Süni intellektdə biliklər. Biliklər bazası. Bilik – predmet oblastının probleminin nəzəri və praktiki dərk edilməsidir.
Bilik dedikdə, həmçinin kompüterdə müəyyən struktur qaydalarına uyğun formallaşdırılmış şəkildə saxlanan və problemin həlli zamanı kompüterin sərbəst surətdə məntiqi nəticələr əsasında istifadə etdiyi informasiya nəzərdə tutulur. Ümumi qəbul edilmiş mənada “bilik” termini olduqca populyarlaşmışdır. Buna baxmayaraq biliyə tərif verilməlidir. Çünki bilik çoxsaylı fəlsəfi elementləri əhatə edir. Əgər “bilik” termini hərfi mənada götürülərsə, onda onun ümumi konsepsiyada dərk edilməsi olduqca çətindir. Lakin söhbət biliyin kompüterdə təqdim edilməsindən gedirsə, onda bilik yuxarıda verilən dar mənada işlədilir. Yəni biliyin kompüterdə emalı dedikdə, onun məzmununun dəyişdirilməsi qaydaları nəzərdə tutulur.
Süni intellekti digər informasiya sistemlərindən fərqləndirən əsas cəhət odur ki, burada əsas fikir verilənin və ya informasiyanın deyil, biliyin emalına yönəldilir. Yaxın keçmişdə əsas resurs informasiya idisə, hal-hazırda bilik təşkilatın əsas resursu hesab edilir.
Kompüter hələ ətrafda baş verənləri özü sərbəst şəkildə öyrənməyi və təcrübə toplamağı bacarmasa da, insanın (ekspertin) ona verdiyi bilikdən istifadə etməyi bacarır. Ekspert biliyi faktlardan, anlayışlardan, nəzəriyyələrdən, evristik metodlardan, prosedurlardan və münasibətlərdən ibarət olur. Bilik, həmçinin elə informasiyadır ki, qərar qəbulu üçün tətbiq edilə biləcək formada təşkil və təhlil edilmişdir.
Süni intellekt sistemində həll edilən məsələlərə dəxli olan birgə təşkil edilmiş biliklər kolleksiyasına biliklər bazası (BB) deyilir. Biliklər bazalarının əksəriyyəti dar predmet oblastı üzrə ixtisaslaşdırılmış məhdud imkanlı sistemlərdir. BB texnologiyası hazırlanarkən süni intellekt kompüterə elə mexanizmlər və qabiliyyətlər verir ki, BB-dəki fakt və münasibətlərdən istifadə edərək kompüter nəticə çıxara bilir.
Biliklər bazasının idarə edilməsi sistemləri (BBİS) İntellektual verilənlər bazası və süni intellekt əsasında inkişaf etdirilən biliklərin təsvir edilməsi metodları intellektual sistemlərdə biliklər bazasının yaradılması və tətbiqi zamanı özünü tam doğrultmur.
Yeni texnologiyanın ən vacib instrumental vasitələrindən biri olan BBİS qurmaq üçün intellektual VB-lərdə və süni intellektdə biliklərin təsviri metodlarını inteqrasiya etmək lazımdır.
Süni intellekt və VB texnologiyaları sahəsində aparılan işlərin təcrübəsi sözügedən inteqrasiya sistemi qarşısında qoyulan əsas tələbləri formalaşdırmağa imkan verir. BBİS instrumental vasitə olduğundan, onunla, ilk növbədə, intellektual sistemləri yaradan layihəçi-proqramçılar və bilik bazalarının inzibatçıları, yəni bilik mühəndisləri, bilik bazasının layihələşdirilməsi, işlədilməsi və aktual vəziyyətdə, yəni xarici mühiti gerçək əks etdirən vəziyyətdə saxlanmasına cavabdeh olan mütəxəssislər işləyirlər.
Layihəçi-proqramçıların əsas işi intellektual sistemin BB əsasında işləyən prosedur hissəsini hazırlamaqdır. Bu məsələni həll etmək üçün inkişaf etmiş instrumental vasitələr mövcud olsa da, bu vasitələr iri bilik bazaları ilə səmərəli işləməyə imkan vermir. İnteqrasiya məhz həmin nöqsanı aradan qaldırmalıdır.