Mühazirə 2. Elmi idrakın metodları, elmin təsnifatı, strukturu və mərhələləri Elmin təsnifatı Elmlərin təsnifatı və onların təşkilatlanması prosesləri sıx surətdə
əlaqədardır.
Elmlərin təsnifatı fəlsəfənin daxili bölgüsündən başlanır. Çünki qədim
dövrdə elmlər hələ fəlsəfədən ayrılmamışdı. Təsadüfi deyil ki, Aristotel də
elmlərin təsnifatını fəlsəfənin daxili hissələri kimi vermişdi. O, fəlsəfəni üç yerə
ayırırdı: nəzəri, praktiki və yaradıcı. Nəzəri fəlsəfəyə məntiqi, riyaziyyatı,
fizika və metafizikanı aid edirdi. Praktik fəlsəfəyə etikanı, iqtisadiyyatı və
siyasəti aid edirdi. Bundan başqa o, sənət sahələrini də elmin (fəlsəfinin)
bölmələri kimi göstərir poeziyanı, ritorikanı və incəsənəti buraya aid edirdi.
Maraqlıdır ki, bütün bu sahələr üzrə Aristotel ayrıca əsərlər yazmış, və elmin
bütün sahələrini ehtiva etməyə çalışmışdır.
Elmin fənlərə ayrılması və hər fənnin öz daxili bölgüsü çox şərti və bəzən
mübahisəlidir. Bir tərəfdən, haçalanma, genişlənmə və yeni dar ixtisas
sahələrinin yaranması baş verirsə, digər tərəfdən, inteqrativ proseslər gedir.
Amma hər halda min illər boyu əsasən sabit qalan fundamental bölgülər
vardır. Söhbət makrostrukturdan gedir. Məsələn, alimlərin böyük əksəriyyəti
hələ Platon və Aristotel dövründən qalan bir bölgünü indi də davam etdirirlər.
Belə ki, məntiq-riyaziyyat sahəsi, təbiət elmləri və ictimai elmlər indi də
təsnifatların əsas sütunlarını təşkil edir.