Mühazirə 1. Elmi tədqiqatın əsas məqsədləri. Fənnin vəzifələri, tarixi və
bilik anlayışı
Elmin tarixi, elmi bilik anlayışı
Elm nə vaxtdan başlanır?
«Elm» anlayışının necə başa düşülməsindən asılı olaraq bu suala
müxtəlif cavablar vermək olar.
1. Elm (elmi bilik) insanların ilk dəfə «nəyə görə», «hansı səbəbdən»
sualını qoyduğu vaxtdan başlanır. İnsanların dünya hadisələrini izah etmək
cəhdləri, artıq yalnız «nə etmək», «necə etmək» sualını deyil, həm də «nəyə
görə belədir» sualını qoymaları biliklərin bölgüsünə gətirir; əməli biliklərlə
yanaşı ilk elmi biliklər yaranır ki, bu hadisə müəyyən mənada elmin başlanğıcı
kimi qəbul oluna bilər.
2. Elm – biliklərin bir sistem kimi formalaşdığı vaxtdan başlanır. Yəni elə
bir vaxtdan ki, birincisi, bu vaxta qədər toplanmış biliklər yeni əldə olunan bilik
üçün meyara çevrilir; Artıq qərarlaşmış olan biliklərə uyğun gəlmək, onları
tamamlamaq elmiliyin şərti kimi çıxış edir. Yaxud, ikincisi, mövcud biliklər
zəminində daha obyektiv gerçəklikdən yeni faktiki material gözləmədən yeni
bilik almaq imkanı yaranır; başqa sözlə, mövcud biliklər sistemi özü özünü
inkişaf etdirmək keyfiyyəti əldə edir. Elmin özünüinkişaf sisteminin olması
onun müasir dövrdə sinergetik kontekstdə araşdırılmasını da aktuallaşdırır.
Bəs elmin tarixi nəyə lazımdır?
Bütün mühüm texniki yeniliklər (avtomobil, elektrik, kimyəvi gübrələr,
kompüter və s.) riyaziyyatın, fizikanın, kimyanın, biologiyanın və s.-nin
nailiyyətlərinə əsaslanır. Lakin biz müxtəlif dövrlərin siyasi xadimlərinin həyatı
və fəaliyyəti haqqında daha çox bilirik, nəinki öz əməyi ilə müasir dünyanın
rifahı və rahatlığının əsasını qoyanların həyatları haqqında.
Elm və texnikanın tarixi tarixi dərketmənin faktiki olaraq yalnız 19-cu
əsrdə yaranmış ən gənc sahələrdən biridir. Tarixin öyrənilməsi keçmişi və
indiki vaxtı daha yaxşı başa düşməyə və gələcəyi proqnozlaşdırmağa imkan
verir.
Elmin tarixinə iki yanaşma mövcuddur:
Presentizm – müasirliyin dili ilə keçmişin haqqında danışmaq;
Antikvarizm – müasirliyə istinad etmədən keçmişin haqqında danışmaq.
Dostları ilə paylaş: |