X MÖVZU: Məqsəd və intonasiyaya görə cümlənin növləri Plan: 1) Cümlə və onun əsas xüsusiyyəti
2) Nəqli cümlə
3) Sual cümləsi
4) Əmr cümləsi
5) Nida cümləsi
1. Dilin ən əsas və mənalı vahidi olan cümlə bitmiş bir fikri bildirir. Söz və söz birləşmələri dilin daxili qanunları əsasında həm məna, həm də qrammatik cəhətdən bir-biri ilə əlaqədə olaraq biri digərini aydınlaşdırır, izah edir. Beləliklə, cümlə və onun ifadə etdiyi əsas mahiyyət, məzmun yaranmış olur. Cümlənin əhəmiyyəti dildə çox böyükdür.Yəni başqa sözlə desək, cümlə dilin özüdür. Çünki cümlənin əmələ gəlməsində demək olar ki, dilçiliyin bütün sahələrinin tədqiq etdiyi dil faktlarının hamısı nəticə etibarı ilə cümlənin yaranmasına xidmət edir. Cümlədəki sözlər məna və qrammatik cəhətdən əlaqədə olur. Cümlədə predikativlik intonasiya ilə vəhdətdə olub, adətən, birlikdə çıxış edir. Cümlənin əmələ gəlməsində dilin bütün ünsürləri iştirak edir. Cümlə hər bir dilin qanunları əsasında qrammatik cəhətdən formalaşan nitq vahididir. Cümlə üçün 3 mühüm əlamət vacibdir: bitmə intonasiyası, predikativlik, modallıq. Bu üç əlamət vəhdət halında hər hansı bir fikrin ifadə edilməsində həlledici rol oynayır. Predikativlik sözlərin varlıq haqqında məlumat verməsi, onun təsdiq və inkar edilməsi, onlara münasibət bildirməsi ilə ölçülür. Predikativlik sözlərin cümlə daxilində müəyyən qayda ilə düzülüşündən və qrammmatik cəhətdən əlaqələnməsindən yaranır. Bunların yaranmasında modallıq, zaman və şəxs kateqoriyalari əsas rol oynayır. Bu kateqoriyalar vasitəsi ilə obyektiv gerçəkliyə münasibət ifadə edilir. Gerçəkliyin hansı zamanda və kim tərəfindən icra edilib- edilmədiyi əks olunur.
İntonasiya predikativliyi tamamlayan ikinci mühüm əlamətdir. Cümlənin yaranmasında, ünsiyyət prosesində intonasiya çox mühüm rol oynaylr. Bəzən elə hallar olur ki, öz-özlüyündə cümlə kimi formalaşmayan və predikativ münasibət bildirməyən hər hansı söz və ya söz birləşməsi intonasiya vasitəsi ilə cümləyə çevrilmiş olur və beləliklə, predikativ münasibət yaranmış olur: Məsələn, Axşamüstü. Bulaq başı. Mis səhəng. Üç gəlinin bir ağızdan gülməyi, Kəhər atın qanlı Kürü keçərək, Baş sallayıb ağır-ağır gəlməyi... (S.Vurğun)
Bənddəki birləşmələrin ayrılıqda predikativ münasibət bildirmədiyi aydındır, lakin mətn daxilində bu münasibət yaranmış olur. Deməli, burada cümləni yaradan 1-ci növbədə intonasiyadır. Cümləyə məxsus intonasiya mətndə cümlənin sərhədini, cümlənin harada başlayıb harada qurtardığını müəyyənləşdirir, cümlələri bir-biri ilə əlaqələndirir.
Xüsusi əhəmiyyətə malik olan modallıq isə cümlədə ifadə edilmiş fikrin həqiqətə münasibətini göstərir. Cümlədəki modallıq heç bir əlavə münasibət olmadan da yarana bilir və bu vaxt həqiqətə münasibət zəif olur. Məs..:Dan yeri söküldükcə irəliləyən qaraltıları daha aydın seçmək olurdu. (F.Kərimzadə) Xüsusi sözlər vasitəsi ilə cümlədəki modalığı daha qabarıq şəkildə ifadə etmək mümkündür. Məs.:Bəlkə, bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, dağ, salamat qal. (M.Araz).
Biz cümlələri modallığa görə təsnif edərkən ifadə məqsədini deyil, fikrin ifadə tərzini əsas götürməliyik. Yəni cümlədə söylənilən fikir nə şəkildə öz ifadəsini tapır: ehtimal olunurmu, qəti şəkildə söylənilirmi, zəruridirmi, vacibdirmi. Bu xüsusiyyətlərinə görə cümlələri modallığa görə 3 yerə bölmək olar: 1) həqiqi modallıq; 2) zəruriyyət modallığı; 3) ehtimali modallıq.
1. Həqiqi modallıq müəyyən bir iş, əşya, əlamət, keyfiyyət və s. haqqında keçmiş və indiki zaman dairəsində həqiqi məlumat verir. Həqiqi modallıqda hər hansı bir hadisə ya təsdiq, ya da inkar edilir: Mən insanam. İnsan yaradılmışların əşrəfidir. Həyat davam edir və
Misallardan da göründüyü kimi, həqiqi modallıq həm ismi, həm feli cümlələrlə ifadə olunur. İsmi cümlələrdə xəbərlik kateqoriyası, feli cümlələrdə zaman və şəkil kateqoriyaları modallığın qrammatik (morfoloji) ifadə vasitəsi kimi çıxış edir.
Həqiqi modallıq feli cümlələrdə xəbər şəklinin indiki və ya keçmiş zamanı ilə ifadə olunur.
Qeyri-qəti gələcəkli keçmiş zamanla ifadə edilmiş cümlələrdə o zaman real iş ifadə edilir ki, o, keçmişdə qeyri-müəyyən vaxtda icra edilmiş işi bildirir. Daha doğrusu, hadisələri hekayə və rəvayət etmə məqamında işlənir. Məs.: O ki tez durardı yuxudan səhər (S.V).
Zəruriyyət modallığı iş, əşya, əlamət, keyfiyyət haqqında söylənilən hökmün zəruri, vacib səciyyə daşıdığını göstərir. Bu modallıq əmr cümlələri, xəbəri felin vacib, qəti gələcək zamanları ilə ifadə olunan cümlələrlə ifadə olunur.
Xəbəri indiki zamanla ifadə olunan cümlələrdə hökm gələcək zaman mənasına malik olduqda belə cümlələrdə zəruriyyət modallığı ifadə edilir. Məs.: Bu dəqiqə gedirik.
Zəruriyyət modallığında fikrin həqiqiliyini, gerçəkliyini qəti şəkildə təsdiq edən modal sözlər (şəksiz, şübhəsiz, əlbəttə, həqiqətən, doğrudan (da), sözsüz və s.) xüsusi rol oynayır.
Ehtimali modallıq iş, əşya, əlamət, keyfiyyət haqqında, güman, təxmini şəkildə olan məlumatı bildirir. Bu modallıq xəbəri qeyri-qəti gələcək zamanla, felin lazım, arzu və şərt şəkli ilə, həmçinin yəqin ki, bəlkə (də), deyəsən, gərək (ki), olsun (ki), ola bilər (ki), ola bilsin (ki), ehtimal ki, çox güman ki və s. modal sözləri ilə ifadə edilir: İndi qurtararam... İndicə qurtararam (C.Cabbarlı). Mən sabah laboratoriyaya gələcək, sənin ilk tədqiq yekunlarını nəzərdən keçirəcəyəm (S.Rəhimov). Hərgah mənim işlərim əvvəlki kimi düzgün olsaydı, sənə əl tutardım (S.S.Axundov). Hələ bacarsam, sizə də kömək edərəm. Sənin kimi işçim ola, gündə bir ev tikərəm (S.Rəhimov). Ah, birdən anam dirilə (S.S.Axundov) və s.
Cümlələr fikrimizin, duyğu və düşüncələrimizin ifadəsi kimi işlədilir. Ya əşya və hadisələr haqqında, varlıq, zaman və məkan haqqında məlumat verilir, bunlar ya təsdiq, ya inkar edilir, başqa cümlələrdə isə hər hansı bir məsələ barəsində başqasından məlumat almaq məqsədi qarşıya qoyulur: digər cümlələrdə daxili hiss və duyğular, istək və arzular ifadə edilir. Cümlələrin başqa bir qrupunda isə işin icrası əmr, təhrik yolu ilə gördürülür. Cümlələrdə yürüdülən məqsədin belə dəyişkən olması həmin cümlələrin deyiliş xüsusiyyətini, intonasiyanı da dəyişir. Deməli, intonasiya məqsədə xidmət edir, başqa sözlə, intonasiya məqsədin göstəricisidir. Məqsəd və intonasiyaya görə cümlənin 4 növü var: nəqli, sual, əmr, nida. 2. Nəqli cümlə . Belə cümlələrdə müəyyən bir hadisə, əşya, əlamət və s. haqqında məlumat təsviri yolla verilərək, nəql edilir.Həmin məlumatlar ya təsdiq, ya inkar olunur. Hökmlər də əsasən nəqli cümlələrlə ifadə olunur. Nəqli cümlələr dilin ən kütləvi ünsiyyət vasitəsi olaraq, digər cümlə növlərindən daha çox işləkliyi ilə seçilir. Epik əsərlərin hamısında, lirik əsərlərin böyük qismində, söhbətlərdə, çıxışlarda, məktub və protokollarda, məqalə və izahatlarda və s. nəqli cümlələr əsas yer tutur. Nəqli cümlələrin ifadə vasitələri çox genişdir. Bu cümlələrin feli xəbərləri daha çox felin xəbər forması ilə ifadə olunur. Əmr formasından başqa, felin başqa formaları ilə, məsdərlə, feli sifətlə də ifadə oluna bilər. Xəbəri felin xəbər formasında olan nəqli cümlələrdə hal və hərəkətin hansı zamanda və hansı şəxs tərəfindən icra edilib-edilməməsi nəzərdə tutulursa, digər formalarda işin icra edilib-edilməməsi yox, vacibliyi, arzu olunduğu, lazımlılığı, bir işin icrasının müəyyən şərtlə bağlılığı haqqında məlumat verilir. Məs: Mən bu gün cavab verməliyəm (əsiyəm). Mən bu gün cavab verdim. Mən bu gün cavab versəm, qiymətim düzələr. Arzu forması iıə ifadə olunan nəqli cümlələrdə gərək sözünün işlədilməsi vacib sayılır. Əks təqdirdə uyğunsuzluq özünü göstərir. Məs :Mən bu gün gərək sizə gələm. Nəqli cümlələrin xəbəri adlarla da ifadə olunur və belə halda əşya səciyyələndirilir,onun mənsubiyyəti, vəziyyəti, miqdarı, əlaməti və s. xüsusiyyətləri verilir. Nəqli cümlələr adi danışıq tonu ilə verilir. Cümlənin müəyyən hissəsində intonasiya nisbətən yüksəlir, axına yaxın yenə də adi hala düşür və zəifləyir.Məntiqi vurğu hansı sözün üzərinə düşürsə, həmin söz daha yüksək tonla deyilir. Bir cümlədə bəzən bir neçə məntiqi vurğulu söz olur və onlar həmcinslik təşkil edir. Təsviri xarakterli nəqli cümlələrdə isə hansısa bir sözü ayrıca qeyd etməyə, diqqətə çatdırmağa ehtiyac duylmur. Məs: Qışın soyuq günlərindən biri idi. Şaxta qılınc kimi kəsirdi. Güclü külək şiddətlə yağan qarı sovurur, bir adımlıqdan qarşıdan gələnləri seçmək olmurdu. Nəqli cümlələr təktərkibli, cütərkibli, tabeli, tabesiz, müxtəsər, geniş ola bilər.