Vasitəsiz tamamlıqlar. Bu tip tamamlıqlarda iş və hərəkətin obyektə olan təsiri vasitəsiz olaraq, birbaşa əşyada öz ifadəsini tapır. Bu təsir nəticəsində üzərində iş icra edilən obyekt ya qismən dəyişikliyə uğrayır, ya yeni yaranır, ya da yer və vəziyyət dəyişikliyinə uğrayır. Vasitəsiz tamamlıq təsirlik halda olan isim və substantivləşmiş nitq hissələri ilə ifadə olunub, bir qayda olaraq, təsirli fellərlə ifadə edilən xəbərlərin mənasını tamamlayır, kimi? nəyi?, nə?, haranı? suallarından birinə cavab verir. Vasitəsiz tamamlıqlar təsirlik halın hər iki növü ilə ifadə olunduğundan müəyyən və qeyri-müəyyən vasitəsiz tamamlıq olaraq iki yerə bölünür. Müəyyən vasitəsiz tamamlıq ismin müəyyən təsirlik halı ilə ifadə olunur, kimi?, nəyi?, haranı? suallarından birinə cavab verir, üzərində iş icra edilən əşya qabaqcadan müəyyənləşir. Bu tipli vasitəsiz tamamlıqlar xüsusi isimlər, şəxs əvəzlikləri, kim sual əvəzliyi, substantivləşmiş işarə əvəzlikləri, sifətlər, feli sifətlər, III növ təyini söz birləşmələri ilə ifadə olunur. Qeyri-müəyyən vasitəsiz tamamlıqlar isə şəkiçisiz işlənir, yəni qeyri-müəyyən təsirlik halla ifadə olunur, üzərində iş icra edilən əşya konkret şəkildə müəyyənllik bildirmir. Şəkilçisiz işləndiyinə görə ismin adlıq halı ilə zahirən eyniyyət təşkil edir, ancaq mənaca tamamilə başqadir. İsmin adlıq halı hökmün sahibini, yaxud işi icra edəni bildirərək, cümlədə mübtəda olursa, qeyri-müəyyən təsirlik hal hərəkətin əşyaya olan təsirini aydınlaşdırıb, cümlənin vasitəsiz tamamlığı vəzifəsində çıxış edir. Məsələn, Kitab alındı. Kitab aldım.
Qeyri-müəyyən vasitəsiz tamamlıqlar ümumi isimlərlə, II növ təyini söz birləşməsi ilə, bəzən də heç nə əvəzliyi ilə ifadə olunur. Məsələn, 1) Şairəm, çünki vəzifəm budur əşar yazım. 2) Bir sən ol, bir mən, bir uçuq kaha, Heç nə istəmirəm taledən daha. 3) Balacanın gözlərində həyat işığı gördüm. Vasitəsiz tamamlıqların məna xüsusiyyətləri: 1. Nəticə obyekti bildirən vasitəsiz tamamlıqlar: Bu tamamlıqlar hərəkətin təsiri nəticəsində yaranır. Məsələn, Topal Teymur Təbrizi işğal edəndə insan kəllələrindən bir qala tikdirdi, ən yuxarısına da yanaqlarında göz yaşı donan Təbriz gözəlinin başını qoydurdu.
2. Tam dəyişikliyə uğrayan vasitəsiz tamamlıqlar: Hərəkətin təsirindən əvvəl mövcud olan belə tamamlıqlar işin, hal və hərəkətin təsiri ilə tam dəyişikliyə uğrayır. Məsələn, 1) Xanın fərraşları qoca qarının komasını yerlə yeksan etdilər. 2) Rasim Kamil məllimin yasəmən agacında qaranquş balası üçün tikdiyi yuvanı uçurdu.