Komponentlərin tərtibindəki paralellik. Mürəkkəb cümlənin komponentlərində cümlə üzvləri eyni tərkibdə, eyni ardıcıllıqla tərtib olunur ki, bu da tərkib hissələri əlaqələndirən mühüm vasitələrdən biridir. Paralellik daha çox atalar sözü və məsəllərdə özünü qabarıq şəkildə büruzə verir. Məsələn, Söymə nökər atama, söyməyim bəy atana. Lələ köçüb, yurdu qan ağlayır. Artıq tamah daş yarar, dağ qayıdar baş yarar. Aləm dəyişər, ana dəyişməz. Ana uşağına aş gətirər, analıq yaş. Arvad ar gətirər, kişi var. Qış dumanı qar gətirər, yaz dumanı bar və s.
Qeyd etdik ki, tərəflərin paralelliyi onlar arasındakı əlaqələni şərtləndirən mühüm vasitələrdəndir. Belə vasitələrin içərisində bəzi işarə əvəzlikləri (o, bu, orada, burada, onda, bunda və s.) xüsusi əhəmiyyət daşıyır. Məsələn, Son vaxtlar əmim arvadı mənə çox iş tapşırırdı, mən isə bundan razı qalırdım (B.Bayramov). Belə cümlələrdə işlənmiş əvəzliklərin funksiyası özündən əvvəl deyilmiş sözə işarə etməkdir. Yəni verilmiş cümlədəki iş sözü ikinci komponentdə təkrar edilmir, onun əvəzinə işarə əvəzliyi işlədilir, məzmunu da aydındır. Lakin tabeli mürəkkəb cümlələrdə (baş cümlələrdə) işlədilən əvəzlik-qəlib və qarşılıq sözlərin məzmununu budaq cümlə açır, izah edir. Həm də baş cümlələrdə işlənmiş əvəzliklərin böyük bir qismi budaq cümlənin növünü asanlıqla müəyyənləşdirir.
Komponentlərin əlaqələnməsində mənsubiyyət şəkilçilərinin də mühüm rolu vardır. Məsələn, Qəzəb və nifrətdən Gəray bəyin gözləri hədəqədən çıxmış, ağzı əyilmişdi.
Bütün bu məlumatlardan bir daha aydın olur ki, tabesiz mürəkkəb cümlənin komponentləri arasında tabesizlik bağlayıcılarının, ortaq elementlərin, zaman uyuşmasının, komponentlərin tərtibindəki paralelliyin, işarə əvəzlikləri və mənsubiyyət şəkilçilərinin müstəsna əhəmiyyəti olsa da, intonasiya, sıralanma və bağlayıcılar mütləq xarakter daşıyır.
XV Mövzu: Tabeli mürəkkəb cümlə. Baş və budaq cümlə və növləri PLAN:
1)Tabeli və tabesiz mürəkkəb cümlənin fərqi 2) Baş və budaq cümlələr 3) Tabeli mürəkkəb cümlənin tərkib hissələrini bağlayan vasitələr 4) Mübtəda budaq cümləsi 5) Xəbər budaq cümləsi 6) Tamamlıq budaq cümləsi
7) Təyin budaq cümləsi
8) Zərflik budaq cümləsi
Tabeli mürəkkəb cümlənin kompenentlərindən biri digərinə tabelilik prinsipi əsasında bağlanır. Ona görə də tabeli mürəkkəb cümləyə belə bir tərif vermək olar: Tərkibindəki sadə cümlələrdən biri digərinə tabe olan mürəkkəb cümləyə tabeli mürəkkəb cümlə deyilir. Məsələn, 1. İnstitutda nizam-intizam möhkəm olarsa, dərs keyfiyəti də yüksək olar. 2.Gəldim ki, verəm qəlbinə nuri-həqiqət. 3) O zaman ki gəldim sizə, Mail oldum ala gözə (A . Ə ). Birinci cümlədə 2-ci tərkib hissə müstəqil, 1-ci tərkib hissə isə aslıdır, müstəqil cümlədə ifadə edilmiş fikrin mümkünlüyünü müəyyən bir şərtlə bağlayır. İkinci cümlədə 1-ci tərkib hissə müstəqil, 2-ci tərkib hissə isə aslıdır, müstəqil cümlədə ifadə olunan fikrin məqsədini aydınlaşdırır. Üçüncü cümlədəki tabeli mürəkkəb cümlənin 1-ci kompenenti asılıdır, 2-ci kompenentdə buraxılmış zamanı bildirir. Düzdür, tabeli mürəkkəb cümlələrdə “müstəqil cümlə ‘’ anlayışını işlədirik. Əslində bu müstəqilliyin özündə bir şərtlilik var, tam müstəqillik yoxdur, çünki bu tərkib hissələr cümlə formasına malik olsalar da, ayrı -ayrılıqda bitmə intonasiyasina malik deyil, birlikdə cümlənin vahid, ümumi bitmə intonasiyasina daxildir. Bu baxımdan həm tabesiz, həm də tabeli mürəkkəb cümlələrdə fərq yoxdur. Lakin tərkib hissələrinin əlaqələnməsində bir sıra fərqlər var: 1) Tabesiz mürəkkəb cümlənin kompenentləri bərabərhüquqluq əsasında, tabeli mürəkkəb cümlənin kompenentləri isə tabelilik prinsipi əsasinda əlaqələnir. 2) Tabeli mürəkkəb cümlənin tərəfləri arasinda tabelilik, tabesiz mürəkkəb cümlənin tərəfləri arasında tabesizlik bağlayıcıları işlənir. 3) Tabesiz mürəkkəb cümlənin əksəriyyəti bağlayıcısız, intonasiya ilə qurulduğu halda , tabeli mürəkkəb cümlə isə bağlayıcılarla bağlanır. 4) Tabeli mürəkkəb cümləni bağlayan vasitələr daha çoxdur, yəni tabelilik bağlayıcılarından əlavə, sintetik tipli, sintetik –analtik tipli vasitələrdən , nisbi əvəzliklərdən də istifadə edilir . Lakin bu fərqlərlə bərabər, mürəkkəb cümlənin hər iki növü arasında yaxınlıqda mövcuddur. Aşağıdakı cümləyə nəzər salaq: 1) Düzdür, Zərnigar xanım olanlarla zahirən barışmışdır, ancaq oğlu Şamxal acıq edərək evdən getmişdi. 2) Zərnigar xanım olanlarla zahirən barışmadı , ancaq oğlu Şamxal acıq edərək evdən getmişdi. Bu cümlələrdən birincisi tabeli, ikincisi tabesiz mürəkkəb cümlədir. Hər ikisi ancaq bağlayıcısı ilə bağlanmışdır. Əslində bu bağlayıcı tabesiz mürəkkəb cümlənin əlamətidir. Deməli, qarşılaşdırma budaq cümləsi tabesiz mürəkkəb cümlənin qarşılaşdırma əlaqəli məna növündən ayrılmısdır.