4. Nitqin düzgünlüyü. Nitqin bu keyfiyyətindən bəhs olunarkən çox zaman göstərilir ki, düzgünlük həm yazılı, həm də şifahi nitqdə qrammatik qaydalara əməl etməkdir. Lakin nitqin düzgünlüyü üçün təkcə qrammatik qaydaları gözləmək kifayət deyildir. Qrammatikanı yaxşı bilən adamlardan elələrinə təsadüf edilir ki, onların nə yazdıqlarını oxumaq, nə də danışığını dinləmək, anlamaq mümkündür. Belələrinin nitqi cansız, təsirsiz və qüsurlu olur. Düzgün nitqə yiyələnmək üçün qrammatikanın qaydalarını bilməkdən əlavə, ədəbi dilin digər normalarına da riayət etmək lazımdır. Bunun üçün cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, oradakı fikirlər aydın olmalı, münasib sözlər seçilməli, həmin sözlər düzgün tələffüz edilməli, canlı sözün təsir gücünü artıran vasitələrdən yerində və məqsədəuyğun istifadə olunmalıdır. Nitqin düzgünlüyü üçün başlıca şərtlərdən biri ifadə edilən fikrin reallıqla bağlılığı, gerçəkliyin hadisə və predmetlərini olduğu şəkildə əks etdirməsidir. Reallıqdan uzaq, ona söykənməyən nitq hansı mövzuda olursa-olsun maraqsızdır, təsirsizdir, sönükdür. Nitqə verilən tələblərdən biri də onun səmimiliyidir. Natiq öz çıxışı ilə onu dinləyənləri inandıra, onların ürəyinə yol tapa bilməlidir. Bu o zaman mümkün olur ki, nitq həyat həqiqətləri, real hadisələr əsasında, qarşı tərəfin mənafeyinə uyğun qurulsun, onu razı salsın. Bu baxımdan ulu öndərimiz H.Əliyevin çıxışlarını, söhbətlərini nümunə kimi göstərmək olar. Dərin məntiqə, mənaya əsaslanan bu çıxışlar cazibəli, sadə, səmimi idi. O, xalqla onun öz dilində danışardı. Çıxışlarında “xalq hər şeyi bilməlidir, xalqdan heç nəyi gizlətmək olmaz” kimi prinsipləri rəhbər tutaraq dinləyiciləri inandıra, qəlblərə yol tapa bilir, izahedici nitqi ilə insanları müstəqilliyimiz uğrunda mübarizə aparmağa, nailiyyətlər əldə etməyə səsləyir və buna nail olurdu. Nitqdə reallıqdan uzaqlaşma, əsasən, iki səbəbdən irəli gəlir: birincisi, mühazirəçinin bilərəkdən faktları, hadisələri, onların səbəb və nəticələrini təhrif olunmuş şəkildə şərh etməsi. Məsələn, məktəb direktorunun çıxışında mənim- səmənin yüksək faizlə göstərilməsi, layiq olmadan edilən təriflər, nöqsanların örtbasdır edilməsi və ya onların səbəbinin bu işlə daha az əlaqəsi olan amillərlə bağlanması və s. nitqin düzgünlüyünə xələl gətirən hallardır. “Fikrimizcə, bu gün nitq mədəniyyətinin səviyyəsi, hər şeydən qabaq, ifadə olunan fikrin həqiqiliyi, doğru-düzgünlüyündən çox asılıdır. Əlbəttə, nitq mədəniyyəti baxımından ədəbi-tənqidi fikrin ifadə tərzi hər cəhətdən gözəl, nümunəvi olmalıdır. Lakin zahirən sığallı, hamar, axıcı, rəvan, sirayətedici nitq yalanı həqiqət adına ifadə edirsə, bu cür nitq mədəniyyəti səviyyədən uzaqdır” (17, 109). Nitqdə reallıqdan uzaqlaşmanın digər səbəbi danışanın nitq predmeti haqqında səthi məlumata sahib olmasıdır. Məsələn, müasir təlim texnologiyaları, onların məktəbdə tədrisinin mövcud problemlər (interaktiv, innovativ təlim və s.) barədə aydın təsəvvürü, ətraflı məlumatı olmayan rəhbər maarif işçisinin müəllimlər qarşısında çıxışı istənilən effekti verə bilmir. Yaxud ölkəmizin xarici siyasəti haqqında səthi məlumatı olan mühazirəçinin, icmalçının, şərhçinin və başqalarının çıxışı maraqsız olur, yaxşı dinlənilmir. Nümunəvi nitqin mühüm şərtlərindən biri də cümlələrin düzgün qurulmasıdır. Bu cəhətdən natiqin nitqi başqalarından fərqlənməlidir. O, dinləyicilərlə ünsiyyətin bütün formalarında fikrini dolğun, sanballı, aydın və təsirli cümlələrlə ifadə etməyi bacarmalıdır. Danışıq prosesində yaxşı cümlə qurmaq məqsədilə fikirləşmək və nümunəvi cümlələr düzəltmək mümkün deyildir və buna ehtiyac da yoxdur. Belə bacarıq xüsusilə natiqlərdə möhkəm nitq vərdişinə çevrilməli, nəzərdə tutulan fikir özünəmüvafiq forma ilə verilməlidir. Natiqin nitqi, hər şeydən əvvəl, bədii təsvir vasitələri - sinonimlər, frazeoloji birləşmələr, atalar sözləri, zərbi-məsəllər, həkimanə sözlər, aforizmlər və s. ilə zəngin olmalıdır. Danışan bu vasitələrlə ən incə mətləbləri dinləyicilərinə çatdıra bilməlidir. Belə obrazlı ifadələr yerində, məqamında işləndikdə nitq xoşagəlimli olur, onun bədiiliyi, təsir gücü artır. Natiq öz cümlələrində şey, zad, uje, mejdu proçim və s. kimi artıq sözlər işlətməkdən çəkinməlidir. Eləcə də deməli, haradasa, mənə belə gəlir, elə bil ki, 49 məsələ burasındadır ki, təbii ki, göründüyü kimi söz və ifadələr təkrar-təkrar işləndikdə nitq ağırlaşır, dinləyicinin diqqəti fikrin məzmunundan yayınır. Belə danışıq tərzi çox vaxt rişxəndə və gülüşə səbəb olur. Ədəbi dilin tənzimləyici və yayıcıları sayılan ziyalıların, xüsusən müəllimlərin nitqində bəzən bu cür qüsurlara yol verilməsi təəccüb və təəssüf doğurur. Auditoriyada, ictimai yerlərdə, rəsmi məclislərdə nitqin daha dəbdəbəli, təmtəraqlı olması üçün çox zaman qəlib xarakterli, çeynənmiş sözlərdən, cümlələrdən istifadə olunur. məqsədyönlü iş, görkəmli nailiyyətlər qazanmaq, yüksək əmək nümunələri göstərmək, yüksək nəticələrə nail olmaq, önəmli addım, təşkil etmək, diqqəti çəkən məsələ, qısa zaman kəşiyində, prizmadan baxmaq, dəstəkləmək, yeni münasibətlər müstəvisində, bu istiqamətdə fəaliyyət və s. tipli ifadələrin tez-tez işlədilməsi nitqə quruluq gətirir, onu canlılıqdan məhrum edir. Natiq nitqində həmin ifadələrin uyarlı qarşılığından istifadə olunmalıdır. Şifahi nitqin (eləcə də yazılı nitqin) qüsurlarından biri də cümlələrin məntiqi, qrammatik baxımdan düzgün qurulmamasıdır. Məsələn, “Bu məqalə oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Onun sözünə baxıb, onun abidəsini qoydular. Xalq, əhali belə düşünürlər. Orada beş yüzdən artıq qocalarımız yaşayır; Tamaşalarımız çox yaxşı kiçikyaşlılar tərəfindən qarşılandı. Hər məntəqədə artıq səs verəcək seçiciləri gözləyirdilər; Çox təəssüf ki, bu xeyirxah işdə mən tək deyiləm və s. Radio və televiziya verilişlərinin dilindən alınmış bu cür qüsurlu cümlələrə bəzən natiqlərin, mühazirəçilərin, müəllimlərin nitqində də təsadüf etmək mümkündür. Natiq cümlə qurmaq bacarığının təkmilləşdirilməsi ilə bağlı müəyyən sistemlə, müntəzəm şəkildə iş aparmalı, həmin keyfiyyətə tam şəkildə yiyələnməlidir. Onun nitqində uzun, dolaşıq, təmtəraqlı cümlələrə yol verilməməli, fikirlər aydın, sadə şəkildə ifadə edilməlidir. Burada iş cümlələrin düzgün qurulması ilə bitmir. Həmin cümlələr həm də dinləyicini qane edəcək bir tərzdə söylənilməlidir. Bu zaman ədəbi tələffüz qaydaları gözlənilməli, normal diksiyaya, nitq fasiləsinə, tonuna, məntiqi vurğuya və sairəyə əməl olunmalıdır. Cümlə qurmaqla bağlı qüsurun bir səbəbi də nitqdə, xüsusən məruzə və mülahizələrdə həcmcə böyük cümlələrin işlədilməsidir, Belə cümlələr çox zaman nitqi ağırlaşdırır, məzmunun dinləyiciyə çatmasını çətinləşdirir. Məlumdur ki, danışan öz fikrini təkcə sadə və ya mürəkkəb cümlələrlə ifadə edə bilməz. Fikrin hansı cümlə növü ilə ifadə olunması onun məzmunundan asılıdır. Mürəkkəb fikirlər, şübhəsiz ki, daha çox özünəuyğun forma ilə - mürəkkəb cümlələrlə deyilməli və ya yazılmalı, bu cümlələr fikrin məzmununa və məntiqinə uyğun qurulmalı, artıq, lüzumsuz sözlərə, ifadələrə, təkrarlara yol verilməməli, sözlərdən qənaətlə istifadə edilməlidir. Prof.A.Abdullayevin təbirincə desək, cümlələrdə sözlərin yeri dar, fikirlərin yeri isə geniş olmalıdır.