İbn Sina isə xeyli dərəcədə fərqli bir təsnifat irəli sürür:
1. Əməli elmlər: a) ölkənin idarə olunması; b) evin idarə olunması; c)
insanın özünün idarə olunması.
2. Nəzəri elmlər: a) ilahiyyat; b ) riyaziyyat (hesab, həndəsə,
astronomiya, musiqi) c) xalis fizika.
3. Tətbiqi elmlər: a) hesablama-ölçmə; b) mexanika; c) təbabət; d)
əlkimya.
İbn Sina təsnifatında əlamətdar cəhətlərdən biri əməli elmlərlə tətbiqi
elmlərin fərqləndirilməsidir. Belə ki, “tətbiq” dedikdə məhz elmi biliklərin tətbiqi
nəzərdə tutulur. “Əməli elmlər” isə əslində nəzəri elmi biliklərin tətbiqi yox,
elməqədərki mərhələ kimi götürülür.
İbn Sina öz yaradıcılığında bütün elmləri ehtiva etməyə çalışmışdır. Buna
tam nail ola bilməsə də onun yazdığı əsərlərdən çıxış edərək onun elmləri
necə qruplaşdırdığını təsəvvür etmək olar. Türkiyədə çap olunan Şəfa
külliyyatında İbn Sinanın aşağıdakı əsərləri ehtiva olunur:
I. Məntiq elmləri
1. Məntiqə giriş 2. Kateqoriyalar 3. Şərh haqqında 4. Birinci analitiklər 5. İkinci analitiklər 6. Mükamilə (cədəl) 7. Sofistik dəlillər 8. Ritorika 9. Poetika II. Təbiət elmləri
10. Fizika 11. Səma və aləm
12. Yaranma və dağılma 13. Təsirlər və təsirlənmələr 14. Mineralogiya və meteorologiya 15. Nəfs haqqında 16. Nəbatat (botanika) 17. Zoologiya III. Riyaziyyat elmləri
18. Həndəsə 19. Hesab 20. Musiqi 21. Astronomiya IV. Metafizika
22. Metafizika İslam dünyasında elmlərlə yanaşı, əməli tədqiqat sahələrinin də təsnifatı
verilirdi. Çünki artıq o dövrdə texnoloji sahələrin də inkişafına ehtiyac
yaranmışdı.
Qərbdə müasir elmin formalaşması XVII əsrdən başladığı üçün elmlərin
təsnifatı da məhz bu dövrdən başlayaraq aktuallaşmışdır. İlk hərtərəfli təsnifat
F.Bekona məxsusdur. Daha sonra Dalamber, Sen-Simon və Kontun təklif
etdiyi təsnifatlar geniş yayılmış və müasir elmşünaslıqda da istifadə
edilməkdədir.
Qərbdə əksər tədqiqatçılar “elm” (science) dedikdə məhz təbiət elmlərini
nəzərdə tutur. Amma ictimai elmləri də buraya daxil etdikdə təsnifatın birinci
addımı geniş mənada elmin makrostrukturunu müəyyənləşdirməkdən ibarət
olur. Burada aşağıdakı bölgülərə rast gəlmək mümkündür:
1) Riyazi elmlər;
2) Təbiət elmləri;
3) Texniki elmlər;
4) Ruhi-mənəvi elmlər;
5) İctimai elmlər;
6) Humanitar elmlər .