Bu variantlardan hansının məqbul sayılması əsasən həmin dil vahidlərinin qrammatik, etimoloji və tarixi xüsusiyyətləri ilə, eləcə də müasir dildəki vəziyyəti ilə bağlıdır.
Ümumiyyətlə, morfoloji prinsip müxtəlif çalarlıqda tələffüz olunan söz və şəkilçilərin bir cür yazılması prinsipidir. Lakin buradan belə bir nəticə çıxarmaq, əlbəttə, doğru olmaz ki, guya müxtəlif çalarlıqda tələffüz olunmayan sözlərin və şəkilçilərin yazılışı ancaq fonetik prinsip ilə əlaqədardır. Əlbəttə, bir cür tələffüz olunan sözlərin və şəkilçilərin orfoqrafiya qaydalarını müəyyənləşdirmək üçün fonetik prinsipin əsas olması belə vahidləri morfoloji prinsipdən uzaqlaşdırmır. Çünki belə vahidlər tək-tək səslərinə görə deyil, səslər birləşməsindən düzələn mənalı vahidlər olmasına görə fərqlənir və məhz belə vahidlərin bütövlüklə yazılması daha çox morfoloji prinsipə əsaslanır. Daha doğrusu, belə vahidlər səslərlə formalaşaraq təzahür etdiyi üçün, səslərlə yazıdakı hərflərin uyğunluğuna görə fonetik prinsipdə yazıldığını, yazıda mənalı bir vahid kimi əks olunduğuna görə morfoloji prinsipdə yazıldığını söyləmək olar. Burada isə belə bir nəticəyə gələ bilirik ki, sövti tərkibi ilə hərfi tərkibi tam eyniyyət təşkil edən mənalı dil vahidlərinin orfoqrafiyası həm fonetik, həm də morfoloji prinsipə müvafiq olur. Bu iki prinsipi birləşdirən əsas isə müxtəlif məqamda və fonetik şəraitdə necə tələffüz edilməsindən asılı olmayaraq dilin mənalı vahidlərinin təzahür əsasının yazıda vahidliyini, sabitliyini mühafizəetmə prinsipidir.