Mənəviyyat – insanın qəbul etdiyi, bəyəndiyi etik dəyərlərin sistemidir. Mənəviyyat – ictimai münasibətlərin, insanların ən müxtəlif sosial şəraitlərdə ünsiyyəti və davranışını nizamlayan zəruri qaydalardır. Mənəvi normalar öz ideya ifadəsini özünü cəmiyyətdə necə aparmaq haqda təsəvvürlərdən, qanunlardan, prinsiplərdən alır. Mənəvi normaların xüsusiyyətlər bunlardır:
onlar universal, bəşəri xarakter daşıyır və ən müxtəlif həyati situasiyalarda tətbiq edilə bilir:
onlar ictimai rəyin nüfuzuna və ayrıca bir insanın əxlaqi inamına əsaslanır.
Əxlaq - insanın fərdi davranışını nizamlayan, dünyagörüşü və əqidəyə əsaslanan, qəlbən qəbul edilən ictimai mənəviyyatdır. Əxlaqlılıq – cəmiyyət tərəfindən qəbul edilmiş davranış qaydalarına şüurlu şəkildə əməl edilməsidir.
Əxlaqi mədəniyyət – insanın daxili və xarici mədəniyyətinin birliyidir. Əxlaqi mədəniyyəti təşkil edən elementlərdən biri etiketdir.
Etiket – hər hansı bir yerdə qəbul edilmiş davranış qaydalarıdır. Etiket insanlara münasibətin xarici təzahürünə aid davranış qaydalarının məcmuyudur. Etiket nəzakətin ümumi tələbləri ilə üst-üst düşür. Buradan da danışıq etiketi – müəyyən cəmiyyətdə qəbul edilmiş danışıq qaydalarına əməl etməkdir.
Etiketin müəyyən funksiyaları vardır: rütbəyə, sülaləyə, təbəqəyə, nəslin aliliyinə, mal varlığına, mənsəbə görə fərqləndirmə.
Etiket qaydalarının iki tərəfi olur: mənəvi-etik və estetik. Mənəvi-etik tərəf əxlaqi normanın ifadəsidir. Estetik tərəf – davranış formasının zərifliyini, gözəlliyini əhatə edir. Etiket normalarına əməl etməyə aşağıdakı keyfiyyətlərin təzahürü aiddir: nəzakət, diqqətlilik, taktiki davranış, xeyirxahlıq, səbirlilik – təmkin.
Pedaqoji etika elm sahəsi kimi.
Pedaqoji etika etika elminin tərkib hissəsi olub, əxlaqın vahid pedaqoji proses şəraitində təzahür xüsusiyyətlərini əks etdirir. Pedaqoji etika müəllim fəaliyyətinin müxtəlif əxlaqi aspektləri haqqında elmdir. Pedaqoji etikanın xarakterik xüsusiyyətlərindən biri odur ki, müəllimin təsir obyekti çox kövrək, dinamik keyfiyyətlər daşıyan uşaqdır. Buna görə də o, çox həssas, məsuliyyətli və incə taktiki münasibət göstərməyə məcburdur.
Pedaqoji etikanın predmetini pedaqoqun şüurunda, davranışında, fəaliyyət və münasibətlərində təzahür edən mənəvi qanunauyğunluqlar təşkil edir.
Pedaqoji etika empirik – təsviri, nəzəri-fəlsəfi və normativ funksiyaları həyata keçirir.
Pedaqoji etikanın əsas vəzifələri:
pedaqoji mərifətin metodoloji problemləri, mahiyyəti, kateqoriyaları və xüsusiyyətlərinin araşdırılması;
pedaqoji əməyin əxlaqi aspektlərini pedaqoji fəaliyyətin xüsusi növü kimi araşdırmaq;
müəllimin əxlaqına verilən tələbləri müəyyən etmək;
müəllimin fərdi əxlaqi şüurunun mahiyyətini və xüsusiyyətlərini öyrənmək;
müəllimlə şagirdlərin əxlaqi münasibətlərinin xarakterini tədqiq etmək;
müəllimin əxlaqi tərbiyəsi və özünütərbiyəsi məsələlərini işləyib hazırlamaq.
Pedaqoji etikanın tədqiqat metodları ümumelmi metodlarla eynidir: nəzəri təhlil və tərkib, müşahidə və eksperiment, anketləşdirmə, sosiometriya və s.