Maddi təhsil nəzəriyyəsinə görə, təlimin məqsədi tələbələrə həyatda lazım olan bilik və bacarıqlar verməkdən ibarətdir. Formal təhsil nəzəriyyəsinə görə, təlimin məqsədi ağlı, zehni qabiliyyətləri inkişaf etdirməkdir. Göstərilən hər iki mövqe yanlış olub, təlimin əsas məqsədlərini bir-birinə qarşı qoyur. Bu birtərəfli, metafizik nəzəriyyələrdən fərqli olaraq dialektik təhsil nəzəriyyəsi təlimin hər iki məqsədini vəhdətdə götürür: təlim həm bilik verməli, həm də zehni qabiliyyətləri (ağlı) inkişaf etdirməlidir. Ali təhsilin məzmunu elə qurulmalıdır ki, tələbələr elmi biliklərlə yanaşı, zehni qabiliyyətlərə, təfəkkür metodlarına da yiyələnmiş olsunlar.
2. Ali təhsilin məzmunu, onu əks etdirən sənədlər Ali təhsilin məzmunu müəyyən normativ sənədlərdə öz əksini tapır. Təhsilin məzmununu əks etdirən sənədlərə daxildir:
a) tədris planı;
b) tədris proqramları; c
) təhsil proqramları (kurrikulumlar);
ç) dərslik və dərs vəsaitləri.
Tədris planı – müəyyən tip təhsil müəssisəsində keçilən fənlərin tərkibini, ardıcıllığını, hər fənnə ayrılan saatların miqdarını, tədris ilinin strukturunu müəyyən edən dövlət sənədidir. Tədris planında fənlər üç qrupa bölünür:
a) məcburi və ardıcıl öyrənilən fənlər. Buraya, əsasən, ixtisas fənləri daxildir; b) məcburi, lakin qeyri-ardıcıl öyrənilən fənlər. Buraya, əsasən, peşə hazırlığı və ümumi hazırlıq fənləri və s. daxildir;
c) seçmə fənlər. Buraya humanitar və sosial fənlər, seçmə kurslar və s. daxildir. Bu fənlərin öyrənilməsi tələbələrin nəzəri-metodoloji hazırlığını təmin etməyə, onlarda elmi dünyagörüşünü formalaşdırmağa imkan verir. İxtisasın tədris planları əsasında fərdi tədris planları, tədris proqramları, təhsil proqramları və dərs cədvəlləri tərtib olunur.
Tədris proqramları hər fənn üzrə bilik, bacarıq və vərdişlərin həcmini, sistem və ardıcıllığını müəyyən edən dövlət sənədidir. Tədris proqramına müəyyən tələblər verilir:
a) fənn üzrə nəzərdə tutulan bilik və bacarıqlar dövlət təhsil standartlarına uyğun olmalıdır;
b) elmin müasir səviyyəsi əks etdirilməlidir;
c) fənlərarası əlaqələr gözlənilməlidir;
ç) nəzəriyyə və təcrübənin əlaqəsi təmin olunmalıdır;
d) tələbələri müstəqil işə, özünütəhsilə istiqamətləndirməlidir;
e) tərbiyə məqsədinə xidmət etməlidir;
f) tələbələrin həddən artıq yüklənməsinə yol verilməməlidir.