Birgəlik, iştirak məzmunu yaradan qoşmalar: ilə (-la, -lə). Bu qoşmalar ismin adlıq halında olan sözlərə qoşulur və bir çox semantik çalar yaradır: a) müstəqim obyekt məzmunu yaradır: Qapına gəlim əql ilə, ya divanə, gülüm (N. G.) Qarşıda qalın meşəsi ilə, buz kimi sərin bulaqları ilə məşhur olan Yaşıl dağ dururdu (“Az. əfsanələri”); b) vasitə obyekti məzmunu bildirir: Vaqif düşüncəli gözləri ilə günəşin qarşısını gah kəsib, gah çəkilən buludlara tamaşa edirdi (Y.V.Ç.); c) məkan obyekti məzmunu bildirir: Gələndə dəniz kənarı ilə gəl; ç) tərz bildirir: Ovladılar dovşanı tədbir ilə (A..S.); d) birgəlik, iştirak məzmunu yaradır: Ey müsəlmanlar, bilin kim, yar ilə xoşdur cahan! (İ.N.)
İlə qoşması yiyəlik halda olan əvəzliklərə qoşularaq birgəlik, iştirak məzmunu yaradır.
Səbəb və məqsəd məzmunu yaradan qoşmalar: üçün, ötrü, görə, üstündə. Üçün qoşması adlıq halda olan isim, ismi birləşmə, feli sifət və feli sifət tərkiblərinə, yiyəlik halda olan əvəzliklərə, ötrü qoşması çıxışlıq halda olan sözlərə, görə qoşması yönlük halda işlənən sözlərə, üstündə qoşması yiyəlik halda olan sözlərə qoşulur. Görə qoşmasının yaratdığı məzmun yalnız səbəb mənası ilə məhdudlaşmır, onun semantik çaları daha genişdir: uyğunluq, müvafiqlik bildirir: Hər kəs öz düşüncəsinə görə nə bilir, onu da danışır; mənbə, istinad bildirir: Əfsanəyə görə, Ağrı və Qarnıyarıq dağları əvvəllər iki qardaş idi (“Az. əfsanələri”); Nisbət bildirir: Arvadına görə çox cavan görünürdü. Digər nümunələrə də nəzər yetirək: Girdim bağa nar üçün,Heyva dərdim yar üçün. Analar qız bəsləmiş İgid oğlanlar üçün. (Bayatı) Nə fəttansan ki, cümlə səndən ötrü, Cahan ucdan-uca qovğayə düşmüş. (İ. N.) Su gəlir məndən ötrü, Axır çəməndən ötrü. Mən hara, dağ-daş hara, Gəzirəm səndən ötrü. (Bayatı)
Aidlik, məxsusluq məzmunu yaradan qoşmalar: aid, dair, məxsus. Bu qoşmalar ismin yönlük halında olan sözlərə qoşulur. Məs.: Daxili gözəlliyə məxsus nə qədər keyfiyyətlər var idisə, hamısı bu zərif qadında birləşmişdi. Mənə aid nə qulluğunuz var, atayi-mehribanım? (F.Xoşginabi) Müqavilənin bağlanmasına aid sənədlər çanta ilə birlikdə yoxa çıxmışdı.