Özünütəlqin- insanın öz əhval-ruhiyəsini, hiss və düşüncəsini, işini, rəftarını, davranışını məqsədyönlü istiqamətdə idarə etmək, yaxud tənzimləmək üçün öz psixikasına təsir göstərməkdir. Məqsədyönlü özünütəlqin özünü inandırmanın köməyi ilə həyata keçirilir. Iradəsiz insan özünütəlqində iştirak edə bilmir və özünütərbiyədə də passiv olur.
Yenidəntərbiyə- insanın şəxsiyyətində, rəftarında, davranışında müşahidə edilən qüsurların, zərərli keyfiyyətlərin aradan qaldırılmasıdır.
Tərbiyə prosesinin qanunauyğunluqları aşağıdakı kimi müəyyənləşdirilir:
Bütün tarixi mərhələlərdə tərbiyənin xarakteri istehsalın obyektiv tələbləri və cəmiyyətin aparıcı sinfinin maraqları ilə müəyyənləşir ki, bu da onun mühüm qanunauyğunluqlarını təşkil edir.
Mütəşəkkil tərbiyə prosesi – ictimai həyatın obyektiv və subyektiv amilləri ilə şərtlənir.
Tərbiyə cəmiyyətin inkişafı ilə qarşılıqlı əlaqədə, dialektik vəhdətdədir.
Inkişaf həm verbal proseslərlə(nitqlə, təfəkkürlə), həm də sensor hərəki proseslərlə bağlıdır.
Verbal proseslər- şüurun, mənəviyyatın, sensor hərəki proseslər isə praktik hərəkətlərin əsasında formalaşır.
Bu faktı əsas götürərək tərbiyənin belə bir qanunauyğunluğunu qeyd etmək olar: tərbiyə prosesində uşağa göstərilən təsirlər kompleks verbal və sensor-hərəki proseslərə nə qədər məqsədyönlü şəkildə əsaslansa, uşağın ümumi(mənəvi və fiziki) inkişafının ahəngdarlığı bir o qədər səmərəli həyata keçər.
Tərbiyə əməli fəaliyyət və ünsiyyətlə ayrılmazdır və onun göstəricisi əməl, fəaliyyət və davranışdır.
Şəxsiyyətin daxili aləminə- yəni mənəvi, intellektual emosianal və iradi fəaliyyət sahələrinə təsir gücü ilə əldə edilən nəticə arasında mütənasiblik vardır.
Tərbiyə prosesi çoxçalarlı, dinamik və dəyişkən, mürəkkəb prosesdir. Bu prosesdə bir tərəfdən psixoliji, digər tərəfdən sosial, üçüncü tərəfdən isə pedoqoji asıllıqlar özünü göstərir. Bu asıllıqlar tərbiyə prosesinin hərəkətverici qüvvələri olaraq təzahür edir.