Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Təlim metodlarının səciyyəsi və əlaqəli tətbiqi



Yüklə 209,22 Kb.
səhifə27/80
tarix05.05.2023
ölçüsü209,22 Kb.
#108280
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   80
Ali mekteb Pedaqoqikasi

4. Təlim metodlarının səciyyəsi və əlaqəli tətbiqi
Təsnifatdakı hər bir metodlar qrupu əsas didaktik məqsədlərin yerinə yetirilməsinə xidmət edir.
1.Təsəvvürlərin formalaşdırılması (qavrama) metodları. Hissi qavramanı təminetmək, ətraf aləm haqqında dolğun təsəvvürlər yaratmaq məqsədi güdür. Bu qrup metodlara müşahidə, illüstrasiya, demonstrasiya və təsvir metodları daxildir.
Müşahidə metodu müəyyən məqsədlə, planlı və sistemli şəkildə qavrama prosesinin təşkili metodudur.
İllüstrasiya metodu əyani vasitələrin köməyi ilə təlim materialının qavranmasını nəzərdə tutur. Əyani vasitələr müxtəlif növdə olur: a) təbii əşyalar; b) şəkil və plakatlar; c) sxematik materiallar (sxem, cədvəl, diaqramlar); ç) simvolik əyani vəsaitlər (xəritələr, qlobus). Məqsəd və məzmundan asılı olaraq əyani vasitələrin müxtəlif növləri seçilib tətbiq edilir.
Demonstrasiya metodu əşya və hadisəni dinamikada, yəni dəyişmə və inkişaf halında nümayiş etdirmək metodudur. Buraya təcrübələr, kino, diafilmlər və televiziya verilişlərindən, kompüterdən istifadə daxildir. Təsvir metodu müəyyən fakt və hadisəni söz vasitəsilə tələbələrin təsəvvüründə canlandırmaq metodudur.
2.Nəzəri biliyin (anlayış və qanunların) mənimsədilməsi metodları. Bu metodlar
tələbələrin şüurunda düzgün elmi anlayışların yaradılması və qanunların dərk edilməsi məqsədi güdür. Bu qrup metodlara müəllimin şərhi, müsahibə, diskussiya, məntiqi metodlar, kitab üzərində iş metodları, problem-axtarış metodları daxildir. Müəllimin şərhi metodu müəyyən faktı, hadisəni, anlayış və qanunauyğunluğu şifahi şəkildə tələbələrə çatdırmaq metodudur. Bu metod az vaxtda daha çox informasiya verməyə imkan yaradır. Müəllimin şərhi üç növdə olur: nəql, izah, mühazirə. Müəllimin şərhi öz xarakterinə görə məlumatverici və problem şəklində olur. Məlumatverici şərh hazır informasiya verməyi nəzərdə tutur. Problem şərh isə tələbələri düşündürməyə xidmət edir: bu zaman müəllim mövzu üzrə müəyyən problemlər irəli sürür, ya özü, ya da tələbələrin iştirakı ilə onları həll edir. Şərhin səmərsi üçün müəyyən şərtləri gözləmək lazımdır: şərhin məzmunu (müəllimin danışığı) elmi və sistemli olmalı, tələbələrin anlama səviyyəsinə müvafiq gəlməlidir; fikirlər aydın və anlaşıqlı olmalı, sübut edilməlidir; nəzəri biliklər həyatla əlaqələndirilməlidir; şərh zamanı tələbələrin fəallığı təmin edilməlidir (qeydlər aparmaq, diskussiya elementləri və s.).
Müsahibə metodu sual-cavab deməkdir. Müsahibə, əsasən, iki növdə olur: evristik və təkrarlama müsahibəsi. Evristik müsahibə (“evrika” yunanca “tapdım” deməkdir) yeni qaydanı, qanunauyğunluğu sualların köməyi ilə tələbələrə tapdırmaq metodudur. Evristik metodda sualların köməyi ilə müvafiq faktlar təhlil olunur və nəticələr çıxarılır. Müsahibə zamanı sualların düzgün qoyulması mühüm şərtdir. Sualın qoyuluşu müəyyən tələblərə cavab verməlidir:
a) sual konkret və aydın olmalıdır; ümumi xarakterli sual aydın olmur (məsələn, “S.Vurğun haqqında nə deyə bilərsən?”);
b) sual düşündürücü olmalıdır; “hə” və “yox” cavabı tələb edən sual (məsələn, “Metallar istidən genişlənirmi?”) tələbələri düşündürmür;
c) sual yığcam olmalıdır; iki və çoxmərtəbəli sual (məsələn, “İsim nədir, o, hala və şəxsə görə necə dəyişir?”) vermək düzgün deyildir, belə sual yaxşı yadda qalmır və cavaba mənfi təsir göstərir;
d) yanlış və çaşdırıcı suallar vermək olmaz. Belə suallar (məsələn, “Ay Günəşdən neçə dəfə böyükdür?”) tələbələrin təfəkkürünü səhv yola sövq edir və müəllimin biliyi haqda onlarda şübhə yarada bilər.
Müsahibə metodunun təşkilində müəyyən qaydanı gözləmək lazımdır: sual tək-tək tələbəyə yox, qrupa verilir və istənilən tələbədən soruşulur. Cavab səhv və ya qeyri-dəqiq olarsa, səhv cavab tələbənin özünə, ehtiyac olduqda isə digər tələbələrə düzəltdirilir, cavab yenə təminedici olmasa, müəllim özü izah edir. Müsahibənin bir forması da diskussiyadır. Diskussiya metodu elmi mübahisə deməkdir. Diskussiya zamanı müəyyən problem üzrə müxtəlif baxışlar, mövqelər irəli sürülür, hər kəs öz mövqeyinə haqq qazandırmağa, digər mövqeyi təkzib etməyə çalışır. Təlimin məntiqi metodları nəzəri biliyin – anlayış və qanunların dərk edilməsi, ümumiləşdirmə aparılması məqsədi güdən təfəkkür metodlarıdır. Bu metodlara analitik-sintetik və induktiv-deduktiv metodlar daxildir. Analitik metodlar müəyyən obyekti fikrən tərkib hissələrinə və ya əlamətlərinə ayırmaq məqsədi güdür. Bu metodlara müqayisə (oxşarlıq və fərqi müəyyənləşdirmək), təsnifetmə (əşya və faktları əsas əlamətlərinə görə ayırmaq), analogiya (bir obyektlə bağlı biliyi digər obyektə keçirmək) və b. daxildir. Sintetik metodlar obyektin ayrı-ayrı hissə və əlamətlərini fikrən bir tam halında birləşdirmək məqsədi güdür. Bu yolla öyrənilən obyekt (cisim və hadisə) haqqında tam təsəvvür yaranır. Sintetik metodlara sistemləşdirmə (obyektlərin müəyyən prinsip (əlamət) əsasında sistemə salınması), ümumiləşdirmə (ümumi xassəyə malik olan cisim və hadisələrin fikrən birləşdirilməsi), konkretləşdirmə (ümumi müddəanın xüsusi hallara tətbiq edilməsi), sübutetmə (fikirlərin əsaslandırılması) və b. metodlar daxildir. İnduktiv metod xüsusidən ümumiyə, deduktiv metod isə ümumidən xüsusiyə keçməklə əqli nəticə çıxarmaq metodudur. Məntiqi metodlar digər təlim metodları ilə, xüsusən kitab üzərində iş metodları ilə sıx bağlıdır. Kitab üzərində iş metodları bilik mənbəyi kimi kitabdan müxtəlif məqsədlərlə istifadə etməyi nəzərdə tutur. Kitab üzərində iş metodları və tərzləri çoxdur: əsas fikrin tapılması, plan, tezis və konspekt tərtibi, oxunanları fikirdə nəzərdən keçirmək, oxu metodları (tam və hissələrlə oxumaq) və s. Təlimdə, bütün fənlərdə tələbələri kitab üzərində işə geniş cəlb etmək, təkcə dərslik və dərs vəsaitlərinə yox, eyni zamanda ilk mənbələrə, lüğət və məlumat ədəbiyyatına, bədii ədəbiyyata istinad etmək vacibdir.

Yüklə 209,22 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin