3.Rusiya imperiyasının müstəmləkə siyasəti: köçürmə, ruslaşdırma, xristianlaşdırma.XIX - XX əsrin əvvəllərində Rusiya imperiyasının Şimali Azərbaycanda apardığı müstəmləkə siyasətinin tərkib hissəsi olan köçürmə siyasəti nəticəsində ölkə əhalisinin etnik nomenklaturasında demoqrafik dəyişikliklər baş verdi. Belə ki, XIX əsrin birinci otuzilliyində Türkmənçay və Ədirnə müqavilələri bağlandıqdan sonra Rusiya imperiyası işğal etdiyi Azərbaycanın şimal torpaqlarında özünün siyasi hakimiyyətini bərqərar etmək, işğal etdiyi müsəlman ölkəsində konfessional dayaq yaratmaq məqsədi ilə əhalinin 90%-dən çox müsəlman olduğu ölkənin etnik nomenklaturasında xristian elementinin çəki yükünün artırılmasını əsas götürüb, qeyri-köklü xristian etnosları ölkəyə köçürməyə başladı. Bu siyasətin mahiyyəti, vətən torpaqlarını imperiya coğrafi çərçivəsində əridib, burada yadelli, yaddilli, yaddinli etnosları yerləşdirib, bölgədə özünə sosial dayaq yaratmaq idi. Köçürmə siyasətini apararkən, Rusiya hakim dairələri ermənilərə böyük ümidlər bəsləmiş və hakimiyyətin bu mövqeyini P.D.Sisianov belə izah etmişdi ki, ermənilər xristian olduqları üçün öz şəxsi mənafeləri naminə rus hökumətinə sədaqətlidirlər və Rusiya dövlətinin yeni ərazilərdə hökmranlığının bərqərar olmasını görmək istəyirlər. Nəticədə, 1828-1830 -cü illər ərzində İran və Osmanlı dövlətlərindən 120 minə yaxın erməni Şimali Azərbaycan torpaqlarına köçürülür və onlar əsasən İrəvan, Naxçıvan, Ordubad, Qarabağ torpaqlarında yerləşdirilirlər. Azərbaycan tarixinin sonrakı mərhələlərində də ermənilərin ölkəyə köçmələri davam etmiş və XX əsrin əvvəlləri üçün onların çəki yükü ölkə əhalisinin etnik nomenklaturasında 32.65%-ə çatmışdı, halbuki XIX əsrin birinci otuzilliyində ermənil-qriqoryanların çəki yükü Şimali Azərbaycan əhalisininin 9% ni təşkil edirdi ki, onların əksəriyyəti qriqoryanlaşmış albanlardan ibarət idi.
Azərbaycan tarixinin alman səhifələri Köçürmə siyasəti aparan Rusiya, ölkə əhalisinin tərkibinə yeni etnoslar da gətirdi: almanları və rusları. ХIХ əsrin birinci rübündə Azərbaycanın şimal torpaqlarını işğal edən Rusiya imperiyasının apardığı müstəmləkə siyasətinin əsas istiqamətlərindən biri işğal olunmuş əraziyə xristian etnosları köçürmək və xristian elementinin çəki yükünü ölkə əhalisinin etnokonfessional nomenklatura-sında artırmaq idi. Yadelli xristian etnoslardan ilk olaraq almanlar Azərbaycanın şimal torpaqlarına köçürülmüş və onların koloniyaları salınmışdı. Alman-kolonistlər, ölkənin sosial-iqtisadi sahəsinə qərb elementlərini daxil edə bilmiş, kənd təsərrüfatında üzümçülük, şərabçılıq, tütünçülük kimi sahələr, süni mineral suların hazırlanması onların adı ilə bağlı olmuşdur.
Şimali Azərbaycanda məskunlaşan almanlar Rusiya imperiyasının apardığı müstəmləkə siyasətinin tələblərinə cavab verməsələr də ölkənin sosial-iqtisadi, mədəni və elm sahələrinə qoşulmuş, Azərbaycan tarixində özünəməxsus iz qoymuş, ölkədə multikultural mühitin inkişafına təsir göstərmişlər. 1899-cu ildə alman memarı İ.Eyxlerin layihəsi ilə alman qotika üslubunda tilikmiş Kirxa kapitalist Bakısına qərb memarlığı mədəniyyətini gətirərək, Şərq-Qərb dünyalarını yaxınlaşdırmışdır. Bu dövrdə Azərbaycanın multikultural ənənələrə yaxınlaşması özünü başqa sahələrdə də göstərmişdir. Bakı nefti ilə milyonlara sahib olan Nobellər Nobel mükafatını təsis edərək, bəşəriyyətə Qərb-Şərq sivilizasiyalarının vəhdətini nümayiş etdirmişdir.
İmperiya çərçivəsinə daxil etdiyi bütün xalqlara velikorus mövqeyindən yanaşan Romanovlar Rusiyası ХХ əsrin əvvəllərində sosial-siyasi kollaps dövrünə qədəm qoyduqda konfessional cəhətə varmayaraq, özünün qeyri-rus təbəələrinə birtərəfli münasibət göstərmiş və bu baxımdan almanlar istisna təşkil etməmişdilər. XX əsrin əvvəllərində ölkə əhalisinin tərkibinə qatılan almanların sayı 15.990 nəfərə, çəki yükü isə ölkə əhalisinin etnik nomenklaturasında 0,41 %-ə çatmışdı.
Xristianlaşdırma siyasəti.Azərbaycan torpaqlarını özünün müstəmləkə sisteminə qatan Rusiya siyasi hakimiyyətini bölgədə bərqərar etmək məqsədi ilə işğal etdiyi ərazidə mövcud islam sistemini pozmaq və əsas vasitə kimi götürdüyü xristian elementini artırmaq üçün müstəmləkə siyasətinin tərkib hissəsi olan xristianlaşdırma siyasətini məqsədyönlü olaraq aparmışdır. Belə ki, müsəlman ölkəsində Rusiya hakimiyyətini möhkəmlətmək məqsədini əsas tutan mütləqiyyət yaddilli, yaddinli, yadtəbiətli əhalinin assimilyasiyaya uğramasında mütləq vasitə dini, xristianlığın yayılmasını götürmüşdü. Belə ki, Rusiya imperiyasının hakim dairələrinin fikrincə ölkənin köklü əhalisi yadelli işğalla ba-rışmayacaq və bu barışmazlığın dayaq nöqtəsi də İslam dini idi. Çünki, minillik bir tarixi dövr boyunca İslam dininə etiqad edən xalq, xristian dövlətin hakimiyyətini asanlıqla qəbul etməyəcəkdi.
Rusiya imperiyasının Şimali Azərbaycanı tərkib hissəsinə çevirmək məqsədi ilə xristianlaşdırma siyasətini aparan mütləqiyyət bölgədə xristian missioner cəmiyyətlərinin fəaliyyəti üçün şərait yaradır. Və işğalın ilk illərində fəaliyyət göstərən missioner cəmiyyətləri təkcə pravoslav deyil, habelə qeyri-pravoslav yönümlü idilər. Sonuncuların fəaliyyət məkanına Bazel missionerləri cəlb olunmuşdular. Lakin tezliklə Rusiya hakim dairələrinin ayrı ayrı nümayəndələri belə qənaətə gəlirlər ki, qeyri-pravoslav missioner cəmiyyətləri, o cümlədən Bazel yevangel cəmiyyəti Rusiya imperiyasının dövlətçilik siyasətinin tələblərinə cavab verə bilmədiyi üçün onların fəaliy-yətinə xitam verilməlidir. Beləliklə, XlX əsrin 30-cu illərində Rusiya hakim dairəlilərində qeyri-pravoslav missioner cəmiyyətlərə, o cümlədən Bazel missioner cəmiyyətinə münasibət qeyri-loyal duruma gəlmiş və nəticədə 1835-ci ilin payızında Bazel missioner cəmiyyətinin fəaliyyətinə qadağa qoyulmuşdu. Verilən qərarla razılaşmayan Bazel missionerləri, baron Q.V.Rozenə yazdıqları hesabatlarında bölgədə xristianlaşdırma siyasətinə toxunaraq, bildirmişdilər ki, onların cəmiyyətinin əsas məqsədi müsəlmanları xristianlaşdırmaqdır. Və bunun üçün də əsas vasitə olaraq Bibliyanın bölgədə təbliği və yayılması məqsədəuyğun hesab edilmişdir. Çünki onların fikrincə dinin və dini baxışların dəyişilməsi üçün “nəinki onilliklər, hətta əsrlər gərəkdir”. Bu fikri əsas tutan Bazel missionerləri Rusiya rəsmi dairələrinin xristianlaşdırma siyasətində kəmiyyət meyarına istinad etmələrini qəbul etmir və bildirirlər ki, qısa bir zaman çərçivəsində göstərdikləri fəaliyyət onlara belə bir gerçəkliyi aydınlaşdırmışdır ki, Azərbaycan torpaqlarının köklü əhalisi, azərbaycanlıları, xristianlaşdırmaq o qədər də asan deyil. Çünki əsrlərlə Azərbaycan xalqının mentalitetini, özünüdərkini müəyyənləşdirən İslam və ,,islam mədəniyyətini şüurlardan silmək mümkün deyil”. Lakin mütləqiyyət müstəmləkə iddialarından əl çəkmək istəməyərək, Bazel missionerlərinin bu müraciətini qəbul etməyərək 1837-ci ilin yayında onların fəaliyyətini dayandırmışdı.
Beləliklə, XlX əsrin ikinci otuzilliyindən başlayaraq Rusiya imperiyasının Cənubi Qafqazda, o cümlədən Şimali Azərbaycanda apardığı xristianlaşdırma siyasətində yeni istiqamət özünü göstərir. Belə ki, bölgənin işğalının ilk illərində Rusiya zəbt etdiyi torpaqlarda mütləqiyyət, xristian amilini sadəcə olaraq artırmaq məqsədini əsas götürdüyü uçun xristian dininin ayrı-ayrı konfessiyalarını xristianlaşdırma siyasətinə qoşurdusa da, Türkmənçay müqaviləsi bağlandıqdan sonra Rusiya imperiyası bölgədə siyasi hakimiyyətini bərqərar etmək məqsədi ilə qeyri-pravoslav konfessiyaların, o cümlədən Bazel missionerlərinin fəaliyyətini məqsədəuyğun hesab etməyərək onları xristianlaşdırma siyasətindən uzaqlaşdırır və bu siyasətin ana xətti ortodoksal kilsə ilə bağlanılır.
Ölkədə məqsədyönlü şəkildə xristianlığı yaymaq konturları ilə çıxış edən Rusiya, Qafqazda pravoslavlığı yayan “Osetin komissiyası”nın fəaliyyəti ilə kifayətlənməyib, 1829-cu ildə “Qafqazda pravoslavlığı yayan cəmiyyəti” təsis edir. Və bu qurum 1860-cı ildə fəaliyyətə başlayır. Xristianlığı ölkədə yayarkən, mütləqiyyət diqqəti şimal-qərb torpaqlarına yönəldir və Alban kilsə tarixi-abidələrinin mövcud olduğu ərazilərdə xristianlaşdırma siyasətinin uğurlu nəticələrlə sonuclanması qənaətinə gəlir. “Qafqazda pravoslavlığı yayan cəmiy-yəti”n fəaliyyəti nəticəsində Zaqatala dairəsində kilsələr tikilməyə başlayır və XIX əsrin ilk illərində ildə 20 minə qədər alban-ingiloy zor-xoş xaç suyuna salınır. Əhali mütləqiyyətin apardığı xristianlaşdırma siyasəti ilə barışmır və 1863-cü ildə Zaqatalada üsyan başlayır və bu üsyanın əsas səbəblərindən biri məhz xristi-anlaşdırma siyasəti olur. Bölgədə sosial-siyasi durumu sabitləşdirmək məqsədi ilə Qafqaz Canişinliyi “xristianlığı qəbul etmişlərə yenidən İslam dininə qayıt-mağa icazə verir”. Nəticədə, bir-neçə il ərzində Zaqatala dairəsində 7 məhəllə kilsəsi, o cümlədən Balakən kilsəsi bağlanılir. Beləliklə, Rusiya imperiyasının Azərbaycan torpaqlarında apardığı xristianlaşdırma siyasəti mütləqiyyətin gözlədiyi nəticəni vermir və bunun əsas səbəbi Azərbaycan xalqının İslam dininə olan bağlılığı olur. Bununla belə mütləqiyyət sonrakı illərdə də xristianlaşdırma siyasətini davam etdirir və bu konturda “Qafqazda pravoslavlığı yayan cəmiyyət” öz xidmətini göstərir, ölkə quberniyalarında pravoslav kilsələri salınır. Xristian kilsələrinin sürətlə salınması, xüsusən Bakı şəhərində özünü daha qabarıq şəkildə göstərir. Burada xristian abidələrinin salınması rus xristian əhalinin etiqadı üçün şəraitin yaranması məqsədini də güdürdü. Belə ki, neft kapitalının sıçrayışlı inkişafı şəhərdə demoqrafik “partlayış”a səbəbə olur. Və 1913-cü il məlumatına görə, 214.672 nəfərlik Bakı əhalisi içərisində birinci yeri ruslar, 76.228 nə-fərlə, tutur. Bu ilin göstəricilərinə görə şəhərdə 17 pravoslav xristian kilsəsi fəaliyyət göstərirdi. Beləliklə, Rusiya imperiyasının işğalı nəticəsində köhnə Bakının Şərq mədəniyyəti ilə Avropa mədəniyyətinin çulğalaması prosesi mərhələsi başlanmışdı.