5. Nitqin zənginliyi. Bu, nitqdə işlənən dil ünsürlərinin müxtəlifliyi, rəngarəngliyi və çoxluğudur. Nitqin zənginliyi üçün başlıca meyar danışanın (yazanın) geniş söz ehtiyatına malik olmasıdır. İnsan təfəkkürünün hüdudu sonsuzdur, dildə sözlərin miqdarı bununla nisbətdə məhduddur. Natiq bu cəhəti nəzərə almalı, hər hansı bir mətləbi aşkarlayarkən daha münasib sözlərdən – sinonimlərdən, antonimlərdən, frazeoloji birləşmələr və ibarələrdən, digər məcazlardan, intonasiya, üslubi vasitələr və sairədən məharətlə istifadə etməyi bacarmalıdır. Müəyyən rabitəli mətndə nə qədər çox müxtəlif və təkrarlanmayan söz, ifadə və cümlə işlədilərsə, həmin nitq o qədər də zəngin olar, maraqla dinlənilər, yaxşı təsir bağışlayar, asan dərk olunar. Söz ehtiyatı zəngin olan, işlətdiyi hər söz və ifadənin mənasını yaxşı anlayan adam həmişə öz fikirlərini çətinlik çəkmədən sərbəst şəkildə ifadə edə bilir. Lüğətin zənginliyi məsələsi insanın məşğul olduğu işin xarakterindən, yaşadığı mühitdən, mütaliəsindən, dünyagörüşündən asılıdır. Görüş dairəsi və mütaliəsi geniş, savadı mükəmməl adamların söz ehtiyatı da zəngin olur. Belələri öz çıxışlarında (adi söhbətlərində də) dilimizin söz xəzinəsindən bacarıqla istifadə edirlər. Bu gün ali məktəb auditoriyalarında mühazirə oxuyan müəllimlərin bir çoxunun nitqi bu baxımdan nümunəvidir. Tələbələr onları maraqla dinləyir, nitqin ifadə tərzindən xüsusi zövq alırlar. Hər bir savadlı və mədəni şəxs daima öz lüğət ehtiyatının artırılması qayğısına qalmalıdır. Bunun üçün ən səmərəli vasitə radio və televiziya verilişlərini dinləmək və mütaliəni genişləndirməkdir. Diktor, aktyor, söz ustaları, natiqlərin və başqalarının danışıqlarını müntəzəm olaraq dinləmək, sözlərin, ifadələrin, cümlələrin ifadə tərzinə diqqət yetirmək, nitqin bu baxımdan məziyyətlərini mənimsəmək yolu ilə lüğəti genişləndirmək və zənginləşdirmək olar. Lüğətin artırılması üçün digər və ən səmərəli yollardan biri də mütaliədir. Bədii, elmi-kütləvi, publisistik, fəlsəfi və s. əsərlərin müntəzəm şəkildə mütaliəsi söz ehtiyatının artırılmasına səbəb olur. Natiq (mühazirəçi, müəllim) nitqində mənası onun özü üçün naməlum və ya az məlum olan bir dənə də söz, termin işlətməməlidir. Əgər belə sözləri işlətməyə ehtiyac olarsa, onların mənası və geniş izahı ilə bağlı sorğu kitablarına – lüğətlərə, ensiklopediyalara və s. baxmaq, mühazirə mətnində müəyyən qeydlər aparmaq məsləhət görülür. Nitqin zənginliyi və emosionallığını təmin edən amillərdən bir də intonasiyadır. Bu o deməkdir ki, söylənilən fikirlər, onlara münasibət insanın keçirdiyi hissi hallar uyğun səs tərtibatı, avazla verilə bilsin, nitq rəngarəng intonasiya çalarlarına malik olsun, danışan intonasiya elementlərindən (məntiqi vurğu, nitq fasiləsi, nitq tonu, səsin tembri və s.) düzgün istifadə etməyi bacarsın və s. Nitqin intonasiya baxımından zənginliyindən danışarkən sual, nida, əmr cümlələri, xitablar, ara sözlər, ara cümlələr və s. sintaktik quruluşların özünəmüvafiq formada, təbii şəkildə tələffüz olunmasının vacibliyi də diqqət mərkəzində saxlanılmalıdır. Nitq zənginliyinin başlıca əlamətlərindən biri də onun məzmun cəhətdən dolğunluğudur. Nitq o zaman maraqla dinlənilir ki, haqqında bəhs olunan məsələ yeni olsun, həm də hərtərəfli şəkildə, sübutlarla, dəlillərlə, həyati misallarla, dinləyicini qane edəcək bir formada şərh edilsin. Nitqin zənginliyindən danışarkən bu keyfiyyəti yaradan digər vasitələri – dilin qrammatik və üslubi imkanlarından səmərəli şəkildə istifadə olunması, danışanın intellektuallıq səviyyəsi, təfəkkürünün fəallığı və sairəni də nəzərə almaq lazımdır.