3. Nitqin təmizliyi. Mədəni nitqə verilən əsas tələblərdən biri də onun təmizliyidir. Bu o deməkdir ki, ədəbi dilin normalarına uyğun gəlməyən dil vahidləri (sözlər, ifadələr, frazeologizmlər, cümlələr və s.) nitqdə işlədilməməlidir. Nitqin təmizliyi digər mədəni keyfiyyətlər kimi, danışanın təhsili, mədəniyyəti və tərbiyəsi ilə bilavasitə əlaqədardır. Dilin təmizliyini qoruyub saxlamaq üçün aşağıdakılara əməl olunmalıdır: 1) Nitqdə məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tərzinə yol verilməməlidir: Məlumdur ki, əhalinin böyük hissəsi ədəbi dildən, müəyyən qismi isə dialekt və şivələrdən istifadə edir, ayrı-ayrı dialekt şəraitində yaşayanlar sözləri həmin yerin danışıq tərzinə uyğun işlədirlər. Çox halda bu danışıq savadlı təbəqənin – ziyalıların da nitqində özünü büruzə verir. Məsələn; əyərlərim (əgər), hasannıxnan (asanlıqla), bajı (bacı), genə (yenə), getirib (gətirib), gəlmeg (gəlmək), meytəp (məktəb), heysab (hesab), dərmən (dərman), manıt (manat), qırıx (qırx), əmeg (əmək), münasibat (münasibət), təyyin (təyin), şikil (şəkil), tənyarı (təyyarə), basarıq (bacarıq), nöş (nə üçün), olacoux (olacağıq), qərdeş (qardaş), oxarta (o qədər), cıqqan (lap az), mını (bunu), yanı (yəni), deməginən, yumurtda, incəvara, qalxızmaq və s. Bu cür dialektizmlərin, şivə sözlərinin işlənməsi nitqi korlayır, danışığa xələl gətirir. 2) Əcnəbi sözlər lüzumsuz işlədilməməlidir. Bəzi hallarda natiqlər heç bir ehtiyac olmadan nitqlərini çətin, mənası çoxları üçün aydın olmayan terminlərlə doldururlar ki, nəzərdə tutulan fikir, məzmun bu terminlərin kölgəsində itib-batır, mətləb dinləyici üçün aydın olmur. Son zamanlar kütləvi informasiya vasitələrinin – radio və televiziya verilişlərinin, eləcə də müxtəlif sahələr üzrə yazılmış dərsliklərin, məqalələrin, elmi mətnlərin dilində ağırlaşma müşahidə olunur. Məsələn, “Azərbaycan qloballaşan dünyada” adlı bir jurnal məqaləsində belə sözlər, terminlər, ifadələr işlənmişdir: praktik rassionalizm, paternalist icma, obsolyut universal dəyərlər, difurkasiya (haçalanma), restepizasiya, developmentarizm, abbeviatur təfəkkür, respondentlərin dispozisiyası, sinerqizm, sosial akkumilyasiya və s. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan əsərin, məqalənin və sairin dilini akademizm xatirinə həm mənası, həm də tələffüzü çətin olan belə ifadələrlə, terminlərlə “zənginləşdirmək” fikrin ifadəsi, informasiyanın ötürülməsi baxımından məqbul sayılmır. Belə şərhetmə üsulundan daha çox fikir yoxsulluğunu və mənasızlığını pərdələmək üçün bir vasitə kimi istifadə olunur. Lakin bu heç də o demək deyildir ki, təmizlik və saflıq xatirinə elm, texnika, sosial və digər sahələrin inkişafı ilə bağlı son zamanlarda dilimizə keçmiş və ya dilimizdə yaranmış söz və terminlərdən imtina edilməlidir. Onların bir çoxu (məsələn; dəstək, bilgi, dəyərləndirmək, durum, anlam, dönüm, bölgə, öncə, olay, yetərsay, özəl, önəmli, açıqlamaq, öndəm, çeşidli və s.) ifadə etdiyi məna, səslənmə, dilə, tələffüzə yatımlıq baxımından uyarlıdır, ünsiyyətdə geniş istifadə olunur. Lakin bununla belə son zamanlar illərlə işlətdiyimiz, hamı tərəfindən anlaşılan sözlərin ehtiyac olmadan başqa söz və ifadələrlə əvəz edilməsinə tez-tez təsadüf olunur. Məsələn; yaşam (həyat), mesaj (sifariş), yolçu (sərnişin), yapmaq (etmək), uçaq (təyyarə), yazar (yazıçı), oba (vətən), düzənləmək (keçirmək, təşkil etmək), toplantı (yığıncaq), baş yazar (baş redaktor), mutlu (xoşbəxt), yaşam təcrübəsi (həyat təcrübəsi), tanıtım keçirmək (təqdim etmək), yazıqlar ki, (təəssüf ki), təpki (təzyiq), mintalitet (ruh), öyrənci (şagird), qərarı əngəlləmək (qərara qarşı çıxmaq), bu günlərim (bu gün), sabahlarım (sabah), salamatçılıq (salamatlıq), xoşbəxtçilik (xoşbəxtlik), piyadaçı (piyada) və s. Bu və bu qəbildən olan digər sözlərin, ifadələrin uyarlı qarşılığı olduğu halda, dilə gətirilməsi bütün hallarda məqbul sayılmamalıdır. “Əlbəttə, biz dünya dillərindən, o sıradan qardaş xalqın dilindən söz almağın əleyhinə deyilik. Onsuz da son 10-15 il ərzində Türkiyə türkcəsindən dilimizə keçmiş çoxlu sayda sözlər var ki, bu gün onları böyük məmnuniyyətlə işlədirik. “Öncə”, “öncül”, “öndər”, “özəl”, “özəllik”, “özəlləşdirmək”, “dönəm”, “çağdaş”, “yüzillik” kimi sözlər artıq dilimizdə vətəndaşlıq hüququ qazanmışdır. Lakin dildə mövcud olan sözü zorla başqa bir sözlə əvəz etmək bu dildən istifadə edənin arzusu və təşəbbüsü ilə başa gəlmir. Dil dəniz kimidir. Zaman keçdikcə o, öz-özünü təmizləyir, işləklik dairəsi daralmış sözləri arxaik fonda keçirir, yenilərini qəbul edir. Bu proses əksər hallarda köhnəlmiş və yeni sözlərin bir müddət dildə paralel işlənməsindən sonra baş verir” (“Kredo”, 3 noyabr, 2007). Çox zaman bir sıra əşyanın (eləcə də hadisənin) dilimizdə uyarlı adı olduğui halda, o, alınma sözlərlə adlandırılır. Məsələn, xolodilnik (soyuducu), pılesos (tozsoran), lineyka (xətkeş), kley (yapışqan), krışa (dam), patalok (tavan), polka (rəf), sideniya (oturacaq), rubaşka (köynək), zajiqalka (alışqan), lyustra (qəndil, çılçıraq), slesar (çilingər), dokumemnt (sənəd), punkt (bənd), çaşka (fincan), port (liman), aeroport (hava limanı), komplekt (dəst), banka (bərni) və s. Artıq neçə ildir ki, xalqımız öz müstəqilliyini qoruyur, möhkəmləndirir. Dilimiz sözün həqiqi mənasında dövlət dili kimi fəaliyyət göstərir. Müəssisə, küçə, xiyaban və s. yerlər dilimizə məxsus sözlərlə, ifadələrlə adlandırılmışdır. Buna baxma-yaraq, danışıqda yenə də keçmiş adlar işlədilir. Məsələn: Nizami küçəsi – torqovli, hökümət evi – domsovet, 8-ci kilometr – vosmoy, Şamaxı yolu – Şamaxinka, 6-cı Mikrorayon – şestoy, dəniz limanı - morvağzal, M.Nağıyev adına xəstəxana – Semaşko, Zeynalabdin Tağıyev qəsəbəsi – Nasosnı və s. kimi adlandırılır. Bu cür ifadələr hər kəsin şəxsiyyətinə, millətinə təhqir kimi qiymətləndirilməlidir. Yeri gəlmişkən qeyd edək ki, əhalinin elita deyilən təbəqəsi rus dilində danışmağa üstünlük verir. Məmurların bəzisi öz dilində sərbəst danışmaqda çətinlik çəkir. Televiziya verilişlərində yarı Azərbaycan, yarı rusca danışanlara tez-tez təsadüf olunur. Restoranların, şadlıq evlərinin, mağazaların adları, reklamlar əcnəbi dildə yazılır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin 2 yanvar 2003-cü il tarixli fərmanında göstərilir ki, zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və s.) dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir Şəhərimizin reklam örtüyündə qanunun bu tələbinə lazımı dərəcədə əməl olunmaması millətin ən böyük sərvətinə göstərilən bu sayğısızlıq, biganəlik hər bir kəsi ciddi şəkildə düşündürməlidir. Hansı səbəbdən olur-olsun dilimizdə eyni mənanı verən sözün əvəzində alınmanın işlədilməsi dili korlamaqdır, onun gözəlliyini pozmaqdır, ümumiyyətlə, dilimizə biganəlikdir, hörmətsizlikdir. Əsrlərdən, nəsillərdən bizə gəlib çıxmış dilimizi, kəlmələrimizi qoruyub saxlamalı, unudulmasına, itməsinə yol verməməliyik. Bu məsələ ilə bağlı qədim bir Azərbaycan bayatısı yada düşür: Dilim-dilim, Kəs qovun dilim-dilim. Mən dilimdən vaz keçməm, Doğra, kəs dilim-dilim. Cəmiyyətin müxtəlif sahələrində baş verən yeniliklər, dünya ölkələri ilə əlaqələrin, münasibətlərin yaranması, genişlənməsi prosesində dilimizə başqa dillərdən çoxlu sayda söz və termin keçir ki, bunların əksəriyyəti aktiv işlənir, ünsiyyətə xidmət edir. Əcnəbi sözlərin dilə gətirilməsinin təbii və qanunauyğunluğu ilə bağlı vaxtilə Həsən bəy Zərdabi demişdir: “...Dil elə bir şeydir ki, onu öz halında saxlamaq mümkün deyil. Elə ki, qaranlıq otağın qapısı açıldı, qeyri tayfalar ilə gediş-gəliş artdı, artıq şeylər ələ gəldi və adətlər dəyişildi, təzə sözlərin qədri də günü-gündən artacaqdır. Belə sözlərin artmağının dilə zərəri yoxdur, xeyri var. Çünki o sözlər tərəqqi etməyə səbəb olurlar” (Q.Məhərrəmli. Mediyada işlənən alınma sözlər. Bakı, 2008, s. 4). Alınma sözlərin dilə, xüsusən, ekranlara, qəzet-jurnal səhifələrinə gətirilməsinə hədsiz tələbkarlıqla yanaşılmalı, bunun üçün xüsusi prinsiplər gözlənilməlidir. Əcnəbi söz və terminlərin işlədilməsi o zaman məqbul sayıla bilir ki, onun mənası əhalinin böyük hissəsi tərəfindən başa düşülsün, ikincisi də, həmin sözün qarşılığı dildə olmasın. B.Q.Belinski göstərir ki, qüvvədə olan iki sözdən (əcnəbi və ana dilinə məxsus sözlərdən) biri kimi əcnəbi sözü işlətmək sağlam ağılı və sağlam zövqü təhqir etmək deməkdir. Bəli, dilimizi sevməliyik, qorumalıyıq, yaşatmalıyıq. İngilis dramaturqu C.Uebesterin söylədiyi bir fikir bu baxımdan xarakterikdir: “Varlığımı talan edin, bircə dilimə toxunmayın, çox keçməz yenə hər şeyi özümə qaytararam”. Ədəbi dilimizin mühafizəçiləri olan ziyalılar əcnəbi sözlərdən suiistifadəyə qarşı ardıcıl və prinsipial mübarizə aparmalıdırlar. 3) Tüfeyli sözlərlə bağlı qüsurlar aradan qaldırılmalıdır. Bəziləri danışıq zamanı qurmaq istədikləri cümlələri tamamlaya bilmir zəruri sözləri tapmaqda çətinlik çəkirlər. Bu səbəbdən danışan yersiz fasilələr etmək məcburiyyətində qalır, mətnlə əlaqəsi olmayan sözlər, ifadələr işlətməli olur: əsas etibarilə, deməli, məsələn, türkün məsəli, zaddı, ən azı, ona görə ki, Ģeydi, beləliklə, adı nədir, adını sən de, hansı ki, haradasa, canım sənə desin, baxanda baxıb görürük ki və s. Belə sözlər nitqi zibilləyir, onda qırıqlıq, uyğunsuzluq, rabitəsizlik əmələ gətirir, dinləyicilərdə xoşagəlməz bir duyğu və təəssürat yaradır. 4) Jarqon sözlərin və ifadələrin işlədilməsi (məsələn; znaçit, voobşe, tem bolli, mejdu proçim, niçeqo sebe, kakraz, toçno və s. kimi) nitqin təmizliyinə xələl gətirir, onun keyfiyyətini aşağı salır. 5) Mədəni danışıqda başqasını təhqir etmək, heysiyyətinə toxunmaq məqsədini daşıyan söyüş və qarğışlara, ədəbsiz, təhqiramiz, etik sözlərə, ifadələrə (anqırmaq, bağırmaq, soxuşdurmaq, xosunlaşmaq, donqullanmaq, burcutmaq, qatıqlamaq, qanmaq, tülkü, ayı, eşşək, qoduq, heyvərə, alçaq, tupoy, qanmaz, gəbərtmək, qırıldamaq, burnunu söxmaq, kəllən haqqı, çərənləmək, başı girməyən yerə bədənini soxmaq, hırıllamaq, hürkmək, xoruzlaşmaq və s.) yer verilməməlidir. Belə sözlərlə ifadə olunan alçaldıcı ekspressiyanı ünvanlanan adamlar təhqir kimi qəbul edirlər. İctimai yerlərdə belə sözlərin işlədilməsi heç bir mənada xoş təsir bağışlamır. Təhsilin humanistləşdirilməsindən söhbət getdiyi indiki vaxtda xüsusən müəllimlərin nitqində şagird, tələbə və başqalarına qarşı vulqar xarakterli söz və ifadə işlədilməməlidir. Vulqarizmlər dili zibilləyir, onların nitqdən kənarlaşdırılması uğrunda həmişə ciddi iş aparılmalıdır. “Bəli, dil təmizlik sevir, gözəllik sevir. Bu gözəllik onun bütün təbiəti ilə bağlıdır, necə təmiz, sərin, bulaq suyu qayadan qaynayıb çıxır, elə də hər söz insanın ürəyindən gəlməlidir. Dilin bütün daxili gözəlliyini əks etməlidir. Belə olmadıqda dil korlanır, kobudlaşır, mənasına xələl gəlir, daxili gözəlliyini itirir. Dil onu pozan, korlayan hallara isə ciddi müqavimət göstərir, onları rədd edir, insanın bədəni yad ünsürləri rədd edən kimi” (M.İbrahimov).