə olunurdu. Qiymətli daşlar içərisində firuzə və yaqut xüsusilə geniş 
yayılmışdı. Əski inamlara görə, fıruzə ondan istifadə edən şəxsi xəstəliklərdən, bədnəzərdən qoruyur və evinə 
xoşbəxtlik gətirir. Yaqut isə ehtirasın, qələbə hissinin rəmzi kimi qiymətləndirilir. 
XVI-XV[I əsrlərdə metaldan hazırlanmış bədii sənət nümunələrinin ayrılmaz bir qismini də zinət əşyaları 
təşkil edir. Bunlar əsasən qızıl və gümüşdən hazırlanır, qadın və kişi bəzəyi kimi istifadə edilirdi. Ümumiyyətlə, 
qiymətli metallardan düzəldilmiş bəzək əşyaları gəzdirilməsi və geyilməsi baxımından 4 qismə bölünür: 1) 
boyun bəzəkləri; 2) qol və barmaq bəzəkləri; 3) baş bəzəkləri: 4) libaslara bənd olunan bəzəklər. Bu dövrün 
Azərbaycan zərgərliyi barədə yazılı mənbələrdə xeyli məlumat olmasına baxmayaraq, faktik materialların 
(sənət nümunələrinin) sayı çox azdır. 
Daş üzərində oymalar. Əvvəlki dövrlərə nisbətən daş üzərində oyulmuş bəzək nümunələrinə biz daha 
çox məzarüstü daşlarda rast gəlirik. Ümumiyyətlə, Azərbaycan ərazisində bir neçə qrup məzar daşına təsadüf 
olunur. Bunlardan müxtəlif formalarda yonulmuş şaquli başdaşıları (stellalan), üfüqi sənduqələri (sarkofaqı), 
at və qoç fıqurlu heykəlləri göstərmək olar. Qeyd etdiyimiz məzar daşlan dəfn olunmuş şəxsin cəmiyyətdə 
tutduğu mövqeyindən asılı olaraq müxtəlif üslubda, forma və məzmunda bəzədilirdi. Təbiidir ki, sərvətli 
şəxslərin məzar daşı daha bəzəkli və zərif hazırlanırdı. 
İqlimdən, istifadə olunan materialdan və ənənələrlə əlaqədar Azərbaycamn müxtəlif yerlərində məzar 
daşları müxtəlif forma və bəzəklərdə tərtib edilirdi. Hazırda Azərbaycanda XVI-XVII əsrlərə aid olan ən zərif və 
orjinal üslubda oyulmuş məzar daşlarına Abşeronda, Şamaxı, Bərdə, Laçın, Naxçıvan, Lerik, Gəncə, Qəbələ 
ərazilərində təsadüf etmək mümkündür. Bu məzar daşlan üzərində biz məharətlə oyulmuş həndəsi, nəbati 
ornamentlərlə yanaşı, insan, heyvan, quş fıqurlarına və hətta süjet xarakteri daşıyan kompozisiyalara rast 
gəlirik. Bunlardan yalnız bəzək kimi deyil, dəfn olunmuş şəxsin cinsini, həyatını, peşəsini əks etdirən təsvir kimi 
də istifadə edilirdi. Məsələn, əksər məzar daşları üzərində gəncliyi və şücaəti əks etdirən qılınc, qalxan, at, qoç, 
qartal; hörmətli və qoca bir şəxsin və ya ruhaninin məzar daşında isə təsbeh, rəhil, qadın məzar daşı üzərində 
iynə, sap, qayçı, güzgü və s. təsvirlərə təsadüf olunur. Məzar daşları üzərində bir çox rəmzi mahiyyət daşıyan 
rəsmlər də vardır. İslamın rəmzi olan Ay və ulduz təsvirləri, Günəşin rəmzi olan svastika və ya zolaqlı dairə, 
digər rəsmlər bu qəbildəndir. Məzarüstü daşlarda vəfat etmiş şəxsin fəlsəfı məna daşıyan kəlamları, görkəmli 
şair və aşıqların sətirləri, dua, şifahi ədəbiyyat nümunələri də həkk edilirdi. Epitafıya (mezar kitabəsi) şəklində 
geniş yayılmış bu cür yazılar görkəmli şəxslərin məzarüstü daşlarında təkrar olunur. 
XVI-XV[I əsrlərdə yaradılmış məzarüstü daşların bəzəyinin əksəriyyətini nəbati ornamentlər təşkil edir. 
Araşdırmalar təsdiq edir ki, nəbati ornament motivləri və cürbəcür gözəl xətlə yazılmış kitabələrlə bəzədilmiş 
ən nəfıs məzar daşları bu əsrlərdə Şirvan-Abşeron ərazisində olmuşdur. Asanlıqla oyulan, əsasən 
əhəngdaşından hazırlanmış Şirvan-Abşeron məzar daşları çox da böyük olmayan sənduqə şəklindədir. Bu 
sənduqələrin əsas bəzək elementlərini simmetrik yerləşdirilmiş nəbati motivlər, nəsx xətli kitabə, "səlcuq 
zənciri" adlanan həndəs i ornament növü və bəzi məişət əşyalarının (gülabdan, rəhil və s.) təsviri təşkil edir. 
Kompozisiya baxımından nəbati motivlər, adətən, sənduqənin yan tərəfındəki geniş sahədə, yazılar daşın yan 
haşiyəsindəki nazik qurşaq arasında, "səlcuq zənciri" və s. həndəsi naxışlar isə pyedestalda təsvir edilirdi. 
Qəbələ bölgəsinin Həzrə və Abşeronun Buzovna kəndlərində aşkar olunan, tariximizin Səfəvi dövrünə aid 
məzarüstü daşlar oyma sənətinin klassik nümunələrindəndir. Məzar daşlarında rast gəlinən süjet xarakterli 
kompozisiyaların əksəriyyəti dəfn olunmuş şəxsin xeyirli əməllərini əks etdirən mövzulardır. Bu mövzular 
içərisində kişi məzarlarında başlıca olaraq ov səhnələri, qadın məzarlarında isə xalçaçılıq sənəti ilə bağlı 
təsvirlər əsas yer tutur. 
Süjetli oyma kompozisiyaları içərisində Sisyan (keçmiş Zəngəzur) rayonunun Urud kənd 
qəbiristanlığında yerləşən sənduqələr xüsusilə maraqlıdır. Burada biz qədim türk tayfalarının əski inamları ilə 
bağlı olan təsviri sənətə gətirilmiş bir çox orijinal motivlərə təsadüf edirik. Bu motivlər nəinki Azərbaycan el 
sənətlərinin uzaq keçmişdə Sibir və Altayda yaşamış digər türk tayfaları ilə əlaqəsini hətta islam fəlsəfəsinə 
uyğun gəlməyən mövzuların da təsvir olunduğunu göstərir. Bunlardan şamanların dini mərasimi, qədim türk 
xalqlarında zoomorf anlayışlarla bağlı meydana çıxmış onqon - quş toteminin təsvirini və s. göstərmək olar. 
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycan sənətkarlığına, onun bədii xüsusiyyətlərinə və məzmununa 
islamın təsiri hər yerdə eyni olmamışdır. Bu təsir şəhərlərdə nisbətən güclü olmuş, ucqar və dağlıq bölgələrdə 
isə əsasən, hiss edilməmişdir. Dağlıq yerlərdə yaşayan feodal təbəqəsinin məişəti şəhər feodallarının həyat 


13
tərzindən fərqləndiyi kimi, onların etiqadında da kəskin fərq vardı. Ucqarlarda yaşayan feodallar islamı qeyd -
şərtsiz qəbul etmədikləri üçün bu dinin yoxsul təbəqələr arasında yayılmasına da kəskin ehtiyac yox idi. 
Azərbaycanda daş qoç fiqurları xüsusilə geniş yayılmışdır. Biz onlara vətənimizin cənub sərhədlərindən 
tutmuş şimal-qərb inədə bir çox yerlərdə rast gəlirik. Ermənistanın və Gürcüstanın azərbaycanlılar yaşayan 
ərazilərində də bu cür fıqurlara təsadüf olunur. Təbiidir ki, belə geniş ərazidə daşdan yonulmuş qoç fiqurlarının 
yayılması təsadüfi deyildi. Dadlı ətinə, məişətdə müxtəlif ləvazimat və geyim məqsədilə istifadə olunan əvəzsiz 
dərisinə, gözəl xalçaların ipi olan yununa görə qoç əski zamanlardan ulu babalarımız üçün bolluq və qələbə 
rəmzinə çevrilmişdi. Daş qoç fiqurlarımız haqqında ilk məlumatlara biz hələ XIX əsrin əvvəllərində rast gəlirik. 
1834-cü ildə Azərbaycanda olmuş fransız səyyahı Dübua de Monpere Qarabağda çoxlu daş heyvan fiquru 
gördüyünü və yerli əhalinin onlara xüsusi hörmət bəslədiyini qeyd etmişdir. XX əsrin əvvəllərində 
Azərbaycanda olmuş rus alimi V.M.Sısoyev qeyd edilir ki, yerli əhali hətta bu cür fiqurları bəzən qədim 
qəbiristanlıq xarabalağından, dağlardan taparaq gətirir, hörmət əlaməti olaraq öz qohumlarının qəbri üzərinə 
qoyur. Respublikamızın cənubunda, xüsusilə Lerik bölgəsində təsadüf olunan qoç fiqurları həcminin iriliyi və 
şərti dekorativliyi ilə fərqlənir. Gəncə, Qazax, Ağdam, Laçın bölgələrində təsadüf olunan daş qoç fiqurlarının 
da bir çox bənzərsiz xüsusiyyətləri vardır. Bu ərazinin daş qoç fiqurları daha çox uzaq keçmişlərin arxaik sənət 
nümunələrini xatırladır. Uzunluğu 80-90 santimetr, hündürlüyü 50-60 santimetrdən artıq olmayan bu
abidələr 
monumentallığı, formalarının ümumiləşdirilmiş bir üslubda icrası ilə diqqəti cəlb edir. Naxçıvan, Gədəbəy və 
Ermənistanın azərbaycanlılar yaşamış ərazilərində rast gəlinən daş qoç fiqurlan ölçü baxımından müxtəlifdir. 
Onlardan ən böyüyünün uzunluğu 150, hündürlüyü 110 santimetr, ən kiçiyinin uzunluğu 45, hündürlüyü isə 
30 santimetrdir. 
Qeyd etdiyimiz daş qoç fiqurlarının dekorativ bəzəklərini nəbati həndə si ornament motivləri, epiqrafik 
yazılar, bəzi hallarda isə süjet səciyyəli kompozisiyalar təşkil edir. 
Azərbaycanda daş qoç fiqurlu məzar daşlarından sonra ən çox yayılmış fıqur at olmuşdur. Xalqımızın 
dünyagörüşündə, inamlarında at insanın şərəfı, qəhrəmanlığı və qələbəsinin rəmzi olub, müqəddəs heyvan 
kimi qiymətləndirilmişdir. XVI-XVII əsrlərdə hazırlanmış at fiqurlarının ən bədii və orijinal nümunələrinə Laçın 
bölgəsinin Zabux kəndi yaxınlığındakı qəbiristanlıqda, Gəncənin Göy imam qəbiristanlığında rast gəlirik. Yerli 
bərk boz daşlardan yonulmuş Zabux at fiqurlarının uzunluğu 1,5 metr, hündürlüyü 85 santimetr, eni isə 35 
santimetrdir. Fiqurlar oyma üsulu ilə insan, quş təsviri, nəbati, həndəsi naxışlar və süls-nəsx yazıları ilə 
bəzədilmişdir. Nəzərdən keçirilmiş qoç və at fiqurları yalnız bir sənət əsəri kimi deyil, tarixi fakt kimi də 
maraqlıdır. Çünki bu sənət əsərləri tariximizin Səfəvi dövrünün əski ümumtürk tarixi ilə sıx, üzvi bağlılığını 
təsdiq etməkdədir. 
Ağac üzərində oyma bəzəklər. Azərbaycan müxtəlif inşaat işləri, dekorativ-tətbiqi sənət üçün qiymətli 
ağaclarla zəngin bir ölkədir. XVI-XVII əsrlərdə xalq sənətimizin başqa növlərinə nisbətən bədii taxta emalı 
ölkədə tələbatın az olması ilə əlaqədar zəif inkişaf etsə də, yalnız sırf yerli xüsusiyyət daşımamış, ona bir çox 
xarici ölkələrdə ehtiyac olmuşdur. Səfəvi dövründə hazırlanmış taxta məmulatı üzərindəki bəzəklər əsasən üç 
texnoloji üsulla icra edilirdi: oyma, şəbəkə və xatəmkarlıq. Bu tarixi mərhələnin bədii taxta tərtibatı sənətinin 
ən çox yayılmış üsulu şəbəkə idi. Şəbəkəçilik dekorativ -tətbiqi sənətin böyük məharət tələb edən gözəl 
sahələrindən biridir. Şəbəkənin başlıca xüsusiyyətlərindən ümdəsi odur ki, hazırlanmış kiçik taxta parçalarının 
bir -birinə bənd edilməsində nə mismardan, nə də yapışqandan istifadə olunur. Şəbəkə bəzəyinin əsasını 
həndəsi naxışlar təşkil edir. XVI-XVII əsrlərdən dövrümüzə qədər şəbəkəçilik sənətinin iki gözəl nümunəsi gəlib 
çatmışdır. Bunlardan biri Qusar bölgəsinin Həzrə kəndindəki Şeyx Cüneyd türbəsindəki sənduqə, o birisi isə 
Gəncədə Cümə məscidinin minarəsidir. 
Keramika. XVI-XVII əsrlərdə Azərbaycan şəhərlərində istehsal olunan keramika məmulatı ticarət 
vasitəsilə müxtəlif Qərb və Şərq ölkələrinə yayılmışdı. Yazılı mənbələrə görə, bu dövrdə ölkədə saxsı qabların, 
həm də memarlıq abidələrində tətbiq olunması kaşı məmulatı istehsalının əsas mərkəzləri Təbriz, Ərdəbil, 
Şamaxı Bakı, Naxçıvan və Gəncə şəhərləri olmuşdur. Əvvəlki əsrlərə nisbətən keramika məmulatı ticarət 
vasitəsilə müxtəlif Qərb və Şərq ölkələrinə yayılmışdı. Yazılı mənbələrə görə, bu dövrdə ölkədə saxsı qabların, 
həm də memarlıq abidələrində tətbiq olunan kaşı məmulatı istehsalının əsas mərkəzləri Təbriz, Ərdəbil, 
Şamaxı, Bakı, Naxçıvan və Gəncə şəhərləri olmuşdur. Əvvəlki əsrlərə nisbətən keramika məmulatı üzərində 
üslub baxımından xeyli real təsvir edilmiş bəzəklər arasında biz mahir sənətkar əli ilə yaradılmış, çoxlu gül -
çiçək, quş, heyvan və bəzi məişət əşyalarının da təsvirini görürük. Bundan əlavə, saxsı məmulatı üzərində 
Səfəvi zadəganlarının həyat və məişətindən götürülmüş süjetlərə də təsadüf olunur. Hazırda bu dövrün bədii 
keramika əsərlərinin gözəl nümunələri dünyanın bir çox tanınmış muzeylərində saxlanılmaqdadır. 
XVI-XVII əsrlərdə Azərbaycanda olmuş əcnəbi səyyahlar burada sarayların, hamamların və başqa ictimai 
tikililərin bədii tərtibatında yüksək keyfıyyətli bəzəkli kaşılardan istifadə olunduğunu qeyd etmişlər. Övliya 
Çələbinin məlumatına görə, o öz gözü ilə yalnız Təbrizdə bədii kaşılarla bəzədilmiş 700-dən artıq hamam 
görmüşdür. Kaşı bəzəklərinin rəngarəngliyi, bədii ornamental xüsusiyyətlərinə görə Ərdəbildəki Şeyx Səfi 
kompleksi görkəmli yer tutur. 


14
Araşdırmalar göstərir ki, XVI-XVII əsrlərdə Azərbaycanda hazırlanmış keramika sənəti nümunələri 
əsasən üç texniki üsulla bəzədilirdi. Bunlardan mina ilə boyanmış, kobalt boyalı və çini rəsmli işləri göstərmək 
olar. Əgər memarlıq abidələrinin tərtibatında tətbiq olunan mina boyalı keramika sənəti nümunələri daha çox 
yerli ənənələrlə bağlı idisə, kobalt boyalı keramika nümunələrinin yaranmasında Çin keramika sənəti ənənələri 
başlıca rol oynamışdır. Mənbələr göstərir ki, bu əsrlərdə Azərbaycan şəhərlərində kobalt boyalı Çin keramikası 
geniş yayılmışdı. Qeyd etmək lazımdır ki, Uzaq Şərq, xüsusilə Çin mədəniyyətinə xas olan rəng və ornament 
motivləri yalnız keramikada deyil, başqa sənət nümunələrində də özünü büruzə vermişdir. Lakin Azərbaycan 
sənətkarları bu yeniliyi heç zaman kortəbii şəkildə təqlid etməmiş, daim doğma mühitə, verli ənənələrə 
uyğunlaşdıraraq istifadə etmişlər. Zaman keçdikcə isə gəlmə bədii ənənələr bütünlüklə öz keçmiş forma və 
mənşəyini itirərək, Azərbaycan bəzəklərinin üzvi, ayrılmaz ünsürlərinə çevrilirdi. 
XVII əsrin sonları - XVHI əsrin əvvəllərində öncə Qərbi Avropada, sonra isə Rusiyada çini və saxsı qabları 
kütləvi şəkildə istehsal edən bir sıra müəssisələrin fəaliyyətə başlaması Azərbaycan keramika sənətinin də 
inkişaf zəminini məhdudlaşdırmışdır. Kütləvi şəkildə istehsal olunmuş Avropa və Rusiya çini qabları ucuz 
qiymətə satılır, Azərbaycan bazarlarında da əlverişli alış obyektinə çevrilir, xüsusi emalatxanalarda əllə 
hazırlanmış çini qablara ehtiyac qalmırdı. 
XVI-XVn əsrlərdə dekorativ -tətbiqi sənətin digər növləri müəyyən dərəcədə inkişaf etmişdir. Lakin eldə 
kifayət qədər material olmaması sənətin bu növləri haqqında daha aydın təsəvvür yaratmağa imkan vermir. 
Bu zaman sənətlə incəsənətin sıx əlaqəsi özünü parlaq şəkildə büruzə vermişdir. Bu dövrün dekorativ -
tətbiqi sənət əsərləri yalnız sənətkarların deyil, rəssamların, xəttatların kollektiv fəaliyyətinin məhsulu idi. 
Azərbaycan dekorativ -tətbiqi sənəti tarixində bu dövrdə ilk dəfə olaraq insan təsviri qabarıq şəkildə ön 
plana çıxdı. Dekorativ sənət əsərlərinin klassik Şərq poeziyası ilə bağlılığı, realizmi Səfəvi dövrünün 
nəzərəçarpan cəhətlərindən idi. 
Təhlil etdiyimiz sənət nümunələri göstərir ki, əsərlərin forması, materialı və icrasından asılı olmayaraq 
eyni süjet, kompozisiya quruluşu, ornament motivləri bütün əşyalarda öz əksini tapmışdır. Bu isə Səfəvi 
dövründə özünəməxsus ümumi üslub xüsusiyyətinin olduğunu təsdiq edir. Lakin bu bədii üslub da başqa 
zamanların bədii üslubu kimi uzun müddət davam edə bilmədi. XVII əsrin sonlarından başlayaraq bir çox tarixi 
səbəblərlə əlaqədar inkişaf etməkdə olan yeni üslub qarşısında əski üslub aciz qaldı və əhəmiyyətini itirməyə 
başladı. 
Şiəliyin dövlət dini olması və ruhanilərin, eləcə də bəzi Səfəvi hökmdarlarının, o cümlədən Şah 
Təhmasib, Şah Sultan Hüseynin musiqinin qadağan olunmasına dair fərmanlarına baxmayaraq, musiqi 
mədəniyyəti inkişaf edirdi. Musiqi təkcə dini mərasimlərdə deyil, sarayda və xalqın şənlik məclislərində də 
səslənirdi. Bu dövrdə xalq mahnıları, aşıq mahnıları geniş yayılırdı. 
Azərbaycanın Gəncə, Şamaxı, Bakı, Ərdəbil, Təbriz, Marağa və s. şəhərlərində (xüsusilə şah sarayında 
və şəhər hakimlərinin ziyafət məclislərində) musiqiçilər dəstəsi fəaliyyət göstərirdi. Musiqiçilər və xanəndələrə 
rəis təyin edilməsi haqqında 1526-cı ildə verilmiş fərmandan aydın olur ki, artıq bu zaman musiqiçilər, 
xanəndələri bir təşkilatda birləşdirilir, onların fəaliyyəti dövlət nəzarəti altına alınır. Musiqiçi və xanəndələr 
hətta dövlətə vergi də verməli idilər. Onlara çalğıçıbaşı adlanan başçılar da təyin edilirdi. 
1521-ci ilin fevralında I Şah İsmayıhn Təbrizin “Həştbehişt” adlanan məşhur sarayında təşkil etdiyi 
şənlik məclisində müğənnilər oxuyur, musiqiçilər ud və ney çalırdılar. 1 Şah İsmayıl və yüksək rütbəli əmirlər 
Təbriz meydanında musiqi sədası altında qopuq oyunu keçirirdilər. Lakin Şah Təhmasib iki dəfə - 1526 və 1556-
cı illərdə musiqi çalınmasını qadağan edən fərmanlar vermişdi. 1526 -cı il fərmanına əsasən saqqal qırxmaq, 
göyərçinbazlıq, nərd oynamaqla yanaşı, tənbur çalmaq da qadağan edilmişdi. 1556-cı ildə verilmiş fərmanda 
deyilirdi: "Müğənni şərə xilaf mahnı oxusa, cəzalanmalıdır. Çəngi hər kimdə görsələr, boğazını kəssinlər, ney 
şəri mahnılarla həmahəng olmasa, nəfəs çıxarmağa qoymasınlar, musiqiçi digəri ilə həmnəfəs olduqda 
boğazına qurğuşun töksünlər". Həmin fərmanlardan aydın olur ki, musiqi yalnız dini mərasimlər zamanı çalına 
bilərdi. İsgəndər bəy Münş i üstüörtülü də olsa, bu barədə belə yazmışdı: "Şəriət musiqi əhlini saya qoymur. 
Hökmdarın xidmətində olan musiqiçilər işdən qovulmuşlar. Onlardan yalnız ikisi - Hüseyn Şüştəri Bəyani və 
Ustad Əsəd Sornai (zurnaçalan. - 

Yüklə 442,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin