Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə79/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#126641
növüMühazirə
1   ...   75   76   77   78   79   80   81   82   83
az dili

8. Nitqin orijinallığı. Nitqin məziyyətlərindən biri onun orijinallığıdır. Bu, nitqdə özünəməxsusluqdur, bir şəxsin başqalarından fərqli danışması və yazmasıdır. Nitqin orijinallığı bir neçə cəhətdən özünü göstərir ki, bunlardan birincisi fərdi tələffüz tərzidir. Nitqin tələffüz baxımından fərqlənməsi, nəzərə çarpması aşağıdakı amillərlə daha çox bağlı olur: 1. Səslərin, sözlərin aydın diksiya ilə tələffüzü. 2. Söz və qrammatik formaların orfoepik qaydalar əsasında tələffüzü. 3. Bir qədər ucadan, aramla danışmaq və oxumaq. 4. Bir qədər astadan danışmaq, nitq fasilələrində daha münasib sözlər fikirləşib tapmaq və nitqini davam etdirmək. 5. Danışıq və xüsusən oxu prosesində intonasiya çalarlarından daha bacarıqla, məzmuna uyğun şəkildə istifadə edə bilmək. 6. Danışanın səciyyəvi söz, ifadə, sitat, sintaktik konstruksiyalar, frazeoloji ifadələr, aforizmlər, atalar sözü, zərb-məsəllər və s. işlətməsi, nitqin xüsusi tərzdə qurulması. İctimai yerdə çıxış edən öz məqsədini aşkarlamaq, fikirlərini dinləyicilərə asan, aydın, ifadəli, həm də maraqlı bir şəkildə çatdıra bilmək üçün daha münasib, işlədilməmiş sözlərdən, ifadələrdən istifadə etməyə, cümlələr qurmağa çalışır. Bu orijinallıq nitqin qurulmasında daha çox nəzərə çarpır. Nitqdə müəyyən bir ənənəvi forma vardır ki, natiqlər öz çıxışlarını ona uyğun qururlar: məsələnin vacibliyi və aktuallığı izah olunur, sonra mövzunun əsas məzmunu dinləyicilərə çatdırılır, daha sonra isə deyilənlərə yekun vurulur, bəzən ümumi nəticələr çıxarılır. Lakin natiqlərin çoxu bu ənənəni gözləməklə dinləyicilərin diqqətini nitq haqqında cəlb etmək, nitqin effektliyini yüksəltmək məqsədilə yeni-yeni formalar axtarıb tapırlar. Bəziləri nitqinə atalar sözü, zərbi-məsəl, ibrətamiz bir əhvalatla başlayır. Bir başqası nitqinin əvvəlində şərh ediləcək mövzu ilə bağlı bir parça şeir söyləyir. Digər natiqlər məşhur adamların, görkəmli yazıçı və şairlərin əsərlərindən, dövlət xadimlərinin çıxışlarındakı sərrast və parlaq ifadələrdən sitatlar gətirdikdən sonra məsələnin mahiyyətini şərh etməyə başlayırlar. Nitqə başlamağın digər formalarından da (məsələn, ritorik suallar qoymaq, mövzu ilə bağlı gözlənilməz və qəribə bir məzhəkə, lətifə danışmaqla əsl mətləbə keçmək və s.) natiqlik təcrübəsində səmərəli priyom kimi tətbiq edilir. Bu baxımdan xatirədə qalan bir əhvalatı söyləməyi lazım bildik. 1966-cı ilin iyul ayının axırında (26-da) qəbul imtahanlarında iştirak edəcək müəllimləri Mərkəzi Komitəyə dəvət etmişdilər. Mərkəzi Komitənin yerləşdiyi binanın altıncı mərtəbəsi adamla dolu idi. Ali məktəbin seçmə müəllimləri zala toplaşmışdılar. Adam çox olduğundan dəvət edilənlərin bir hissəsi ayaqüstə durmuşdu. Bərk isti idi. Mərkəzi Komitənin müəllimlərlə görüşəcək işçiləri təyin olunan vaxtdan xeyli gec zala daxil oldular. Onlardan birini dərhal tanıdıq. O, Şıxəli Qurbanov idi. Birinci olaraq ali məktəblər şöbəsinin müdiri çıxış etdi. Rusca danışırdı. O, zalda oturanlara qəbul imtahanı ilə bağlı dəqiqəbaşı hədə-qorxu gəlirdi. Zalda istidən, sıxlıqdan, məsul işçinin hədələrindən böyük bir gərginlik hökm sürürdü. Növbəti çıxışı Ş.Qurbanov etdi. O, nitqini belə bir məzəli əhvalatla başladı: “Bir ailənin yeganə övladı, oğlu vardı. Ər-arvad oğlanlarının böyük toyunu görmək arzusu ilə yaşayırdılar. Onlar çağırılan toyların hamısında iştirak edirdilər ki, gələcəkdə də oğlanlarının toy məclisinə istədikləri qədər adam dəvət edə bilsinlər. Vaxt gəlib çatır. Ər-arvad yeganə oğullarının toyuna hazırlaşırlar. Hərəsi bir tərəfdən adamları toya dəvət edir. Hesab itdiyindən toya nəzərdə tutduqlarından xeyli çox adam gəlir. Toy otağı kiçik olduğundan qonaqların çoxu ayaqüstə qalır. Ev sahibi qonaqları salamlayaraq deyir ki, heç fikir çəkməyin, yerimiz dar olsa da siz qonaqlar üçün ürəyimiz genişdir. Arxada ayaqüstə duranlardan biri özünü saxlaya bilməyib dilləndi: - Zalım oğlu, ürəyin belə genişdirsə, bu toyu orada, ürəyində eləyəydin, daha camaatı çağırıb ayaqüstə saxlamayaydın. Ş.Qurbanov (Mərkəzi Komitənin katibi) bu məzəli əhvalatı danışıb qurtardıqdan sonra müşavirəyə gec gəldikləri, həm də adamları ayaqüstə saxladıqları üçün zaldakılardan üzr istədi və bundan sonra çıxışının rəsmi hissəsinə keçdi. Natiqin şəraiti nəzərə alaraq işlətdiyi belə bir priyom yaranmış gərginliyi dərhal aradan qaldırdı. Bu səmimiyyətdən razı qalan zal onu axıra qədər böyük maraq və diqqətlə dinlədi. Təkcə nitqin başlanğıcı deyil, məzmununun şərhi, söhbətin yekunlaşdırılması, nəticə və tövsiyələrin verilməsi zamanı da natiqlər özünəməxsus orijinal üsullar işlədirlər. Lakin nitqin ənənəvi formalarından uzaqlaşıb orijinallıq xatirinə novatorluğa meyl etmək heç də bütün hallarda lazımi effekt verə bilmir. Bu, natiqlik sənətində daha geniş təcrübəsi olan mühazirəçilər – müəllimlər üçün xarakterikdirsə, natiqlik sənətinə hələlik yiyələnməmiş adamlar, xüsusən gənc natiqlər, müəllimlər üçün məsləhət deyildir. Nitqin orijinallığını təmin edən vasitələrdən biri də bədii təsvir vasitələridir. Bədii təsvir vasitələrindən (bura daxildir: məcazi mənada işlədilən söz və ifadələr, təşbeh, metafora, mübaliğə və s. müxtəlif üslubi priyomlar – sözlərin təkrarı və ya buraxılması, inversiya, ritorik-natiqanə suallar və s.) yerində, həm də uyarlı bir şəkildə istifadə nitqi təsirli, parlaq, obrazlı etməklə bərabər, ona orijinallıq da gətirir. Həmin vasitələrdən nitqdə istifadə bacarığına yiyələnmək üçün natiq müntəzəm olaraq bədii əsərləri mütaliə etməli, yazıçı və şairlərin dilindəki natiqlik sənəti baxımlından daha yararlı və münasib söz və ifadələrə, digər təsvir vasitələrinə diqqət yetirməli, onlardan yeri gəldikcə istifadə etməyə çalışmalıdır. Volterin təbirincə desək, adamlar yaxşı yazıçıları mütaliə etdikcə yaxşı danışmağa vərdiş edirlər. Nitqin orijinallığına xələl gətirən səbəblərdən biri mühazirəçinin hazır, basmaqəlib ifadələr işlətməsidir. Məsələn, daxili imkanlardan istifadə, problemi aradan qaldırmaq, sözü gedən rəhbər işçilər, məsələni dəstəkləmək, işləmə mexanizmi, məişət problemləri, dünya standartlarına uyğun və s. Natiq bu tipli ifadələri işlətməkdən mümkün qədər çəkinməli, bunun əvəzinə daha uyarlı ifadələrdən istifadə etməklə nitqini aktuallaşdırmalıdır.

Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin