Mühazirə Elmi tədqiqatın əsas məqsədləri. Fənnin vəzifələri, tarixi və



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə56/80
tarix15.05.2022
ölçüsü1,35 Mb.
#58042
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   ...   80
Tədqiqat üsulları

Şəkil 5.3. Diaqramların 
təsvirinə dair nümunələr. 


 
 
gərəkdirsə,  onda  qrafiki  işləmələrdən  istifadə  etmək  məsləhət  görülür. 
Rəqəmli  material  oxucuya  mətni  daha  yaxşı  başa  düşməyə  xidmət  edərsə, 
onda  verilənlərin  cədvəl  şəklində  təsviri  əlverişlidir.  Burada  eyni  verilənlərin 
müxtəlif təsvir formalarından istifadəsinə yol verilmir [67]. 
Cədvəllərin yuxarı hissələrində əşya, zaman və ya parametr vahidlərindən 
ibarət  başlıq yerləşdirilir.  Başlığın  altında  çox vaxt  bir  neçə  sətir yer  alır.  Eyni 
növlü  sütunların  eni  bərabər  götürülməli,  mətn  boyu  müqayisə  olunan 
cədvəllərin başlıqları eyni olmalıdır. Əgər cədvəlin bir səhifədə yerləşdirilməsi 
mümkün deyilsə, onda onun bir hissəsi digər səhifəyə keçirilir və orada başlıq 
təkrar  edilir.  Bu  halda  cədvəlin  adı  birinci  səhifədə  qeyd  edilir,  sonrakı 
səhifələrin  isə  yuxarı  hissəsinin  sol  tərəfində  “Cədvəlin  davamı”  yazılır. 
Burada davam edilən cədvəlin nömrəsi də göstərilir, məsələn “Cədvəl 12-nin 
davamı”. 
Adətən  statistik  verilənlərin  toplandığı  cədvəllərdə  müəyyən  iş  ardıcıllığı 
(məsələn:  eksperimentlərin  planlanmasında),  hər  hansı  bir  proses  göstə-
ricisinin onun parametrlərindən asılılığı və ya eyni zamanda hesablama  üçün 
verilənlərin müəyyən meyar əsasında cəmlənməsi təsvir edilir. Cədvəl və ya 
diaqramlardan  istifadə  zamanı  onlardan  hansının  verilənlərin  asılılığını  daha 
aydın  təsvir  etməsini  nəzərə  almaq  lazımdır.  Cədvəlin  üstünlüyü  ondan 
ibarətdir  ki,  bir  sütunda  yerləşən  parametrdən  asılı  olan  çoxlu  sayda  digər 
parametrləri  əyani  təsvir  etmək  mümkündür.  Diaqramda  belə  asılılıqlar 
qarışıqlıq  yaradır.  Cədvəl  təkcə  parametr  və  kəmiyyətlər  arasındakı  asılılığın 
yox, həmçinin münasibətlərin keyfiyyətlə təsvirinə də imkan verir. 
Cədvəlin  nömrələnməsi  fəsil  daxilində  aparılır  və  ardıcıl  yerinə  yetirilir, 
məsələn: Cədvəl 2.1. Əlavədə olan cədvəllər isə əlavənin nömrəsinə əsasən 
nömrələnirlər, məsələn: Cədvəl Ə.1. 
5.2.8. 
Qeydlər və göstəricilər 
Qeydlər,  verilmiş  sözlərin  və  ya  yeni  terminləri  izah  etmək  məqsədilə 
işlədilir.  Bu  izahatı  müəllifin  özü  tərtib  edir.  Qeydlər  bütün  elmi  işlər  üçün 


 
 
xarakterik  olub,  mətndəki  arqumentasiya  axıcılığını  pozmamaq  üçün  onlar 
sətiraltında,  yaxud  da  işin  sonunda  verilərək  nömrələnirlər.  Qaydaya  görə 
qeydlər  aidiyyatı  olduğu  mətnin,  şəklin  və  ya  cədvəlin  altında  göstərilir.  Bu 
zaman  1,5  intervalında  məsafədə  yeni  abzas  yaradaraq  orada  “Qeyd”  sözü 
yazılır. İzahat ondan sağ tərəfdə yerləşdirilir və tire ile ayrılır. Mətndə cəmi bir 
qeyd  olanda  nömrələnmə  aparılmır.  Çoxlu  sayda  qeydlər  olduqda  isə  onlar 
ardıcıl  nömrələnirlər.  Burada  qeyd  sözü  yalnız  bir  dəfə  yazılır.  Məsələn: 
“Azərbaycanda 2015-ci ildə pul axınını öyrəndikdə iqtisadçılar bu period üçün 
bazar iqtisadiyyatının prioritet sahələrini təyin ediblər”. Qeyd: 1. Verilən qrafik 
Azərbaycanın  sənaye  şəhərlərindəki  maliyyə  axınını  göstərir.  2.  Qrafik  1 
yanvar 2015 il ilə 1 iyun 2015-cü ildəki zaman kəsiyini əhatə edir”. 
Qeydləri  mətndə  haşiyə  kimi  də  göstərmək  mümkündür.  Belə  qeydlərə 
sətiraltı  qeydlər  deyilir.  İzah  edilən  söz,  rəqəm,  mətndən  sonra  haşiyə  üçün 
işarə  qoyulur.  İşarələr  ərəb  rəqəmləri  ilə  sətirin  üstündə  yerləşdirilir.  Sətiraltı 
qeydləri  göstərmək  üçün  həmin  səhifənin  aşağı  hissəsinin  sol  tərəfində 
uzunluğu 4-5 sm olan xətt çəkilir. Xətt ilə mətnin sonuncu cümləsi arasındakə 
məsafə  4-5  sətirə  bərabər  olmalıdır.  Bu  xəttin  altında  qeydlər  yazılır  və  hər 
növbəti  qeyd  yeni  sətirdən  başlanır.  Sətiraltı  qeydlər  mətndəki  şriftin 
ölçüsündən kiçik olur və hər qeydin sonunda nöqtə qoyulur. 
Əlyazmanın  müxtəlif  hissələrində  yerləşən,  amma  bir-biri  ilə  məzmunca 
bağlı olan mətnləri əlaqələndirmək üçün göstəricilərdən istifadə edilir. Burada 
uyğun  səhifənin  nömrəsini  vermək  lazımdır  ki,  oxucunun  axtarışa  çox  vaxtı 
getməsin.  Onu  da  qeyd  etmək  vacibdir  ki,  əlyazmada  belə  göstəricilərdən 
imkan  daxilində  az  istifadə  etmək  məsləhətdir.  Ümumiyyətlə  göstəricilərdən 
yalnız  istisna  hallarda  istifadə  etmək  məqsədəuyğundur.  Çünki,  mətnin 
oxunulmamış  hissələri  arasında  ora-bura  keçmək  oxucunun  fikrini  dağıda 
bilər. 
Qeydlərin  daxil  edilməsi  zamanı  diqqət  yetirilməli  məqalardan  biri  də 
əlyazmanın  bu  qeydlərsiz  də  oxunula  bilməsi  və  anlaşıqlı  olmasıdır.  Buna 


 
 
riayət etmədikdə verilmiş qeyd əlyazmanın bir hissəsinə çevrilir. 
5.2.9. 
Əlavələrin tərtibi 
Əlavələr işin struktur tərkibi ilə şərtlənərək kiçik və böyük həcmə malik olub, 
istənilən  halda  ayrı  fəsil  şəklində  tərtib  edilir.  Buraya  müəllif  tərəfindən  işin 
davamı  kimi  əyani  materiallar  daxil  edilir.  Qaydaya  görə  mətnə  daxil  eidlən 
əlavələrə  verilən  istinadların  nömrələri  əlavənin  ardıcıllığı  ilə  üst-üstə 
düşməlidir. 
Əlavəni  növbəti  ağ  səhifədən  başlayırlar.  Bu  səhifənin  ortasında 
“ƏLAVƏLƏR”  qeyd  olunur.  Hər  bir  əlavənin  öz  başlığı  olur  və  yeni  sətirdə 
yazılır.  Əlavələr  I  və  O  istisna  olmaqla  azərbaycan  əlifbasının  hərfləri  ilə 
işarələnir.  Qeyd  sözündən  sonra  əlavənin  ardıcıllığını  göstərən  hərf  qeyd 
olunur  (məslən:  ƏLAVƏ  B).  Əlavələrin  sayı  həddən  çox  olduqda  onları  ərəb 
rəqəmləri ilə nömrələmək daha məqsədəuyğundur. Əgər işdə yalnız bir əlavə 
varsa o “ƏLAVƏ A” kimi göstərirlər. Hər bir əlavədəki mətni bölmələrə ayırmaq 
mümkündür.  Onlar  verilmiş  əlavənin  daxilində  nömrələnir.  Əlavələr  və  əsas 
mətn olan səhifələrin nömrələnməsi ardıcıl aparılırlar. 
Kreativ yazma 
Elmi dildə kreativlik 
Əlyazmanın hazırlanmasının formal tərəfləri ilə bərabər onun məzmununun 
kreativ  şəkildə  tərtibi  də  vacibdir.  Kreativ  yazma  nə  deməkdir?  Buna  qısa 
nəzər  salaq.  “Kreativ  yazma”  ifadəsi  ingilis  dilində  olan  “Creative  Writing’-in 
birbaşa tərcüməsi olub,  XIX  əsrin sonlarına  təsadüf  edir.  Həmin  dövrdə  ABŞ 
universitetlərinin  məşğələ  dərslərində  tətbiq  olunan  kreativ  yazma  ədəbiyyat 
elmi  üzrə  təhsil  alan  tələbələrin  yazma  təcrübələrini  artırmağa  xidmət  edirdi 
[68, 69]. Son illərdə bu yazma metodu o qədər inkişaf edib ki, demək olar ki, 
ona bütün elm sahələrində rast gəlinir. Tətbiq olunduğu elm sahəsindən asılı 
olmayaraq  kreativ  yazmada  ümumi  texnikadan  istifadə  edilərək  yazma  üçün 
material  və  ideyaların  tapılmasına  cəhd  göstərilir.  Kreativ  yazmada  dildən 
istifadə  etmək  sərbəstdir.  Bu  metodun  tətbiqi  ilə  mövcud  materialı  yenidən 


 
 
işləmək və ya  yeni material  (mətn)  tərtib  etmək  olar.  Kreativ yazmanın  əsas 
məqsədi  tədqiqatçıda  yeni  “bir  şeyin”  yaradılması  üçün  təxəyyülün  aktivləş- 
dirilməsinə  kömək  etməkdir.  Əsas  xüsusiyyətlərindən  biri  də  ondan  ibarətdir 
ki,  burada  mətnin  keyfiyyətinin  yaradılması  ilə  artırılması  arasında  baş  verən 
bir proses nəzərdə tutulur. Burada həmçinin, dialektik olaraq məhdudiyyət və 
spontanlıq  arasında  işləyən  istiqamətləndirici  yazmaqdan  da  danışmaq  olar. 
Müəyyən  zaman  kəsiyində  müəyyən  qaydalara  əməl  etməklə  mətn 
yazmaqdan  imtina  edən  kreativ  yazma,  sərbəst  və  avtomatik  yazmaya, 
meydana çıxan ideyalar və idrak cərəyanına əsaslanır. 
İndi  isə  elmi  işlərin  tərtibində  kreativliyin  tətbiqinə  qayıdaq.  Burada  kreativ 
yazma  tədqiqatçının  tipik  elmi  dil  ilə  konfrontasiyası  və  onunla  bağlı  yazma 
çətinlikləridir.  Kreativ  yazmanın  işdə  nə  qədər  yer  alması  müəllifin  şəxsi 
potensialından asılıdır. Onun yazma qabiliyyəti sonda, elmi işin yazılmasında 
aydın  görsənir.  Burada  onu  demək  lazımdır  ki,  hər  bir  tələbədən  və  ya  elmi 
işçidən  “mükəmməl  əlyazma”  tələb  etmək  olmaz.  Amma  bəzi  texniki 
aspektlərə diqqət etməklə əlyazmanı daha da dolğun hazırlamaq mümkündür. 
Əvvəlki  fəsildə  qeyd  edildiyi  kimi,  elmi  dil  ilə  jurnalist  dili  bəzi  hallarda 
onların  məqsədindən  asılı  olaraq  bir-birindən  diametral  fərqlənirlər.  Jurnalist 
dili  oxucuya  informasiya  ötürmək,  onu  əyləndirmək  məqsədi  daşıdığı  halda, 
elmi  dildə  yazılmış  mətn  yeni  biliyin  əldə  edilməsinə  xidmət  edir.  Elmi-
tədqiqatlar çox vaxt yalnız kiçik qrup insanlar üçün nəzərdə tutulduğundan, heç 
də onları hər adam tam başa düşmür. 
Ümumiyyətlə  vahid  “elmi  dil”,  yəni  “elmi  dildə  vahid  yazma  üsulu”  varmı 
sualının  bir  mənalı  cavabı  yoxdur.  Çünki,  nə  qədər  elm  sahəsi  varsa,  bir  o 
qədər  də  spesifik  dillər,  daha  doğrusu  yazma  üslubları mövcuddur.  Sosioloq 
və  hüquqşünaslar  haqqında  düşündükdə  məlum  olur  ki,  onların  illər  boyu  öz 
jarqonları  formalaşıb.  Yəni  onların  tam  ixtisas  jarqonunda  yazdıqları  mətni 
hamı başa düşə bilmir. Bu hər bir elm sahəsi üçün səciyyəvidir. 
Elm dilləri formalaşdıran tipik elementlər bunlardan ibarətdir [70]: 


 
 
□ 
Faktların göstərilməsi; 
□ 
Parafrazların tərtibi (mətnin öz sözləri ilə ifadəsi); 
□ 
Sitatların göstərilməsi; 
□ 
Əsaslandırma; 
□ 
Münasibətlər və əlaqələrin yaradılması; 
□ 
Anlayışların təyini; 
□ 
Dəqiqləşdirmə; 
□ 
Sistematik araşdırma; 
□ 
Differensiallama; 
□ 
Əks hipotezlərin irəli sürülməsi; 
□ 
Mətni yekunlama; 
□ 
 Dəyərlərin vurğulanması. 
Qeyd olunan bu elementlərin işlənməsi elm sahəsindən asılı olaraq müxtəlif 
ixtisaslara  xas  olan  terminlərin  köməyi  ilə  təsvir  edilir.  Elmi  işin  nəzəri  və 
empiriya  növlü  olmasından  asılı  olaraq  faktlar  və  hadisələr  arasında  səbəb-
nəticə  əlaqələrinin  təsviri  üçün  işlədilən  dilin  semantik  və  morfoloji  strukturu 
fərqli olur. Mətnlərdə işlədilən söz və söz birləşmələri xüsusi elm sahəsinə aid 
olduğundan,  onların  köməyi  ilə  hər  hansı  bir  fikrin  ifadə  edilməsi  mütləq  bu 
elm  sahəsinin  məşğul  olduğu  obyektlərlə  bağlı  olur.  Bu  baxımdan  tibb  üçün 
xas olan elmi dil ilə texniki elmi dili müqayisə etmək olmaz. Digər tərəfdən tibb 
elmi  dilini  yaxşı  bilən  şəxs  texniki  elmi  dili  anlaya  bilməsi  mütləq  deyil.  Ona 
görə  də,  sonrakı  bölmələrdə  izah  edilən  kreativ  yazma  texnikası  deyəndə 
mütləq onu konkret bir sahə üçün təsəvvür etmək lazımdır. 
5.3.1. 
Yazma çətinlikləri 
Müəyyən  qədər  spesifik  xüsusiyyətlərə  malik  elmi  dil  ilə  üzləşən  tələbəyə 
bu dildə yazma müəyyən dərəcədə çətin gəlir. Media zamanında, informasiya 
mübadiləsinin gücləndiyi bir dövrdə qısa mətnlərlə əlaqəyə girən gənclər üçün 
əhatəli  mətnlərin  yazılması dəbdən  düşməkdədir. Müxtəlif  anlayışlar  üçün  isə 
internetdən axtarıb hazır mətn tapmaq mümkündür. 


 
 
Yazmağa  maraq  yaratmaq  strategiyasını  inkişaf  etdirmək  üçün  tələbənin 
kritik  refleksiyası,  yəni  özünü  dərk  etməsi  vacibdir.  Yazma  probleminin 
səbəbini aşağıdakı emosional hallarla əsaslandırmaq olar [70]: 
□ 
 Bu nə isə mənasız səslənir
□ 
 Boş səhifədən qorxmaq; 
□ 
 Mən tənbələm, intizamım yoxdur və zəhmətdən qaçıram; 
□ 
 Nə isə səhv deməkdən və ya yazmaqdan qorxuram; 
□ 
 Başqaları mənim haqqımda pis fikirləşə bilərlər; 
□ 
 Yazdığım mətn mənim səviyyəmi göstərəcək. 
Buradan göründüyü kimi, elmi işi uğurlu yazmağın sirri əl qabiliyyəti ilə bağlı 
deyil.  Kreativ  yazmaq  üçün  optimistik  yanaşma  vacibdir.  Şəxsi  yazma 
qabiliyyəti  ilə  bağlı  bütün  imkanların  üzə  çıxması  üçün  əlverişli  atmosferin 
yaradılmasına  ehtiyac  vardır.  Digər  tərəfdən  kreativlik  texnikalarına 
yiyələnmək lazımdır. Burada söhbət koqnitiv vərdişlərdən gedir. Yalnız neqativ 
düşüncələri  (“vaxtım  yoxdur”  və  ya  “onsuz  da  alınmayacaq”)  müsbətə 
çevirdikdən sonra müəllif daxili rahatlıq əldə edir və kreativ düşünmə fazasına 
daxil olur. 
Kreativ  yazma  fikirlərin  formalaşmasında  müəyyən  qədər  sərbəstlik  tələb 
etsə  də  elmi  işlərin  yazılmasında  bu  sərbəstlik  qoyulmuş  şərtlər  çərçivəsində 
baş verməlidir. Məsələn, elmi işin adının formulə edilməsində onun dəqiqliyinə 
ciddi riayət etmək lazımdır. Əksər halda başlığı oxuyan şəxs işə marağını itirə 
bilər. Çox vaxt titul vərəqində sualların verilməsi fikir çaşqınlığına aparıb çıxara 
bilər. Ona görə də, titul vərəqinin tərtibi izahedici olmalıdır. 
Tələbə  ali  məktəbdə  təhsil  aldığı  müddətdə  əsas  diqqətini  keyfiyyətli 
biliklərin əldə olunmasına yönəldir. Burada əsas iş ədəbiyyatlarla işləməkdən 
ibarət olur. Elmi dildə yazma prosesi isə çox vaxt böyük kurs layihələrinin və 
buraxılış  işlərinin  tərtibi  zamanı  qarşıya  çıxır.  Bu  zaman  tələbələrin  hansı 
səviyyədə  yazma  qabiliyyətinə  malik  olmaları  üzə  çıxır.  Bir  çox  hallarda 
tələbələrə  qoyulmuş  tapşırıq  çərçivəsində  işin  tələb  olunan  səviyyəsi  aydın 


 
 
olmur.  Onların  çoxu  ilk  dəfə  olaraq  elmi  mətnin  tərtibi  ilə  qarşılaşır  və  səhv 
təssəvürə malik olurlar. Tələbələrin fikrincə elmi iş yazma yalnız oxuduqlarını 
öz  sözləri  ilə  ifadə  etməkdən  ibarətdir.  Bu  isə  səhvdir.  Elmi  işin  yazma-
təkmilləşdirmə-korrektə  prosesləri  əsasında  meydana  gələn  bir  əsərin 
olmasını  onlar  çox  vaxt  gec  anlayırlar.  Belə  hallar  tələbənin  indiyə  qədər 
yazma  qabiliyyətinin  inkişafına  yol  açan  imkanlar  qıtlığı  ilə  bağlıdır.  Ayrı-ayrı 
sahələrdə tələbələr aşağıdakı yazma problemləri ilə üzləşə bilərlər: 
□  İlkin  fazada  tələbələrə  onlardan  çox  vaxt  hansı  əqli  işin  tələb  olunması 
tam  aydın  olmur.  Məsələn,  ədəbiyyatın  araşdırılmasında  müxtəlif  yollar 
mümkündür.  Verilmiş  mövzu  ətrafında  ədəbiyyatlar  ya  sadəcə  tapılıb 
toplana  və  referat  şəklinə  salına  bilər,  ya  da  tənqidi-analiz  edilərək  təsvir 
edilə bilər. 
□ 
 Mövzunun  dəqiq  sərhədlərinin  müəyyənləşdirilməməsi  tələbənin 
verilmiş  vaxt  çərçivəsində  işin  keyfiyyətlə  yazmasına  imkan  vermir.  Bu 
ədəbiyyatların tapılması və seçilməsində də özünü göstərir. 
□ 
Mətnin  yazılmasında  onlar  çox  vaxt  elə  ilk  andan  ədəbiyyatlardan 
oxuduqları  mətnlərin  oxşarını  yazmağa  cəhd  edirlər.  Bunun  mümkün 
olmadığını  anlamayan  tələbə  yaranan  problemləri  özünün  qabiliyyətsizliyi 
kimi  qiymətləndirir.  İlkin  yazılan  mətnin  korrektə  edilməsi  metodlarını 
bilməmək işin gedişini daha da çətinləşdirir. Onlar bilməlidirlər ki, mətn ilkin 
olaraq  qaralama  şəklində  yazılır,  sonra  tədricən  düzəlişlər  edilərək 
təkmilləşdirilir və lazımi səviyyəyə salınır. 
□ 
 Mətnin  başqaları  tərəfindən  vaxt  aşarı  tənqidi  oxunulmasına  imkan 
yaratmaqla belə problemlərin aradan qaldırılmasına nail olmaq olar. 
Tələbə  kənardan  olan  tənqidləri  mənfi  hal  kimi  yox,  onun  işinin 
mükəmməlləşdirilməsinə bir vasitə kimi qiymətləndirməlidir. 
Orta  məktəb  təhsil  prosesində  sərbəst  elmi  mövzularda  işlərin  yazılması 
çox az tədris olunduğundan, tələbələrdə yazma kompotensiyasının inkişafı ali 
məktəblərin üzərinə düşür. Burada söhbət sadəcə işin formal qaydalara uyğun 


 
 
tərtib olunmasından yox, ideyanı əslində sərbəst işləməklə dəqiq, məntiqi və 
kommunkativ  şəkildə  mətnə  çevirməkdən  gedir.  Əsasən,  ixtisasdan  asılı 
olaraq mətnlə intensiv işləyən tələbələrin sistematik olaraq yazma vərdişlərinin 
genişlənməsi tədris olunan fənlərin tərkib hissəsinə çevrilməlidir. Yalnız ixtisas 
fənləri ilə əlaqədə tələbə həmin sahədə mükəmməl mətnlərin tərtibinə nail ola 
bilər.  Bu  baxımdan,  tələbələr  ali  məktəb  tədris  prosesində  elmi  işin  tərtibi 
üsulları ilə bərabər yazmanın üstünlüklərini də öyrənməlidirlər.  
 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin