Verilənlərin saxlandığı yerlər və ya verilən anbarları Müasir təşkilatlar həm köhnə mərkəzləşdirilmiş sistemlərdən, həm də yeni paylanmış sistemlərdən istifadə edir. Texnologiyaların çoxsaylı olması proqram məhsulları satıcılarının da çoxsaylı olmasına səbəb olmuşdur. Belə bir texnoloji və kommersiya əhatəsində olan menecerlər idarəedici informasiya texnologiyalarını seçərkən yeni anlayışlardan istifadə etməli olurlar. Bu anlayışlardan biri verilənlərin “anbarlaşdırılması”dır. “Verilən anbarı” anlayışı qərar qəbuluna dəstək üçün operativ əhatəni reallaşdıran fiziki məkandan başlanır. Şirkətlərin əksəriyyətində tranzaksiyaların emalı sistemlərindən on-line rejimində (OLTP-online transaction processing) götürülən operativ verilənlər baş kompüterdə (meyn-freym-də) təşkil edilmiş xüsusi anbarda (saxlanc yerində) saxlanır. Verilənlərin saxlanmasının bir-neçə baza strukturu mövcuddur. Əsas strukturlar 2 və 3 cərgəli strukturlardır. Anbarda yerləşdirilməzdən əvvəl verilənlər daxili və xarici mənbələrdən xüsusi proqram təminatının köməyi ilə götürülür (dərilir), təmizlənir, süzülür və cəmlənir. Sonra verilənlər emal edilir və asan çoxölçülü təqdimat üçün təşkil edilmiş əlavə xüsusi çoxölçülü VB-də arxitekturanın 3-cü cərgəsində yerləşdirilir. Qərar qəbuluna dəstək xidməti göstərən belə informasiya sisteminin istifadəçiləri serveri çağıra və təhlil apara bilirlər.
Verilənlərin bu cür saxlanması daha çox elə təşkilatlara münasibdir ki, orada:
-Verilənlər müxtəlif sistemlərdə saxlanır;
-Menecmentə informasiya-analitik yanaşmadan istifadə edilir;
-Böyük və cürbəcür alıcı və müştəri bazası vardır;
-Eyni verilənlər müxtəlif sistemlərdə müxtəlif cür təqdim edilir;
-Verilənlər yüksək texniki səviyyəyə malik rasşifrovka üçün çətin formatlarda saxlanır.
OLTP: verilənlərin operativ analitik emalı. Bir çox illər ərzində informasiya texnologiyaları korporativ tranzaksiyaların emalına dəstək xidməti göstərən sistemlərin yaradılmasına yönəldilmişdir. Bu sistemlər vizual imtinaya davamlı və müraciətə cəld reaksiya verən olmalıdır. Belə sistemlər səmərəli qərar qəbuluna relyasiyalı VB ilə dəstək verə bilir. Bu baxımdan, müştəri-server arxitekturası mühüm rol oynamışdır.
OLTP və OLAP tipli VB-lər mövcuddur. OLAP (Online Analitical Processing – operativ-analitik emal) tipi istifadəçiyə imkan yaradır ki, ani olaraq sistemə müraciət edə və təhlil apara bilsin.
OLTP tipi sistemin girişinə daxil olan böyük həcmli verilənləri cəld emal etməyə imkan verir. OLAP son istifadəçilər üçün, OLTP peşəkar istifadəçilər üçündür. OLAP-ın təməl prinsipi verilənlərin çoxölçülü təqdimatıdır.