1. Tabesizlik bağlayıcıları həmcins üzvləri və tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bir-birinə bağlayır. Əsasən, bu bağlayıcılardan asılı olaraq, tabesiz mürəkkəb cümlənin məna növləri formalaşır. Tabesizlik bağlayıcıları tabesizlik əlaqəsinin də göstəricisidir.
Tabesizlik bağlayıcıları aşağıdakılardır:
1) Birləşdirmə:və, ilə (-la,-lə) bağlayıcıları. Bu bağlayıcılar həm həmcins üzvlər, həm də tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında əlaqə yaradır. Həmçinin mətnin komponentlərini bir-birinə bağlayır. Məs.: İndi Fatma nənəm belə deyəndə gözlərim doldu və mən bağa qaçdım. (İ. Ə.) Damarları çıxmış quru və kobud əlini onun sinəsinə qoydu. (İ. Ə.) Arvadı Fatma xanımla qızı Yaqutu götürüb gəldi Qarabulaq şəhərinə. (İ. Ə.) Belə suallar məni getdikcə yalnız atamdan deyil, hamıdan uzaqlaşdırırdı və mən daima kədərli olurdum. (İ. Ə.) Xanmuradla dayım başlarına gələn macəralardan şirin-şirin danışır, obanın cavanları da böyük maraqla qulaq asırdılar (İ. Ə.)
Və bağlayıcısı klassik ədəbiyyatımızda vü, -u, -ü şəklində işlək olmuşdur. Məs.: Qış getdi, yenə bahar gəldi, Gül bitdivü laləzar gəldi. (Ş. İ. X) Qizilgül, bağu bustanım, nə dersən?! (Ş. İ. X.)
(İlə bağlayıcısı mürəkkəb cümlənin komponentlərini bağlamır).
2) Qarşılaşdırma: amma, ancaq, lakin, fəqət, isə, halbuki. Bu bağlayıcılar da həmcins üzvlər, tabesiz mürəkkəb cümlənin tərkib hissələri və mətnin komponentləri arasında əlaqə yaratmaqla ziddiyyət, qarşılaşdırma mənaları yaradır. Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlənin komponentləri, əsasən, bu bağlayıcılarla bağlanır. Məs.: Kişilər gedib meşələri, çölləri qarış-qarış gəzdilər ki, bəlkə, babamdan bir əsər-əlamət tapsınlar, amma heç nə tapmadılar. (İ. Ə.) Titrək dodaqlarla məni anırsan, Yanırsan, yanırsan, ana, yanırsan! Lakin mənim düşdüyüm fırtınalar, boranlar, Mehrablarda əks edən dualardan nə anlar?! (A. İ.) Dayım güllələyir, atlılar isə buna əhəmiyyət verməyərək toz qopara-qopara o yandan bəri çapdılar. (İ.Ə.) Nə elədiklərini aydın seçə bilmirdilər. Ancaq gördük ki, dayıma tərəf üç dəfə yaylım atəşi açdılar. (İ. Ə.) Qaçaq Xanmurad atlanıb yoldaşları ilə getdi, lakin mən bütün yol boyu onun haqqında düşünürdüm. (İ. Ə.)
Klassik ədəbiyyatımızda ərəb mənşəli leyk, və leyk, vəli, fəqət qarşılaşdırma bağlayıcıları çox işlək olmuşdur. Məs.: Həsənoğlu gərçi sənə duaçıdır, vəli sadiq, Nə sadiq? Sadiqi-bəndə? Nə bəndə? Bəndeyi-çakər. (İ. H.) Istərəm ölməyi mən, leyk qaçır məndən əcəl. (M.Ə.S.)
Qarşılaşdırma bağlayıcıları tabeli mürəkkəb cümlələrdə (qarşılaşdırma budaq cümləsində) baş cümlənin əvvəlində də gəlir. Məs.: Doğrudur, atam mənə böyüklərin söhbətinə qulaq asmamağı dəfələrlə demişdi, lakin mən xəlvətcə o biri otağa keçib, qulağımı açar yerinə dirəyərək yenə də qulaq asmağa başladım. (İ. Ə.)