9. Nitqin münasibliyi. Dil ünsiyyəti müxtəlif şəraitdə, müxtəlif tərzdə və məzmunda olur. Nitq məqamına, yerinə, danışan və dinləyənin xarakterinə, şəxsiyyətinə, təhsilinə, sənətinə, savadına, məqsədinə və s. görə müxtəlif şəkildə təzahür edir. Şəraitə uyğunluq gözlənilməzsə, nitq fikri ifadə edə, ona adekvat ola bilməz. “Uyğunluq nitqin ünsiyyət məqsədinə və şəraitinə cavab verilməsini təmin edən dil vahidlərinin seçilməsidir. Uyğun nitq məlumatın mövzusuna, onun məntiqi və emosional məzmununa, dinləyicilərin tərkibinə, informasiyanın tərbiyəvi estetik məqsədlərinə münasibliyidir” (34, 85). Nitqin münasibliyi deyəndə aşağıdakılar nəzərə alınmalıdır: Ünsiyyət neçə şəxs arasındadır?; Natiq (müəllim və başqaları) yığıncaqdamı, auditoriyadamı danışır, mühazirə oxuyur, yaxud radio və ya televiziya vasitəsilə çıxış edir?; Danışan kimdir?; Kimə müraciət olunur?; Dinləyən kimdir?: uşaqdırmı?, ağsaqqaldırmı?, məktəblidirmi?, tələbədirmi?, alimdirmi?; Savadı, təhsili necədir?; İxtisası nədir?; Nitqin məzmunu, məqsədi, istiqaməti necədir?; Danışan nə haqda məlumat verir?; Nəyi sübut etmək istəyir?; Dinləyiciləri nəyə sövq edir və ya nədən çəkindirmək fikrindədir? və s. Qarşıya qoyulan məqsəddən, dinləyicilərin tərkibindən və səviyyəsindən və s. asılı olaraq nitqdəki sözlər, ifadələr, sintaktik konstruksiyalar müxtəlif olur. Natiqlik praktikasında nitqin şəraiti, münasibliyi həmişə nəzərə alınmalıdır. Televiziya verilişlərində çıxış edənlər bəzən vaxtın azlığından gileylənir və təəssüflənirlər ki, çox şeyi deyə bilmədilər. Burada, şübhəsiz, günah natiqin özündədir. O, müəyyən edilmiş vaxt ərzində nəzərdə tutduğu məzmunu aydın, dəqiq, yığcam, eyni zamanda, vaxta qənaət etməklə dinləyicilərə çatdırmağı bacarmalıdır. Nitq şəraitinin müəyyənləşdirilməsi, ona müvafiq mühazirə oxumaq və digər praktik işləri həyata keçirmək hamıdan çox müəllimə lazımdır. Bəzən ali, həm də orta məktəb həyatında tələbələrin (şagirdlərin) məşğələlərdə passivliyindən, etinasızlığından, laqeydliyindən, intizamsızlığından şikayətlənirlər. Belə 58 neqativ hallar tələbələrin (şagirdlərin) bilik səviyyəsini, marağını, istəyini bilməyən, öz üzərində işləməyən, məşğələlərə zəif hazırlaşan müəllimlərin dərs dediyi auditoriyalarda daha çox müşahidə olunur. Müasir tələbə (şagird) geniş informasiya tutumuna malikdir. Köhnə, saralmış konspektlərdəki məlumatlar auditoriyanı təmin edə bilmir. İnformasiya vulkanının püskürdüyü indiki zamanda müəllimin nəzəri və praktik hazırlığı elə bir səviyyədə olmalıdır ki, tələbələrin (şagirdlərin) marağını, diqqətini cəlb edə bilsin. Bu baxımdan alimin, müəllimin, mühəndisin, həkimin, yazıçının, siyasi xadimin və başqalarının auditoriyada söylədikləri nitq bir-birindən fərqlidir. Alimin danışığında ifadəlilik həddən artıq az olur, fikir daha çox mürəkkəb cümlələrlə, tərkiblərlə , terminlərlə ifadə edilir. Müəllimin nitqi auditoriyanın səviyyəsinə uyğun qurulur. Aydınlıq, yığcamlıq, səlislik, dəqiqlik və s. müəllimin danışığının başlıca keyfiyyətləridir. Geniş təfərrüat, həddindən artıq ifadəlilik, pafos, məzmuna uyğun olmayan jest, digər mənalı hərəkətlər müəllimin nitqi üçün xarakterik deyildir. Mitinqlərdə, geniş kütlə qarşısında çıxış edən natiqin danışıq tərzi, xüsusən sintaksisi digərlərindən fərqlənir. Belə natiqin cümlələri, əsasən, qısa olur, o, danışığında mübariz şüarlara, çağırışlara, sual və nida cümlələrinə, canlı sözün təsirini, effektliyini artıran digər vasitələrə (inversiya, ritorik sual və s.) daha çox üstünlük verir. 9. Nitqin rabitəliliyi. Natiq fikrini sərbəst, aydın, ardıcıl, yığcam və təsirli ifadə edə bilmək üçün ədəbi tələffüz qaydalarını gözləmək, cümlələri düzgün qurmaq, sözləri yerli-yerində işlətməklə yanaşı, nəzərdə tutduğu məzmunu özünəmüvafiq forma ilə ifadə etməyi də bacarmalıdır. Başqa sözlə, nitq həm də rabitəli olmalıdır. Nitqin rabitəliliyi üçün aşağıdakılara əməl edilməlidir: 1. Nitq məzmunca dolğun olmalıdır. Bunun üçün natiq nitqin predmetini – haqqında danışacağı (və ya yazacağı) əşyanı, hadisəni, əhvalatı və sairəni yaxşı mənimsəməli, onun mahiyyətini hərtərəfli dərk etməlidir. Əgər şərhçi beynəlxalq aləmdə baş verən hadisəni, onu doğuran səbəbləri özü yaxşı bilmir, aydın təsəvvür etmirsə, həmin hadisənin nə ilə nəticələnəcəyi proqnozunu verə bilmirsə onun söhbəti, şübhəsiz ki, dinləyici üçün qənaətləndirici ola bilməz. Başqa bir misal. 59 Əgər müəllim təhlil edəcəyi bədii əsəri oxumayıb, onun haqda başqalarının fikirləri əsasında təhlil aparır, rəy söyləyirsə, bu lazımi effekti verə bilməz. 2. Hər hansı bir məsələ barəsində danışılarkən (və ya yazılarkən) müəyyən məntiqi ardıcıllığa riayət olunmalıdır. Başqa cür desək, fikrin izah olunması ardıcıllığı məntiqə əsaslanmalıdır. Məsələn, tutaq ki, mühazirəçi Azərbaycan dilinin orfoepiyası barədə danışmağı (yazmağı) planlaşdırmışdır. O, fikirlərini belə bir ardıcıllıqla şərh etməlidir. 1) Orfoepiya haqqında məlumat, orfoepiya anlayışı, 2) Orfoepik qaydalara əməl olunmasının vacibliyi. 3) Orfoepiyanın orfoqrafiya ilə əlaqəsi. Onların oxşar və fərqli cəhətləri. 4) Azərbaycan dili orfoepiyasının tarixi, onun formalaşması və inkişafı. 5) Müasir Azərbaycan dili orfoepiyasının əsas qaydaları: a) saitlərin tələffüzünə aid qaydalar; b) samitlərin tələffüzünə aid qaydalar; c) bəzi qrammatik formaların tələffüzünə aid qaydalar. Belə bir ardıcıllıqla şərh olunan material, söylənilən fikir yaxşı dinlənilir, asan başa düşülür. Əks halda nitqdə rabitə pozulur, fikirdə ümumi bir qarışıqlıq yaranır, deyilənlər çətin anlaşılır, yadda qalmır. 3. Danışan (yazan) əsas və ikinci dərəcəli məsələləri bir-birindən ayırmağı bacarmalıdır. Natiq şərhində əsas məsələ üzərində xüsusi dayanmalı, söhbətin mahiyyətini dinləyiciyə çatdırmalıdır. Onun nəzərində tutduğu məsələdə ikinci dərəcəli fikirlər əsas fikrin izahına, anlaşılmasına kömək etməlidir. Amma bəzən nitqdə bu tələb gözlənilmir. Danışan mövzuda az əhəmiyyətli məsələlər üzərində daha çox dayanır, uzunçuluğa yol verir ki, belə nitqdə fikir zəif və natamam ifadə olunur. Əsas fikri çatdıra bilməyən natiqin nitqi, şərhi maraqsız olur, dinləyici belə söhbətdən tez can qurtarmağa çalışır. 4. Natiq öz sözü, cümləsi, düşüncəsi, üslubu ilə danışmalıdır. Özgə dili ilə, hazır cümlələrlə danışmaq nitqin keyfiyyətini aşağı salır, onu canlılıqdan məhrum edir. Natiq məlum olanları şərh etdikdə belə onları öz dili – ifadə tərzi ilə daha bitkin, daha maraqlı bir formada dinləyicilərə çatdırmağı bacarmalıdır
Ədəbiyyat siyahısı:
Əbdülhəsənli T., Hüseynova A. İşgüzar Azərbaycan dili. (dərs vəsaiti). Bakı,2006
Hüseynov S. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı,2009
Cəfərov V. Diplomatik etiket və nitq mədəniyyəti. Bakı, 2009
Həsənova S. Nitq mədəniyyəti və üslubiyyat ( dərslik) Bakı, 2005