Adlıq hallı felı birləşmənin 1-ci tərəfi əsasən, isim, ya da əvəzliklə, ikinci tərəfi isə ən çox feli bağlama ilə ifadə olunur. Adlıq hallı feli birləşmə yaradan feli bağlamalar -dıqda4, -anda 2, -dıqca 4, -ınca 4, -kən , -ar-maz2 ,-madan2, -a-a, ə-ə , -ma(mış),-mə(miş) şəkilçiləri ilə yaranır və aparıcı rola malikdir. Məs: Sən güləndə güllər açır. Səhər açılmadan getmək lazımdır. Müəllim danışdıqca fikirlər aydınlaşırdı. Dərs baglanarkən sinifdəki uşaqlar yerlərini tutdular. Yuxarıda adlarını çəkdiyimiz feli bağlama şəkilçilərinin bir qrupu (-dıqda4, -kən, -anda2) feli birləşmə yaradarkən daha müstəqil olur, istər cümlə daxilində istərsə də cümlədən kənarda müstəqil olur, müstəqil söz birləşməsi kimi işlənir, bəziləri isə (-alı4,-ma(mış),-ar-maz, -ər-məz) formalı feli bağlamaların əmələ gətirdiyi feli birləşmələr isə zəif formalaşır, uyğunsuzluq özünü göstərir. Feli bağlamaların bir qrupu, əsasən -ıb4, -araq2 şəkilçiləri ilə formalaşan feli bağlamalar adlıq hallı feli birləşmə yarada bilmir. Məs.: 1) Səkinə utanıb başını aşağı saldı. 2) Müəllim gülərək Rizvana yenidən nəzər saldı. Adlıq hallı feli birləşmələrin yaranmasında feli sifətlər, qismən də məsdərlər iştirak edir. Məsələn, 1) Sən yaşayan evə gəlmərəm. 2) Qanadı qırılmış bir quş kimi qollarını sinəsində çarpazladı, çarəsiz baxışlarla ətrafı süzdü. 3) Sən getməklə işlər yoluna düşməz. Adlıq hallı feli birləşmə cümlə daxilində ayrılmır və cümlənin bir mürəkkəb üzvü olur. Təsirlik hallı feli birləşmələr Təsirlik hallı feli birləşmələrin məzmunu obyektlə hal-hərəkət arasında olan münasibətdən, əlaqədən yaranır. Bu münasibət zamanı feil özündən əvvəlki sözün ismin təsirlik halında olmasını tələb edir, yəni həmin sözü idarə edir. Təsirlik halında olan isim kimi?, nəyi?, haranı?, nə? suallarından birinə cavab verir. Obyektə olan təsirin dərəcəsi eyni olmur, ya bu təsir tam qabarıq şəkildə, ya qismən özünü göstərir, ya da təsir nəticəsində obyekt meydandan yox ola bilir. Məsələn, daş yonmaq, söz yazmaq, əlini sıxmaq, işığı söndürmək, sükutu pozan və s.
Bəzən də obyektə təsir zamanı yeni bir obyekt yaranır, obyekt yerini dəyişir: plan qurmaq, ev tikmək, körpü salmaq, kitabı vermək və s. Təsirlik hallı feli birləşmələrin birinci tərəfi ismin təsirlik halında olan adlarla ifadə olunur və iki yerə bölünür: müəyyən və qeyri-müəyyən təsirlik hallı feli firləşmələr. Qeyri-müəyyən təsirlik hallı feli birləşmənin ikinci tərəfi bir qayda olaraq, təsirli fel olur. Məs.: su içmək, təhsil almaq, tüfəng atmaq, gül satan və.s 1) Alman generalı, deyəsən, gül satan qızı yadına salmağa çalışırdı. Qeyri-müəyyən təsirlik hallı feli birləşmələrdə birinci tərəf heç bir şəkilçi qəbul etmir, həmişə ümumilik,qeyri-müəyyənlik bildirir. Müəyyən təsirlik hallı feli birləşmədə isə birinci tərəf (-ı4) şəkilçisi ilə formalaşır, konkretlik və müəyyənlik bildirir. Yəni üzərində iş icra edilən obyekt həm danışan, həm də dinləyən üçün məlumdur. Müəyyən təsirlik hallı feli birləşmələrin birinci tərəfinin ifadə vasitələri çox geniş olduğu halda, qeyri-müəyyən təsirlik hallı feli birləşmələrinin 1-ci tərəfinin ifadə vasitələri məhduddur. Müəyyən təsirlik hallı feli birləşmənin 1-ci tərəfi 2-ci və 3-cü növ təyini söz birləşmələri ilə ifadə olunur. Məs: 1) Payız fəslini duyan qaranquşlar yavaş-yavaş köç karvanına qoşulur. 2)Tələbənin cavabını dinləyən müəllim razılıq əlaməti olaraq başını tərpədirdi. Qeyri-müəyyən təsirlik hallı feli birləşmənin birinci tərəfi isə ancaq 2-ci növ təyini söz birləşməsi ilə ifadə olunur. Məsələn, 1) Oğul həsrəti yaşayan analar yenə də başlarını dik tutmuş, dərdlərini kimsəyə bildirməmişlər. 2) Çörək dərdi çəkən millətdə vətənpərvərlik duyğusu zəifləyər. 3) Tarix yazan qəhrəmanlar unudulmur... Müəyyənlik bildirən feli birləşmənin 1-ci tərəfi xüsusi isimlərlə, əvəzliklə, mənsubiyyət şəkilçili isimlərlə ifadə olunur: vətənini sevən, qızını görmək, bizi çağıran, səni düşündükcə, Tahiri gözləyəndə və s. Lakin qeyri-müəyyənlik bildirən feli birləşmənin 1-ci tərəfi nə xüsusi isimlərlə, nə əvəzliklə (nə sual əvəzliyindən başqa), nə də mənsubiyyət şəkilçili sözlərlə ifadə olunmur.
Qeyri-müəyyən təsirlik hallı feli birləşmənin tərəfləri həmişə yanaşı işlənir və arasına başqa söz daxil olmur. Məs.: kitab oxumaq, ağac əkmək, şer söyləmək və.s Lakin müəyyən təsirlik hallı feli birləşmələrin tərəfləri arasına söz daxil etmək mümkündür: tarixi yazanlar – tarixi başdan yazanlar; düşündüyünü söyləmək –düşündüyünü qorxmadan və açıq demək və s. Təsirlik hallı feli birləşmələrin hər iki növünə aid olan təyinedici sözlərlə münasibəti də diqqəti cəlb edən məsələlərdəndir. Müəyyən təsirlik hallı feli birləşmələrin təyinləri birinci tərəfə aid olur: bu şanlı tarixi yazanlar, sevən qəlblərin həyəcanını duyanda və s. Qeyri-müəyyənlik bildirən feli birləşmələrin təyinedici sözü isə bəzən birinci tərəfi izah edir, bəzən də ümumi birləşməni təyin edir: yeni dövlət qurmaq, başqa bir eşq yaşamaq, yeni bir əlaqə qurmaq, bu şeir yazan və s. Gətirdiyimiz nümunələrdən aydın oldu ki, tabe tərəfi təsirlik halda olan feli birləşmənin 2-ci tərəfləri, əsasən, təsirli fellərdən ibarət olur. Əsas tərəfin təsirli məsdər, feli sifət, feli bağlama ilə ifadə olunması təsirlik hallı feli birləşmələrin əsas xüsusiyyətidir.Lakin bu birləşmələrin 2-ci tərəfində təsirsiz fellərin də iştirakına rast gəlmək mümkündür. Məs: çayı keçmək, çölü-çəməni gəzmək, dagı aşmaq, həyət-bacanı dolanmaq və.s Təsirlik hallı feli birləşmələrin tərəfləri arasında aşağıdakı məna münasibəti var: 1) Obyekt: Birinci tərəf üzərində iş icra olunan obyekti bildirir. Məs. :at sürmək, məktub yazmaq; 2) 1-ci tərəf ikinci tərəfdə ifadə olunan hərəkətin hansı zamana aid olduğunu bildirir. Məs: Bütün gecəni şiddətlə yağan yağış səhərə yaxın ara verdi ( Bu cümlədə əslində zaman məzmunu yaradan gecə leksik vahididir)