Xüsusi tələblər isə bilavasitə dərslə bağlı tələblərdir.Onları aşağıdakı əsas qruplara bölmək olar: 1-Dərsdə yüksək təhsil, inkişaf və tərbiyə səmərəsi əldəedilməlidir. Hər bir fəaliyyət nəticə ilə ölçülür. Dərsdə təhsil, tərbiyə və inkişaf vəzifələri vəhdətdə həyata keçirilməli, real nəticələr əldə edilməlidir. Proqram materialı dərsdə mənimsənilibsə, şagirdlər müəyyən ideya-mənəvi keyfiyyətlərə və zehni qabiliyyətə yiyələnibsə, belə dərsi yaxşı dərs hesab etmək olar.
2- Dərsdə təlim materialının optimal məzmunu müəyyən edilməlidir. Müəllim dərsin qarşısında duran məqsəd və vəzifələrdən, şagirdlərin hazırlıq səviyyəsindən çıxış edərək öyrənilən materialın həcmini, çətinlik dərəcəsini, başlıca məsələlərini, fənnlərarası əlaqə imkanlarını müəyyənləşdirməli, dərs zamanı məzmunun mənimsənilməsinə nail olmalıdır.
Dərsdə səmərəli-metodik variant seçilib tətbiq edilməlidir. Dərsin məqsəd və məzmununa, şagirdlərin dərketmə imkanlarına uyğun olaraq müvafiq metod və vasitələr kompleksi müəyyənləşdirilir. Dərs o zaman səmərəli olur ki, müəllim biliyi hazır şəkildə şərh etməsin, şagirdləri fəal axtarışlara cəlb etsin, onların müstəqil fikrini oyatsın. Bu məqsədlə dərsdə problem vəziyyət yaratmaq, evristik müsahibə və diskussiyalar aparmaq, kitab üzərində yaradıcı iş təşkil etmək, təfəkkürə qida verən məntiqi metodlara (müqayisə, təhlil-tərkib, ümumiləşdirmə və.s) istinad etmək yaxşı nəticə verir. İki paralel sinifdə eyni mövzuda, eyni metodik variantda keçilən dərs müxtəlif nəticə verir: bir sinifdə müəllimin dərsi alınır, digərində yox.
4-Dərs təşkilati cəhətdən mütəşəkkil və çevik olmalıdır. Dərs təşkilati mütəşəkkilliyi ilə seçilməlidir: vaxtında başlanmalı, yüksək intizama əsaslanmalı, optimal tempdə olmalı, intensiv qurulmalıdır (yəni az vaxtda yüksək nəticə əldə edilməlidir). Dərs həm də çevik qurulmalı, şablon və sxematizmdən uzaq olmalıdır. Dərs zamanı vəziyyətdən asılı olaraq müəllim dərsin məzmununda, quruluşunda, vaxt bölgüsündə çevik dəyişikliklər aparmalıdır. Yaxşı dərs məntiqi və psixoloji cəhətdən tam olmalıdır, yəni dərsdə müəyyən bir məntiqi hissə öyrədilməli (məntiqi tamlıq), şagirdlər nəyi isə tam öyrəndiklərini hiss etməli, onlarda yarımçılıq hissi qalmamalıdır (psixoloji tamlıq).Dərsdə əks əlaqə yaradılmalıdır; müəllim şagirdlərin hissi aləmi, təlimə münasibəti, marağı, mənimsəmə səviyyəsi haqqında vaxtında informasiya əldə etməlidir.
5- Dərsdə əlverişli psixoloji iqlim, müsbət emosional vəziyyət yaradılmalıdır. Dərsin səmərəsi onun emosional mühiti ilə sıx bağlıdır: mənfi emosiyalar (qorxu, inamsızlıq, həyəcan və.s) şəraitində keçən dərs cansıxıcı, yorucu və səmərəsiz olur. Dərsdə müəllim və şagirdlər arasında qarşılıqlı hörmət, inam, pedaqoji əməkdaşlıq, xoş əhval-ruhiyyə, müsbət zehni hisslər (şadlıq, təlim sevinci, inam, təəccüb və.s) hakim olmalıdır. Göstərilən tələblərə cavab verən dərs yaxşı dərs hesab olunur; belə dərsdə yüksək səmərə-müsbət təlim-tərbiyə nəticələri əldə edilir. Bunun üçün müəllim dərsə yaxşı hazırlaşmalıdır.