Müvafiqlik prinsipi. Bu prinsip təlimi tələbələrin yaş və anlama səviyyəsinə, gücünə uyğun qurmağı nəzərdə tutur. Təlim gücə uyğun olmadıqda tələbədə özünə inamsızlıq baş qaldırır, müəllimin zəhməti, səyi hədər gedir. Bunun üçün elmi informasiyaların həcmi, çətinliyi, mənimsənilmə tempi tələbələrin real təhsil imkanlarına uyğun qurulmalıdır. Müvafiqlik prinsipi bir neçə qaydada həyata keçirilir: a) asandan çətinə; b) məlumdan məchula (məchulu məlum əsasında öyrətmək); c) ümumidən xüsusiyə (obyekt haqqında ümumi təsəvvür verdikdən sonra onun xüsusi hallarına keçmək); ç) sadədən mürəkkəbə (sadə məsələlərdən tədricən mürəkkəb məsələlərə keçmək). Təlimdə fərdi yanaşma prinsipi. Bu prinsip təlimdə tələbələrin fərdi xüsusiyyətlərini nəzərə almağı, hər kəsin inkişafı üçün əlverişli şərait yaratmağı və təlimdə uğurlu fərdi cığırını tapmağı tələb edir. Təlimdə fərdi yanaşmanın vacibliyi onunla bağlıdır ki, qrupdakı tələbələrin qüvvə və imkanları eyni deyildir: bəziləri təlim materialını tez qavrayıb uzun müddət yadda saxlaya bildikləri halda, başqaları gec öyrənib tez də unudurlar. Müəllim bu göstəricilər üzrə hər bir tələbənin fərdi xüsusiyyətlərindən çıxış edərək təlimdə fərdi yanaşmanı həyata keçirir. Bu prinsipin tətbiqində müxtəlif qaydalar əsas götürülür: - tələbələrin fərdi maraq və qabiliyyətlərini inkişaf etdirmək; - fərdi fərqlərdən çıxış edərək tapşırıqları fərdiləşdirmək və diferensiallaşdırmaq; - zəif və yaxşı oxuyan tələbələrlə onların səviyyələrinə uyğun iş aparmaq (fərdi tapşırıqlar, əlavə məşğələlər, məsləhətlər və s.), müəllimin köməyini fərdiləşdirmək; - fərdi tədris planı ilə təhsil alan tələbələrlə fərdi işi gücləndirmək.
Təlim üçün zəruri şəraitin yaradılması prinsipi. Bu prinsip təlim üçün lazımi şərait yaratmaqla onun səmərəsini yüksəltməyi nəzərdə tutur. Təlim üçün zəruri şərait dedikdə dörd qrup şərait nəzərdə tutulur: a) tədris – maddi şərait (təlimin dərslik, dərs vəsaitləri, əyani və texniki vasitələrlə təmin edilməsi); b) gigiyenik şərait (auditoriyanın sahəsi, hava tutumu, temperaturu, işıqlığı və s.); c) mənəvi-psixoloji şərait (demokratik ünsiyyət, humanist münasibət, sağlam mənəvi-psixoloji iqlim, pedaqoji etika və s.); ç) təlimdə estetik şərait (məktəbin estetik tərtibi, münasibətdə, nitq və davranışda gözəllik, geyim estetikası). Bu prinsip müəyyən qaydalarla həyata keçirilir: - təlim üçün normal gigiyenik şərait yaratmaq; - sağlam mənəvi-psixoloji iqlim yaratmaq; - müəllim-tələbə münasibətlərini humanistləşdirmək; - tələbələrdə müsbət emosional vəziyyət yaratmaq.