İntellektual VB-lər İnformasiya sistemlərinin proqram əlavələrinin inkişafı VB-lərə daha asan və münasib müraciət edilməsinin reallaşdırılmasını tələb edir.
Süni intellekt texnologiyaları (SİT), xüsusən də ekspert sistemləri (ES) və süni neyron şəbəkələri (SNŞ) mürəkkəb VB-lərdə həm müraciəti, həm də manipulyasiyanı son dərəcə sadələşdirə bilir. Yollardan biri bu sadələşdirmə ilə yanaşı hökm (qərar) çıxarılması qabiliyyətinin artırılmasında VBİS-in rolunu gücləndirməkdir ki, nəticədə alınan VB intellektual VB adlansın.
Ekspert sistemin böyük VB ilə birləşdirilməsi çətinliyi hətta iri korporasiyalar üçün də əsas problemdir. Proqram təminatı satıcılarının çoxu bu inteqrasiyanın vacibliyini dərk edərək öz proqram məhsullarını inkişaf etdirirlər ki, tələb olunan proqram dəstəyi reallaşsın. Belə proqram məhsullarına nümunə Oracle şirkətinin relyasiyalı VBİS-dir ki, bu ekspert sistemi VB ilə funksional bağlaya bilmişdir və həmin proqram sorğuları optimallaşdırmağı, yəni VB-yə göndərilən sorğular üçün daha səmərəli yol seçməyi bacarır.
Süni intellekt kommersiya proqramlarının yaradılmasının əsas cari istiqamətlərindən biri VB üçün bilik emal edən altsistem yaradılmasıdır. Bu sistem istifadəçinin VB-dən seçib götürdüyü informasiyanı ekspert sistemin qaydalar bazasına ötürərək hökm çıxarmağa imkan verir.
Verilənlərin əldə edilməsi üçün istifadə edilən bəzi proqram instrumentləri intellektual sistemlərə malikdir ki, bunların köməyi ilə intellektual axtarış həyata keçirilir. Verilənlərin intellektual əldə edilməsi və təhlili sistemi sorğu və hesabat aşkarlanmadıqda da verilən anbarındakı informasiyanı açmağa imkan verir.
Verilənlərin intellektual təhlili instrumentləri verilənlər içərisində nümunələr axtarıb tapır və onlardan qayda yaradır. Bu nümunə və qaydalar rəhbərlik tərəfindən qərar qəbulu və qərarların nəticələrinin proqnozlaşdırılması zamanı istifadə edilir.
Verilənlərin intellektual təhlili sistemi diqqəti daha vacib dəyişənlərə yönəltməklə təhlili sürətləndirə bilir.
Verilənlərin intellektual təhlili zamanı 5 tip informasiya tətbiq edilə bilir: assosiasiyalar, sıralar, təsnifatlar, klasterlər və proqnozlar.
Veilənlərin intellektual təhlilində istifadə edilən proqram instrumentlərinin əsas tipləri aşağıdakılardır:
-Precedentlər (nümunələr) əsasında mülahizə yürütmək;
-Neyron hesablamaları;
-İntellektual agentlər;
-Sair vasitələr: qərarlar ağacı, rolev (dəyişdirici) induksiyası, verilənlərin vizuallaşdırılması