7. Nitqin sadəliyi, təbiiliyi. “Dil nə qədər asan, sadə olsa, bir o qədər gözəl, göyçək və məqbul olar” (F.Köçərli). Nitqin sadəliyi onun aydınlığı, anlaşıqlı olması, asan qavranılmasıdır. Sadəliyi heç də fikrin məzmununun, mahiyyətinin bəsitləşməsi, ibtidailəşməsi kimi başa düşmək olmaz. Nitqin sadəliyi 52 mürəkkəb cümlələrdən qaçmaq, məzmunun mümkün qədər sadə cümlələrlə vermək mənasında da anlaşılmamalıdır. Natiq danışarkən, əşya və hadisələri təsvir edərkən onların mahiyyətini daha aydın və dəqiq vermək üçün həm sadə, həm də mürəkkəb konstruksiyalardan istifadə etməlidir. Nitqin sadəliyi tələb edir ki, orada işlədilən bütün sözlər dinləyicilərin (auditoriyanın) ümumi səviyyəsinə və xüsusiyyətlərinə uyğun gəlsin, hamı üçün aydın və anlaşıqlı olsun. Sadə nitq hər cür yabançı pafosdan, qondarma, süni ifadələrdən, müqayisələrdən uzaqdır. Nitqin sadəliyinin pozulma hallarından biri sözçülük, ağır və uzun cümlələr işlətmək, cümləpərdazlıq, yaxud ibarəpərdazlıqdır. Sözçülük, eyni fikrin təkrar-təkrar ifadəsi daha geniş yayılmış nöqsandır. Məsələn, “Belə bir şöbənin açılması təqdirəlayiqdir. Bu hadisə xüsusilə qeyd olunmalıdır. Bu çox müsbət hal kimi qiymətləndirilməlidir. Biz buna çox yüksək qiymət veririk” və s. Natiq bəzən öz “dərinliyini” nəzərə çarpdırmaq məqsədilə qondarma, təmtəraqlı söz və ifadələr işlədir. Məsələn, səadət günəşinin şüaları; işıqlı və parlaq gələcək; öz qəhrəmanlıqları ilə ölməzliyin zirvəsinə ucalan şəhidlər; qəhrəmanlar yurdunun mərd övladları və s. kimi söz və ifadələr ola bilsin ki, nitqin digər üslubunda – xüsusən bədii üslubunda işləndikdə yararlı sayıla bilər. Lakin mühazirəçinin danışığında fikrə adekvat olmayan bu cür təmtəraqlı sözlər və ifadələrin işlədilməsi məqbul sayılmır. Belə ifadələr nitqə qeyri-ciddilik gətirir, marağı azaldır, fikrin dinləyiciyə çatmasına mane olur. Nitqin sadəlik və təbiiliyinin pozulması halları yazılı nitqdə özünü daha çox göstərir. Yazan hər bir söz, ifadə, cümlə üzərində ayrıca düşünür, onu dinləyici üçün maraqlı olsun deyə ifadəlilik vasitələri, atalar sözü, məsəlləri, frazeoloji birləşmələr və sairədən istifadə edir. lakin burada da ifrata varmaq, həmin ifadələrin həddindən çox işlədilməsi nitqi ağırlaşdırır, oxucunu yorur. Nitqin sadəliyinin pozulma səbəblərindən biri də anlaşılmayan və ya az anlaşılan söz və terminlərin işlədilməsidir. Burada da natiq öz bilik və hazırlığının yüksək səviyyədə olmasını nümayiş etdirmək məqsədilə ehtiyac olmadığı halda terminlərdən, mürəkkəb tərkiblərdən istifadə edir ki, bu nitqi bayağılaşdırır, onun anlaşılmasını çətinləşdirir. Məhz belə bir yanaşmanın nəticəsində dilə ehtiyac olmadan bir sıra sözlər və terminlər gətirilir ki, onlar dildə işlədilən sinonimləri ilə müqayisədə həm tələffüz, həm də yazılış cəhətdən çətindir, mürəkkəbdir. Xalqın görkəmli ədibləri, maarifçiləri sadə, hamının başa düşəcəyi bir dildə danışmağı öz yazılarında dönə-dönə qeyd etmiş, zəruri saymışlar. Görkəmli ədəbiyyatşünas alim, məşhur ana dili müəllimi Firudin bəy Köçərli dilin sadəliyindən, saflığından danışarkən yazırdı: “...ərəb və fars kəlmə və ibarələrinin sövq və həvəsində olub ehtiyac olmadığı halda onları ana dilinə gətirib qarışdırmaq, bizim əqidəmizcə böyük səhvdir. Vaxt ki, ana dilində şeyin özünün məxsusi adı var və ya indiki ana dili ilə bir mənanı bəyan etmək və bir əhvalatı necə ki, lazımdır söyləmək mümkün olur. İnsaf deyil ki, elm göstərmək və “mollalıq” izhar etmək iddiasına düşüb kəlamı qəliz ifadələrlə və çətin anlaşılan ərəb və fars sözləri ilə doldurub əsl mənanı daha da dərinə salmaq və ona uzun və qəliz ibarələrlə toxunmuş pərdə çəkmək... ol cəhətdəndir ki, ...qəzetlərimizdə dərc olunan qəliz ibarələrlə yazılmış bəzi siyasi, ədəbi, fənni məqalələri oxuyanlar anlamayıb məyus olurlar və qəzeti oxumaqdan ikrah edirlər (1, 125). Əcnəbi sözlərin lüzumsuz işlədilməsi ilə bağlı başqa bir yazıda oxuyuruq: “Bəzi ziyalılarımız güman edirlər ki, hələ hamının mənimsəmədiyi, işlətmədiyi çətin terminləri işlətsə, onun nitqi yaxşı təsir bağışlayar. Görünür, bu təzə bəla deyil, köhnədən ziyalılar arasında belə adamlar olmuş, vaxtilə C.Cabbarlı “Dönüş”, əsərində belələrinə gülmüşdür. Həmin əsərdə Arif Hikmətin aşağıdakı sözlərini bir daha xatırlatmaq yerinə düşərdi: “Yoldaş Qüdrət hələ bizim hörmətli yazıçımızdır. Yaxşı da yazmışdır. Ancaq bir balaca siyasi savadı yoxdur. Bu vaxta qədər əsərində ekspozisiyası eksplikasiyasına düz gəlmir. əsər impesionizm qaydası ilə yazılmış, sonra da ekspressionizmə keçmişdir. Axırda da gəlib çıxır supermetizmə. Odur ki, sentrotyajesti və sentro-vnimaniyesilə tutmur” (Ə.Abdullayev. “Şifahi nitq haqqında. “Dil mədəniyyəti”, “Elm” nəşriyyatı, Bakı, 1979, III buraxılış, səh.72). Nitqin süni şəkildə mürəkkəbləşdirilməsi, təəssüf ki, indi də nəzərə çarpır. “Son illər filologiya, pedaqogika, psixologiya, sosiologiya və s. sahələrə aid elmi mətnlər dilin və üslubun mürəkkəbləşməsi, ağırlaşması ilə səciyyələnir. Sözlər artıq fikirlərin ifadə üsulu, elmi nailiyyətlərin ötürmə vasitəsi kimi yox, fikir yoxsulluğunu, bəzən isə mənasızlığını pərdələmək üçün bir vasitə kimi çıxış edir. Bu nə qədər qeyri-adi görünsə də, həmin təmayülə dilçi alimlər də meyil göstərirlər” (45, 160). Natiq dinləyicinin başa düşəcəyi bir dildə danışmalı, mənası çətin anlaşılan söz və söz birləşmələrini işlətməkdən çəkinməlidir.