Pedaqoji professionallıq etikası formalaşdırılmasının mənbələri və proqramları.
Yüksək əxlaqi – etik mədəniyyətə malik pedaqoq hazırlanması üçün yalnız ümumi pedaqogika kursları və pedaqoji ustalıq, pedaqoji texnika üzrə praktik kurslar keçmək kifayət deyildir. Çünki gələcək müəllimin şəxsiyyətinin əxlaqi baxımdan yenidən istiqamətləndirilməsi üçün həmin fənlərin imkanları azdır. Gələcək müəllimlərin professional hazırlığının formalaşdırılmasına başlanma dövründə isə onlar artıq müəyyən əxlaq normalarına, qaydalarına artıq yiyələnmiş olurlar. Əgər bu keyfiyyətlər müasir pedaqoqun əxlaqi-etik hazırlığına uyğun deyillərsə, onları mütləq dəyişdirmək lazımdır.
Pedaqoji etika gələcək müəllimlərdə əxlaqi hisslər formalaşdırmaq imkanlarına malikdir. Xüsusilə, nikbinlik prinsipindən istifadə etməklə tələbənin öz müsbət keyfiyyətlərini duymağa, ona inanmağa imkan verən metodikalar hazırlamaq mümkündür. Burada belə bir məsələ diqqətdə saxlanılmalıdır ki, əxlaqi kateqoriyaların müəyyən edilməsi və şüurlu surətdə mənimsənilməsi əslində uşaqlıq dövründə baş verir. Buna görə də praktik məşğələlər zamanı şüuraltı yaddaş mexanizmlərini aktivləşdirmək lazımdır.
Şəxsiyyətin əxlaqi baxımdan yenidən proqramlaşdırılması vəzifələri bunlardır:
əxlaqi seçim qabiliyyətini emosional qiymətləndirmə əsasında inkişaf etdirmək: uşaqlara münasibətdə xeyir və şər anlayışlarının dərki;
qarşılıqlı yardıma tələbat formalaşdırmaq (treninqlər sistemi, uşağa kömək);
uşaqları ünsiyyətdə bərabərlik hissinə alışdırmaq.
Müasir müəllimin etik ehkamları.
Müasir müəllimin pedaqoji prosesdə rəhbər tutacağı bir sıra yolları, qaydaları, prinsipləri, onlara əməl edilməsini zəruri saydığımızdan “ehkam” adlandırırıq. Bu, o demək deyildir ki, “ehkamlar”ın əzbərlənməsi və onlara əməl edilməsi tam uğur qazanmağın qarantıdır. Pedaqoji proses bir çox məlum (və naməlum) obyektiv və subyektiv amillərin təsiri altında olduğundan eyni prinsipin tətbiqi müxtəlif şəraitlərdə fərqli nəticələr verə bilər. Amma hər bir müəllim bu ehkamları, qaydaları rəhbərliyə alıb, onları yaradıcılıqla tətbiq etsə, pedaqoji işin səmərəsini, keyfiyyətini artırmış olar. Həmin ehkamlar bunlardır:
müəllimin öz şagirdlərinin əhval – ruhiyyəsini başa düşməsi (sevinc, kədər və s.);
başqalarının çatışmazlıqları barədə onları məsxərəyə qoymadan, özünü ondan üstün tutub, əxlaq dərsi keçmədən danışmaq bacarığı;
düzgün olmayan hərəkətinə, münasibətinə, səhvinə görə üzr istəməyi bacarmaq.
Müasir müəllimin əməl etməli olduğu etik “ehkamlar”, “Müəllimlərin etik davranış qaydaları”nda, “Etik davranış prinsipləri və onlara uyğun tələblər” başlığı altında bu cür ümumiləşdirilmişdir:
Müəllim peşə fəaliyyətində aşağıdakı etik davranış prinsiplərini gözləməli və müvafiq tələblərə ciddi şəkildə əməl etməlidir: