I 1) Həmcins mübtədalardan biri I (mən, biz), digəri II (sən, siz ) şəxs əvəzliyi ilə ifadə edilirsə, xəbər I (cəm də ) olur: Mən və siz ona yardım etməliyik.
2) Həmcins mübtədalardan biri II (sən, siz), digəri III (o, onlar) şəxs əvəzliyi ilə və ya isimlə ifadə edilibsə, xəbər II şəxsin cəmi ilə uzlaşır: Siz də, Vasya da bu barədə səhv edirsiniz.
3) Həmcins mübtədalar ancaq III şəxsə aiddirsə, xəbər onlarla şəxsə görə həmişə uzlaşır, kəmiyyətə görə uzlaşma isə möhkəm deyil. Əgər tabe edən sözlərin ifadə etdiyi əşyalar, şəxslər eyni zamanda, eyni məkanda və bir-biri ilə əlaqəli şəkildə verilirsə, bu halda tabe söz çox vaxt kəmiyyətə görə əsas sözlə uzlaşır. Məsələn, Sevil də, Maqsud müəllim də, Solmaz da, Şiraslan da bir qədər kənara çəkilib, qıraqdan qorxa-qorxa Əmiraslan babaya tamaşa etməyə başladılar.
Əgər əşya və hadisələr eyni məkan, eyni zaman daxilində və əlaqəli şəkildə götürülməzsə, bu vaxt tabe söz əsas sözlə uzlaşmır. Məsələn, Fars da, türk də, ərəb də bu qanlı çarpışmadan, bu uğursuz savaşdan cana doymuşdu.
4) Əgər həmcins mübtədalar cansız varlıqların adlarını ifadə edərsə, xəbər mübtədanın kəmiyyətindən asılı olmayaraq həmişə təkdə olur: Kənddə radio qovşağı, klub, kitabxana, məktəb və mədəniyyət evi tikilmişdi.
5) Həmcins mübtədalar heyvan anlayışını bildirirsə, xəbər tək olur: Atlar, öküzlər kotana güc verir, Gah yeriyir, gah yıxılır, gah durur (M.Ə.Sabir).
II1) Həmcins xəbərlərin hamısı şəxsə və kəmiyyətə görə eyni dərəcədə uzlaşır. Məsələn, Mən heç bir şeydən qorxmamışam və qaçmamışam.
2) Həmcins xəbərlərdən ancaq axırıncısı mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşır. Bu aşağıdakı hallarda baş verir: a) Əgər xəbərlərdə ixtisar aparılarsa; b) tabe sözlər -ıb4,-araq2 şəkilçili feli bağlamalarla əvəz olunarsa; c) tabe sözlər deyil (yox) sözləri ilə ifadə olunarsa. Məsələn, 1) Atlar cilovlarını gəmirir, ayaqlarını irəli uzadır, quyruqlarını yana sallayırdılar. 2) Onlar səkiyə deyil, tramvay dayanan yerə tərəf irəlilədilər. 3) S.Vurğun texnikumu bitirib(ərək), Qubada müəllim işlədi.
Həmcins ismi xəbərli cümlələrdə də əvvəlki xəbərlərdə ixtisarlar aparılır. Məsələn, Ulduzların işığı anasının səsi kimi mehriban və istidir.
İdarə əlaqəsi. İdarə əlaqəsi tabelilik əlaqəsinin elə formasıdır ki, burada qrammatik cəhətdən tabeedici sözün tələbi əsasında tabe söz müəyyən hallara düşür. Azərbaycan dilində idarə əlaqəsi, əsasən, hal şəkilçisi vasitəsilə yaradılır. Dilimizdə idarə əlaqəsi ilə düzələn birləşmələrdə tabe tərəf hal şəkilçiləri qəbul edən hər hansı bir nitq hissəsi ilə ifadə oluna bilər. Buraya substantivləşmiş sözlər də daxildir. Birləşmənin tabeedici, idarəedici tərəfi isə, əsasən təsriflənən feil, feli sifət, feli bağlama, məsdər və qoşmadan ibarət olur. Dilimizdə bir sıra isim, sifət, say, əvəzlik və zərflər də idarəetmə xüsusiyyətinə malikdir. Bunların içərisində feil və qoşmalarla idarə daha geniş yayılmışdır. Azərbaycan dilində digər sintaktik əlaqə üsullarına nisbətən idarə daha geniş sahəni əhatə edir. Cümlədə sözlərin və söz birləşmələrinin bir-birinə bağlanmasında idarə əlaqəsi mühüm rol oynayır. Çünki idarəedici sözlər cümlədəki digər sözlərin əksəriyyətini öz ətrafına toplaya bilmək qabiliyyətinə malikdir.
Azərbaycan dilində əksər hallar idarə əlaqəsində iştirak edir. Bunlardan yerlik hal digər hallara nisbətən zəif idarə olunur. Adlıq hal yalnız qoşmalarla işlənir. Yiyəlik hal isə isim, əvəzlik, məsdər və substantivləşmiş hər hansı bir sözün tələbinə görə dəyişir. İsmin yönlük, yerlik və çıxışlıq halları, əsasən, feil və felin formaları ilə əlaqəyə girdiyi kimi, isim, sifət və sayların tələbinə görə də dəyişə bilər. Yiyəlik, yönlük və çıxışlıq hallar həm də qoşmalarla idarə olunur.Təsirlik hal isə ancaq feillə əlaqəyə girir. Məsələn, kitabı almaq; kitaba baxmaq; evdə oturmaq ; məktəbdən gəlmək; insana hörmət; insanın taleyi; uşağın oxumağı; üzündə kədər; ağıldan kəm; hamıdan tez; tələbələrin hamısı; kəndin yuxarısı; mənim oxuduğum; evə qədər(kimi, -dək, -cən); sənin kimi (qədər, tək); sənə görə, aid, məxsus; səndən qabaq (əvvəl, sonra, ötrü və s.)
Yanaşma əlaqəsi. Bu əlaqə sintaktik əlaqənin ən sadə formasıdır və heç bir formal əlamətdən istifadə edilmədən yaranır. Tabe söz əsas sözə yanaşıb onu müxtəlif cəhətdən izah edir, aydınlaşdırır. Yanaşma əlaqəsində tabeedici tərəf tabe tərəfi özündən asılı edərək onu heç bir dəyişikliyə uğramağa qoymur, özü isə yeri gələndə başqa sözlərlə əlaqəyə girir və dəyişir. Dilimizdə elə birləşmələr vardır ki, burada bir tabeedici sözün bir neçə yanaşan tabe sözü olur və yaxud əksinə. Məsələn, 1) Tozlu, tutqun, kəsif hava xəstənin halını da ağırlaşdırırdı. 2) Gələn qoca, cavan, uşaq və qadınlar dinməzcə bir tərəfdə oturdular. Gələn-qoca,cavan, uşaq, qadın. Yanaşma əlaqəsi tam və natamam ola bilər. Tam yanaşmada əlaqədə olan sözlər arasına heç bir söz daxil olmur, ya da elə söz daxil ola bilər ki, onlar da tabeedici sözlə əlaqə saxlasın. Məs.: Aşıq, nə durubsan? Bəs şəhərə bir cavan aşıq gəlibdi, daş mehmanxananın çayçısında gəlib-gedənə meydan oxuyur (Azərbaycan ədəbiyyatı inciləri). Və yaxud gözəl bağlar, gəzməli və yaşamalı yerlər və s. Tam olmayan yanaşmada tərəflər arasına söz daxil olur: Axşam Misirdən gələn qonaqları Qobustan muzeyinə aparacağıq. Müasir Azərbaycan dilində yanaşma əlaqəsinin iki növü var. 1) Təyinin yanaşması; 2) Zərfliyin yanaşması. Məsələn, 1) Al-yaşıl geyinmiş uca (təyin) dağların, Qartallı qoynundan uzaqlaşmışam; 2) Axşamüstü qoy uzaqdan havalansın Xanın səsi, “Qarabağın şikəstəsi” (axşamüstü havalansın – zərflik).(S.V.)