2. Nitqin yığcamlığı. Nitqin yığcamlığı geniş anlayışdır. Burada yığcamlıq dedikdə müxtəsərlik, fikrin qısa və aydın, lakonik şəkildə ifadə olunması nəzərdə tutulur. Böyük sənətkarlar yığcamlığın istedadla bağlı olduğunu göstərirlər. Kamil adamlar həmişə deyəcəklərini ölçüb-biçmiş, geniş mətləbləri yığcam şəkildə ifadə etməyə, başqalarının vaxtını almamağa, onları yormamağa çalışmışlar. Klassiklərimiz nitqin yığcamlığına yüksək səviyyədə yanaşmışlar. Hələ vaxtilə böyük Nizami yazırdı: Sözün çoxsa əgər çalış az olsun, Yüz sözün yerində bir kəlmə qalsın. Sədi Şirazi də nitqin yığcamlığını vacib amil hesab etmişdir: Düşünüb, sonra de sözü müxtəsər, O qədər danışma “bəsdir” desinlər. Nitq həm də dəqiq olmalıdır. Bu, nitqdə yığcamlığı yaradır. Dəqiqlik sözün öz istinad nöqtəsi, yəni onun ifadə etdiyi məfhumla bağlandığı zaman mümkün olur. Bunun üçün danışanın, yazanın nitqin predmetinə yaxşı bələd olması, fikrə uyğun münasib sözlər, ifadələr işlədə bilməsi, çoxmənalı sözlər, omonim, sinonim, antonimlərdən yerində istifadə etməsi əsas şərtdir. Sözlər seçilərkən sözün mənası, emosional-ekspressiv rəngi, üslubi səciyyəsi, işlənmə dairəsi, qrammatik tərkibi də nəzərə alınmalıdır. Yığcamlıq fikrin ən zəruri sözlərlə, söz birləşmələri və cümlələrlə ifadə olunmasıdır. Bu, nitqdə sözçülüyə, uzunçuluğa qarşı qoyulan bir anlayışdır. Sözçülük, əsasən, iki formada özünü göstərir: a) nitqdə artıq, lüzumsuz sözlərin, ifadələrin işlənməsi, fikrin təkrarı, eyni bir mətləbin ayrı-ayrı cümlələrlə bir neçə dəfə ifadə olunması; b) çox danışmaq, uzunçuluq, çərənçilik. “Çox yeməkdən, çox danışmaqdan və çox yatmaqdan uzaqlaşmalıyıq” (İslamın prinsiplərindən). Sözlərin, ifadələrin lüzumsuz işlənməsi hallarına həm yazılı, həm də şifahi nitqdə təsadüf etmək mümkündür. Məsələn, dəmir seyf, cədvəl şəkli çəkmək, taksi maşın, ağ pambıq, yaradıcı inşa, tələffüzdə səslərin düzgün deyilməməsi ,hər addım başı beş manat pul, gənc oğlan, pensiya pulu, birgə əməkdaşlıq, yazılı nitqlə orfoqrafiya və durğu işarələri qaydalarına əməl etmək kimi ifadələrdə dəmir, şəkil, maşın, birgə, pulu, ağ, yaradıcı, tələffüzdə, hər, yazılı nitqdə, pul, gənc sözlərini işlətməmək də olar. Yaxud: Məndə kitab oxumağa qarşı böyük həvəs var. Adamın ürəyi fərəh hissi ilə doludur. Yeganə yol havadan təyyarə və vertolyotla idi. Xüsusi hazırlığı olmayan adamlar burada çaşıb qalırdılar. Yanvar ayında istirahətə gedəcəyəm. Bu cümlələrin də birincisində qarĢı, ikincisində hissi, üçüncüsündə havadan, dördüncüsündə adamlar, beşincisində ayında, sözləri atılsa, ifadə olunan mənaya heç bir xələl gəlməz, əksinə, nitqin yığcamlığı təmin olunar. Sözçülük eyni fikrin müxtəlif cümlələrlə verilməsində də özünü göstərir. Məsələn; “Aydın nitqə malik olan adamlar həmişə və hər zaman qabaqcıl adamlar tərəfindən yüksək qiymətləndirilmiş və sevilmişdir. Lap qədimdən bəri öz dövrünün qabaqcıl adamları məzmunlu, obrazlı, aydın və təsirli nitqə malik olan adamlara böyük hörmət bəsləmişlər. Gözəl danışıq məharəti bütün dövrlərdə xüsusi bir keyfiyyət kimi qiymətləndirilib. Öz aydın, rəvan nitqi ilə müsahibində musiqinin oyadacağı qədər xoş təəssürat oyatmaq qabiliyyətini qədim afinalılar çox yüksək qiymətləndirmişlər”. Nitq mədəniyyətinə dair yazılmış bir məqalədən götürülən bu parça yığcamlıq baxımından, heç şübhəsiz ki, qüsurludur. Eyni sözü, ifadəni, fikri yersiz təkrar etmək, mətləbə dəxli olmayan məsələlərdən danışmaq, əhəmiyyətsiz, xırda cəhətləri geniş şərh etmək, söhbətə geniş giriş, müqəddimə vermək və s. nitqin yığcamlığına mənfi təsir edən səbəblərdir. Səthi bilikli, məlumatlı adamların nitqində konkretlik, yığcamlıq, adətən, az olur. Onların nitqində ümumi fikirlər irəli sürülür, artıq, lüzumsuz təfərrüatlara yol verilir. Əşya və hadisələr barədə “yaxşıdır”, “maraqlıdır”, “bəzi qüsurlar vardır”, “material yaxşı mənimsənildi”, “əsər xoşuma gəldi” və s. kimi konkret fikirlərə, dəlil və sübutlara, faktlara əsaslanmayan rəylərə tez-tez təsadüf olunur. Prof.A.Abdullayev konkretlikdən məhrum olan nitq haqqında danışarkən göstərirdi ki, əşya və hadisə barədə “ümumiyyətlə” danışmaq, fikir irəli sürmək olmaz. Məşhur səhnə ustası K.S.Stanislavski “ümumiyyətlə” sözünü çox qeyrimüəy-yən, pis və dəhşətli söz adlandıraraq qeyd edir ki, bu sözdə çox böyük səliqəsizlik və qarışıqlıq vardır. Qədim Yunanıstanda nitqin yığcamlığına xüsusi əhəmiyyət verilirdi. Plutarx nitqin gücündən danışarkən demişdir: “Nitqin gücü az sözlə çox şey söyləmək bacarığıdır”. Spartada yeniyetmələrə bir neçə sözlə çox şeyi ifadə etmək, cavablarda dəqiq və müxtəsər olmaq öyrədilirdi ki, buna “lakonik nitq” deyilirdi. Dövrün əfsanəvi qanunvericisi sayılan Likurq söz sikkəsini pul sikkəsindən üstün tuturdu. O, istəyirdi ki, bir neçə sadə sözlə çox dərin məna ifadə olunsun. Likurqa görə uşaqlar uzun müddət dinməz dayanmağı öyrənsələr, dərin mənalı cavab verməyə alışarlar. Nitqin yığcamlığı ilə bağlı Qədim Yunanıstanda “lakonik danışıq” anlayışı da yarandı. Sonralar spartalılar nitqin bu cəhətini daha da inkişaf etdirirlər. Makedoniya çarı Aleksandrın atası II Filipp bütün Yunanıstanı işğal etmək qərarına gələndə Sparta çarına məktub göndərmişdi ki, əgər müqavimətsiz təslim olmasanız şəhərinizi kotanla şumlayacağam. Öz ultimatumuna cavab gözləyən Filipp, nəhayət, oradan bir məktub alır və mətni görmədikdə heyrətlənir. Bu vaxt ona məktubda yazılan bircə sözü göstərirlər, bu, “əgər” sözü idi (55, 65). Yığcam danışa bilmək insanda çox vacib keyfiyyətlərdəndir. Hər kəs özünün və başqasının danışığına (eləcə də yazısına) bu cəhətdən tənqidi münasibət bəsləməli, imkan daxilində yığcam, həm də məntiqi danışmağı bacarmalıdır. Nitqin yığcamlığı, lakonikliyi natiqlik praktikasında xüsusi rol oynayır. Natiq “sözə sıxlıq, fikirlərə genişlik” prinsipini əsas götürərək geniş mətləbləri yığcam şəkildə, həyati faktlar, nümunələr əsasında ən zəruri söz və ifadələr işlətməklə dinləyicilərə çatdırmağı bacarmalıdır. Xalq şairi S.Vurğun trikotaj fabriki işçilərinin yığıncağında adamların yığcam, lakonik çıxışlarını dinlədikdən sonra demişdir: “Mən sözə çox qısa və yığcam danışan bu adamları dinlədikcə fərəhlənir və təəssüf edirəm ki, bir çoxlarının vaxtı sözçülüyə, uzun danışmağa sərf olunur. Axı, böyük arzuları, məqsədləri qısa sözlərlə də ifadə etmək olar” (39, 256). Xüsusən, dərs prosesində müəllimin uzun-uzadı danışması ilə razılaşmaq olmaz. Bu, şagird və tələbələri yorur, onların fikri fəallığını zəiflədir. Belə müəllimlərin şagirdləri, tələbələri digərləri ilə müqayisədə, şübhəsiz ki, passiv olur, fikirlərini sərbəst ifadə etməkdə çətinlik çəkirlər.