4. İctimai rəy metodu tələbin kollektiv forması olub, müəyyən şəxs və hərəkətlə bağlı kollektivin ümumi rəyini, qiymətini ifadə edir. İctimai rəy kollektivin iradəsini əks etdirməklə fəal və təsirli qüvvə kimi çıxış edir. O, bacarıqlı tərbiyəçinin əlində tərbiyə metodu funksiyasını yerinə yetirir, tərbiyənin subyekti, müəllimin etibarlı müttəfiqi rolunu oynayır. Kollektivin əksər üzvləri ümumi məqsəd uğrunda birləşdikdə, onun həyatında fəal iştirak etdikdə sağlam ictimai rəy formalaşdırıb, onu tərbiyə işinə istiqamətləndirmək olar. Əgər kollektiv üzvləri ümumi ideya və hisslərlə yaşayirlarsa, mənfi hallara dözülməzlik göstərib onları aradan qaldırmağa çalışırlarsa, bu, kollektivdə sağlam ictimai rəyin formalaşmasının göstəricisidir. Belə kollektiv rəy təlim-tərbiyə sahəsində uğur qazanmağın mühüm amilidir. Əksinə, birgə ictimai rəyin olmaması özbaşınalığa, laqeydliyə, mənfi halları himayə etməyə, yaxşı oxuyan və intizamlı şagirdləri ələ salmağa, məhdud qrup mənafelərinin inkişafına gətirib çıxarır.
5. Təmrin (məşq) metoduhərəkətlərin təkrarı yolu ilə onları möhkəmləndirib müsbət davranış adətləri yaratmaq məqsədi güdür. Təmrin iki mənada başa düşülür. Geniş mənada o, uşaqların həyat və fəaliyyətini davranış normalarına uyğun təşkil etməyi nəzərdə tutur. Dar mənada isə hər hansı bir hərəkəti, fəaliyyəti təkrar etdirib adət yaratmaq metodu kimi başa düşülür. Məsələn, direktorun otağına icazəsiz daxil olan uşağı geri qaytarıb qapini döydükdən sonar icəri girməyi tələb etmək bu cür təmrin metodudur. Məktəb təcrübəsində adətən, belə hallarda uşağı hər dəfə danlayır və ya ona nəsihət verirlər; o isə hər dəfə “bir d aha belə etmərəm” vədini verir və çox tezliklə vədini unudur. Təmrin metodu çox vaxt müxtəlif növ tapşırıqlar formasında ifadə olunur. Uşaqları dibçəklərə qulluq etməyə, növbətçilik işinə, geridə qalanlara köməyə, müəyyən tədbiri təşkil etməyə, kitabları təbliğ etməyə, müəyyən ictimai işlərə cəlb etmək olar. Şagirdləri müəyyən davranış və fəaliyyətdə təmrin etdirməyin mühüm bir vasitəsi də rejimdir.
6. Rejim insanın həyat və davranışını tənzim edən qaydaların məcmusudur. Uşağın günü rejimlə tənzim edildikdə o, müəyyən qaydalara tez alışır, onda davranış adətləri daha tez və asanlıqla yaranır. Rejimə öyrənən uşaq müəyyən müddətdən sonra heç bir xəbərdarlıq olmadan, bu və ya digər fəaliyyəti özü icra edir, vaxtında dərslərə hazırlaşır, açiq havada oynayır, sərbəst vaxtda sevdiyi işlə məşğul olur. Rejimsiz həyat sürən uşaq isə qaydasız gün keçirir, çox vaxt küçədə olur, valideynlərin təkidli tələblərinə baxmayaraq, ev tapşırıqlarını vaxtında yerinə yetirmir, evdə, məktəbdə və ictimai yerlərdə müəyyən davranış tərzinə alışa bilmir.