İqtisadi nəzəriyyədə tələb və təklifin dörd qaydası olduğu göstərilir.
Tələbin artması həm tarazlıq qiymətinin, həm də tarazlıq əmtəə miqdarının artmasına səbəb olur.
Tələbin aşağı düşməsi tarazlıq qiymətinin və tarazlıq əmtəə kəmiyyətinin aşağı düşməsinə səbəb olur.
Təklifin artması tarazlıq qiymətinin azalmasına və tarazlıq əmtəə kəmiyyətinin artmasına səbəb olur.
Təklifin azalması tarazlıq qiymətinin artmasına və tarazlıq əmtəə kəmiyyətinin azalmasına səbəb olur.
Bu qaydaları tətbiq etməklə tələb və təklifin istənilən dəyişmə hallarında tarazlıq nöqtəsini tapmaq mümkündür.
İstənilən əmtəənin rəqabət bazarında tələb və təklifin tarazlığı məhz bu sxem vasitəsilə əldə olunur. Tarazlıq hər bir rəqabət bazarının qanunudur.Hər bir bazardakı tarazlıq bütövlükdə iqtisadi sistemdə tarazlığın saxlanılmasının səbəbidir.
Qeyd etmək lazımdır ki, tarazlıq qiyməti bazarın rəqabət şəraitində müəyyənləşir. Lakin bütün rəqabət şərtlərini gözləmək mümkün deyil. Bazarın qiymət tarazlığı mexanizmi təkmilliyə yaxınlaşmaq mexanizmdir ki, buna da tam nail olmaq mümkün deyildir.
Bununla belə, tələb və təklifin tarazlıq qanununa uyğun olaraq həyatda istənilən əmtəənin qiyməti formalaşır. Bazar mexanizminə rəqabət tarazlıq vəziyyətini dəyişən inhisarçı müdaxilə elementləri təzahür etməzsə, bütün əmtəə bazarları rəqabət tarazlığına yaxındır. Rəqabət bütün əmtəə sahibkarlarını iqtisadi üsullarla tarazlıq qiymətinə əmtəə istehsal etməyə, satmağa, almağa və bazarda tarazlığa nail olmağa vadar edən böyük qüvvədir.
Bazarda tarazlığın formalaşması şərtləri iqtisadi ədəbiyyatda həm mikroiqtisadiyyat səviyyəsində, ayrıca bir bazarda ayrıca bir təsərrüfat vahidinə şamil edilməklə, qismən tarazlığı səciyyələndirməklə (A.Marşall, D.Xaksli), həm də makrosəviyyədə bütün iqtisadi sistemə şamil edilməklə (L.Valras, V.Pareto, C.fon Hayman, V.Leontyevin ümumi tarazlıq modeli) tədqiq olunur.